Yüklənir...

Hamilə qadınlarda şişlər

Hamilə qadınlarda şişlər

Hamilə qadınlarda şişlər

Onlar nə dərəcədə təhlükəlidir və nə etmək lazımdır?

80%-a qədər qadınlarda hamiləlik zamanı şişlər yaranır. Məhz buna görə bu cür problemlər yaşayan bir çox gələcək analar narahatçılığa heç bir səbəb görmürlər. Əksər hallarda narahtçılığa doğrudan da heç bir səbəb yoxdur, amma buna baxmayaraq şişlər bir çox hallarda vaxtında müalicə tələb edən daha ciddi xəstəliklərin əlamətləri ola bilər. Bundan əlavə hamiləlik zamanı şişlərin özü də kifayət qədər xoşagəlməz olur və dölə zərər verə bilər.

 Şişlərin əmələ gəlmə səbəbləri

Şişlərin əmələ gəlmə səbəbləri müxtəlif ola bilər. Əsasən hormonal dəyişikliklərin nəticəsində yaranan fizioloji şişlərdir. Amma şişlər həmçinin ürək və böyrək çatışmazlığı nəticəsində də inkişaf edə bilər. Bundan başqa, hamiləliyin son aylarındakı şişlər hamilələrdə gecikmiş toksikozun – hestozun ilk əlamətləridir. Əksər hallarda şişlər qadında hamiləliyin sonunda və ya ortasında rast gəlinir, hamiləlik zamanı şişlərə erkən müddətlərdə az hallarda təsadüf olunur.

Fizioloji şişlər

Hamiləliyin özü şişlərin yaranmasının səbəbidir. Bu hal hamilə qadında hormonal fonun dəyişikliyinin nəticəsidir. Məsələ ondadır ki, hamiləliyin ilk günlərindən progesteronun səviyyəsi kəskin şəkildə artır. Onun əsas funksiyası – uşaqlığın yığılma funksiyalarını bloklaşdırmaq, yəni, hamiləliyi qorumaqdır. Bu hormonun təsirinin əlavə təzahürü – kaliumun toplanmasıdır. O isə, öz növbəsində mayenin orqanizmdə yubanmasına səbəb olur. Bundan başqa, hamilə qadının orqanizmində damarlarda dövr edən qanın həcmi çoxalır. Bunun nəticəsində qan damarlarının divarlarına təzyiq artır. Artmış təzyiqdən qan qan divarlarını keçərək ətraf toxumalara nüfuz edə bilər, bu da şişlərin əmələ gəlməsinin səbəbidir.

Bu səbəblərin hər ikisi hamilə qadınlar üçün normadır və narahatçılığa heç bir səbəb yoxdur. Yeganə problem odur ki, hamiləlik zamanı güclü şişlər əmələ gəlir.

Burunun selikli qişasının şişməsi

Adı çəkilən progesteron daha bir xoşagəlməz hala səbəb olur – hamiləlik zamanı burunun selikli qişasının şişlərinə. Elə görünür ki, qorxulu bir şey yoxdur, adi zökəmdir. Problem ondadır ki, onu adi üsullarla müalicə etmək olmaz. Damar daraldan dərman vasitələri qadını zökəmdən azad etməklə yanaşı, ciftdə (plasentada) və göbəkbağında damarları daraldır, bu isə dölün hipoksiyasına (boğulmasına) səbəb ola bilər. Zökəmə qarşı olan digər dərman vasitələri isə ciftdən (plasentadan) keçərək uşağın qanına daxil olur.

Lakin müalicə etməmək variant deyil. Hamiləlik zamanı burunun şişməsi tənəffüsü çətinləşdirir, qana daha az oksigen təchiz olunur və nəticədə yenə də dölün oksigen çatışmamazlığı baş verir. Yeganə yol vaxtı vaxtında burun boşluğunu təmizləmək və duzlu su və ya fizioloji məhlul ilə yumaqdır.

Cinsiyyət dodaqlarının şişməsi

Hamiləliyin üçüncü rübündə cinsiyyət dodaqlarının şişləri bir az başqa fiziologiyaya malikdirlər, baxmayaraq ki, onlar heç bir təhlükə daşımırlar. Üçüncü rübdə dölün ölçüsü kifayət qədər böyüyür. Körpə uşaqlığın aşağı hissəsinə təzyiq edir və qan damarlarını sıxır. Bu qan durğunluğuna səbəb olur və nəticədə şiş əmələ gəlir. Daha ağır hallarda uşaqlıq yolunun damarlarının varikoz genişlənməsi yarana bilər. Bu özünü damar çıxıntıları və bağların əmələ gəlməsi ilə göstərir. Ümumilikdə, belə hal da patologiya sayılmır. Adətən doğuşdan sonra varikoz keçib gedir.

