Hamiləliyin 20-ci həftəsi

 

 • Körpənin çəkisi təxminən 270 qramdır
• Bədənin təpədən quyruq çıxıntısı sümüyünə qədər uzunluğu – 14-16 sm, başdan dabana      qədər isə - təxminən 25 sm-dir.
• Bəzi analar körpənin tərpənişlərini hissə etməyə başlayır.

Dölün inkişafı

Körpənin çəkisi təxminən 270 qramdır. Bədənin təpədən quyruq çıxıntısı sümüyünə qədər uzunluğu uzunluğu 14-16 sm-dir. İndi körpənin boyunu başdan dabana qədər də ölçmək olur (20-ci həftədə bu, təxminən 25 sm təşkil edir), çünki onun ayaqları artıq böyümüş və bədənə nisbəti düzgün forma almışdır. Uşağın ürəyi daha fəal işləməyə başlayır: indi onun döyüntüsünü mama tubasının köməyi ilə qarnın ön divarından eşitmək mümkündür. Bağırsaq işləməkdə davam edir ( onda artıq müəyyən miqdarda mekonium əmələ gəlmişdir). Cinsi vəzlər fəaliyyət göstərir, böyrəklər işləyir. 20-ci həftədə əksər analar körpənin tərpənişini hiss etməyə başlayırlar. Bu, birinci hamiləlikdirsə, onda körpənin tərpənişi yalnız