«Ürək»lə bağlı olan şişlər

Şişlərin səbəbi kimi ürək-damar sistemində olan problemlər göstərilə bilər, məsələn, ürək qüsuru, və ya ürək çatışmamazlığına səbəb olan başqa xəstəliklər. Ürək problemlərindən irəli gələn şişlər dəqiq, müəyyən lokalizasiyaya malikdirlər: onlar həmişə aşağı tərəfə yönəlir. Yəni, əgər qadın ayaq üstə durursa, o zaman hamiləlik zamanı ayaq şişləri əmələ gəlir, uzanmış vəziyyətdə bel və qarın şişir.

Dəqiq diaqnoz qoymaq məqsədilə həkimlər adətən qaraciyərin ölçüsünü yoxlayırlar. Məsələ ondadır ki, ürək xəstəlikləri ilə əlaqədar şişlər zamanı ilk növbədə qaraciyərin ölçüsü böyüyür, başqa növ şişlər zamanı isə qaraciyər dəyişikliyi baş tutmur.

Böyrəklərin fəaliyyətində pozulmalar

Böyrəklərin fəaliyyətində olan heç də bütün pozulmalar hamiləlik zamanı şişə səbəb olmur. Bu cür problemlərin səbəbi adətən kəskin və xroniki qlomerulonefritlər olur. Bu halda hamiləlik zamanı ilk növbədə qadının sifəti şişir, və yalnız bundan sonra əllər və ayaqlar şişməyə başlayır. 

Təbii ki, əksər hallarda qadın onun böyrəklərində problemlərin olduğunu bilir. Bu diaqnozun qoyulmasını kifayət qədər asanlaşdırır. Lakin bəzi hallarda hamiləlik fonunda bu cür xəstəliklər ilk dəfə baş verir. Belə halda böyrək xəstəliyi diaqnozunu müəyyənləşdirmək üçün əlavə müayinələr keçirmək lazım gələcəkdir. Əgər diaqnoz təsdiqlənərsə, stasionar şəraitdə dərman vasitələri ilə müalicə aparılacaqdır.

Hestoz

Çox hallarda patoloji şişlərin səbəbi məhz hestoz və ya hamilə qadınlarda gecikmiş toksikoz olur. Bu halda şiş ciddi problemin yalnız birinci əlamətidir. Şişlərin ardınca sizi arterial təzyiqin artması, sidikdə zülalın əmələ gəlməsi və özünü qıcolmalar ilə təzahür edən baş beyinin fəaliyyətində dəyişiklik gözləyir. Hestoz zamanı şişlərin əmələ gəlməsinin səbəbi beyin və böyrəklərin qan təchizatında pozulmaların olmasından irəli gələn damarların spazmasıdır. Qan damarlarda artmış təzyiqdən toxumalara nüfuz edir, bu isə şişkinlik əmələ gətirir.

Hestoz zamanı şişlər müxtəlif xarakter daşıya bilər. Şişkinliyin və hidroposun üç mərhələsi vardır.

Ayaqların şişməsi

Birinci mərhələdə, əlbəttə ki, hamiləlik zamanı ayaqlar şişir. Bu elementar fizika ilə izah olunur: maye ağırlıq qüvvəsinin təsirindən aşağıya yönəlir. Ayaqların güclü şişməsi zamanı şişmiş toxumalar tərəfindən damarlar üzərinə çoxalan təzyiqdən damarların varikoz genişlənməsinin inkişaf təhlükəsi vardır. Adətən doğuşdan sonra hamilə qadınlarda varikoz keçib gedir. Damarların varikoz genişlənməsinin profilaktikası kimi, ayaqlarda şişlərin olması halında kompression(sıxan) kolqotlar(corablar) geyinmək məqsədəuyğun olardı. Lakin əvvəlcə həkimlə məsləhətləşmək lazımdır.

Qarının, belin və omba sümüyünün şişməsi

İkinci mərhələ üçün hamiləlik zamanı qarının, həmçinin bel və oma sümüyü nahiyəsinin şişməsi xarakterikdir. Orqanizmdə mayenin miqdarı artır və sadə dilnən desək ayaqlarda artıq yerləşə bilmir. Qarının şişməsini hiss etmək daha çətindir, ona görə o döl üçün daha təhlükəlidir.

Əllərin və üz nahiyəsinin şişməsi

Üçüncü mərhələ - ən ciddi mərhələdir. Bu vaxt hamiləlik zamanı əl və barmaqlar şişir, üz nahiyəsinin bir qədər şişkinliyi əmələ gəlir. Suyu yaxşı hopduran, boş toxumaların quruluş xüsusiyyətlərinə görə ən çox göz qapaqları şişir.

Şişlərin olmasını necə müəyyən etmək olar?

Hamiləlik zamanı şişləri necə müəyyən etmək olar? Əksər hallarda qadınlar bunu müstəqil şəkildə etməyə qadirdirlər. Qadınların diqqət yetirdikləri ən birinci əlamət – şişmiş ayağı ayaqqabıya keçirməyin çətin olmasıdır. Şişlərin olmasının göstəricisi kimi nişan üzüyü də göstərilə bilər. Şişmiş barmaqdan onu çıxartmaq demək olar ki, mümkün deyil. Şişkinliyi müəyyən etmənin etibarlı üsullarından biri də - çəkinin müntəzəm ölçülməsidir. Əgər çəkidə həftədə 300 qramdan artıq artım müşahidə olunursa və ya çəkinin yığımı qeyri-bərabər şəkildə baş verirsə - bu da həmçinin şişin olmasını göstərir.

Bundan başqa, şişləri olan qadının dərisi əvvəlcə boşalır, sonra isə əksinə, dartılan kimi olur və gərginləşir. Əgər ayağın dərisinə ön tərəfdən, dərinin altında əzələ toxumaları olmayan yerdən basılarsa, o zaman həmin yerdə batıq yeri qalacaqdır və həmin yerə yenidən düzəlməyə müəyyən müddət lazım olacaqdır.

Təəsüf ki, bəzi hallarda hamiləlik zamanı gizli, daxili şişlər olur. Onları gözlə müəyyən etmək daha çətindir. Məhz belə halda qadının çəkisinin müntəzəm şəkildə müşahidə olunması öz bəhrəsini verə bilər. Gizli və ya pastozlu adlanan şişlər özlərini kəskin və qeyri-bərabər çəki sıçrayışları ilə büruzə verirlər.

Şişlərin diaqnostikası üçün tibbi müayinə planı

Əlbəttə ki, tibb işçilərinə şişlərin olmasını müəyyən etmək daha asandır, onların gizli olması halında belə. Bununla belə, bu işdə həkim də müəyyən çətinliklər yaşaya bilər. Bu halda əlavə müayinələrin keçirilməsinə ehtiyac yaranır.

Diurez

Hamilə qadınlarda şişlər orqanizmdə mayenin yubanması nəticəsində yaranır. Məhz bu yubanmanı diurez izləyir, yəni sutka ərzində maye qəbulunun və ifrazının ölçülməsi prosesi. Normada insan içdiyi mayenin 75%-ni sidiklə ifraz edir, qalan hissəsi isə tənəffüs və tər ilə çıxır. Əgər bu göstəricilərdən açıq aydın yayınmalar müşahidə olunursa, bu gizli şişlərin olmasından xəbər verir.

Topuq diametrinin ölçülməsi

Əgər topuğun diametri 1 sm-dən artıq dəyişirsə, bu həmçinin şişin olmasının açıq aydın əlamətidir.

Suluq probu

Qadının çiyin nahiyəsinə dərialtı fizioloji məhlul yeridilir. Adətən bunun nəticəsində yaranan suluq bir saat ərzində sorulub gedir. Lakin şişmiş toxumalar mayeni daha gec hopdurur və suluğun sorulub yox olması nə qədər çox vaxt apararsa, o qədər də şiş ciddi və təhlükəlidir.

Şişlər nə ilə təhlükəlidirlər?

Öz-özlüyündə şişlər nadir hallarda həqiqətən də təhlükəli olurlar. Əsasən təhlükəni əlamətlərini həmin şişlərin daşıdıqları xəstəliklər törədir. Lakin qarının daxili şişləri dölə zərər verə bilərlər. Məsələ ondadır ki, əsasən əzələ toxumaları, o cümlədən uşaqlıq, cift (plasenta) və qarın divarı şişir. Şişmiş cift (plasenta) göbəkbağı damarlarını sıxa bilər, bu da körpədə oksigen çatışmamazlığı yaradır. Bu da hamiləlik zamanı şişlərin nə ilə təhlükəli olması sualına bir cavabdır.

Şişləri necə aradan qaldırmaq olar?

Qalan yeganə sual budur: hamiləlik zamanı şişləri necə aradan qaldırmaq və ya azaltmaq olar? Əgər söhbət fizioloji şişlərdən gedirsə, o zaman hər şeydən əvvəl, şişlər zamanı hamilə qadınlar üçün olan pəhrizə riayət etmək və maye qəbuluna nəzarət etmək kifayətdir. İlk növbədə yağlı, qızardılmış, hisə verilmiş və duzlu qidadan imtina etmək tövsiyə olunur. Orqanizmdə mayenin daha çox yubanmasına xüsusən də duz səbəb olur, buna görə də bütün yeməklərə lazım olandan daha az duz vurmaq lazımdır. Əgər rəqəmlə ifadə etsək, normada gündəlik duz qəbulu hamilə qadınlar üçün – 8 q, adi vaxtda isə - 14 qramdır. Bəzi hallarda ancaq həkimin məsləhəti ilə  sidikqovucu vasitələrdən istifadə etmək olar.

Dərman vasitələri ilə müalicə

Hamiləlik zamanı patoloji şişləri yalnız pəhriz ilə müalicə etmək olmaz. Burada ilkin səbəbi tapmaq vacibdir. Ən çətini hestozu müəyyən etməkdir. Məsələ ondadır ki, bu halda şişlərə baxmayaraq qadının orqanizmi susuzlaşma ilə üzləşir. Bu o deməkdir ki, bu halda sidikqovucu vasitələrdən istifadə qəti surətdə qadağandır və eyni zamanda mayenin qəbulunu məhdudlaşdırmaq da təhlükəlidir. Hamiləlik zamanı hestoz şişlərlə nə etmək olar?

Bu halda, ilk növbədə istər-istəməz pəhrizə riayət etmək lazım gələcəkdir. O bütövlükdə bu problemi həll etməyəcəkdir, lakin ümumi gərginliyi aradan qaldıracaqdır. Bundan əlavə, hestoz zamanı dərman vasitələri ilə, o cümlədən damarmöhkəmləndirici vasitələrlə müalicə təyin olunur. Bəzi kəskin hallarda hamiləlik zamanı şişlərə qarşı damcı üsülu ilə damara dərmanın yeridilməsi təyin oluna bilər. Əksər hallarda maqnezium təyin olunur.

Xalq təbabəti üsulları

Hamiləlik zamanı şişlərlə mübarizə xalq təbabəti üsulları ilə də aparılır. Müxtəlif mənbələrdən siz hamiləlik zamanı şişlərə qarşı otların, mərcanının (quşüzümünün), balqabağının və hətta ərik qurusunun (qaysının) tətbiqi ilə reseptlər tapa bilərsiniz. Hamiləlik zamanı şişlərə qarşı xüsusilə təsirli vasitələrdən biri də yaşıl çay hesab olunur. Lakin bütün bu məsləhətlərə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Və heç bir halda həkim tərəfindən təyin olunmuş müalicəni xalq təbabəti üsulları ilə əvəz etmək olmaz.

Şişlərin profilaktikası

Hamiləlik zamanı şişlərlə əksər qadınların üzləşdiyi üçün, hamiləlik zamanı şişlərin profilaktikasına vaxtında başlamaq çox vacibdir. Bu işdə sizə adı yuxarıda çəkilən pəhrizqəbul olunan mayeyə nəzarət kömək edəcəkdir. Bundan başqa hamiləlik zamanı istənilən müddətdə şişlərin qarşısını almaq üçün əla üsullardan biri də fiziki yüklənmələrdir.  Əlbəttə ki, heç kim sizə hamiləliyin son həftələrində tam şəkildə idmanla məşğul olmağı təklif etmir, amma təmiz havada elementar gəzintilər hamı üçün əlçatandır.

Damar divarlarının möhkəmləndirilməsini də unutmamaq vacibdir. Lakin hər hansı bir dərman vasitəsini qəbul etməmişdən öncə, həmin vasitənin sizin və sizin gələcək körpəniz üçün təhlükəsiz olub olmadığını həkiminizlə mütləq dəqiqləşdirin.

Sonda xatırlatmaq istərdik ki, şişlər öz-özlüyündə demək olar ki, əksər hallarda təhlükəsizdir. Lakin bu onları ciddi nəzərə almamaq üçün bir səbəb deyil. İstənilən halda həkimə müraciət edib, patoloqiyaların olub-olmadığını dəqiqləşdirmək lazımdır. Və unutmayın ki, nə ilə üzləşmənizdən asılı olmayaraq, hər şeyi qaydasına salmaq olar.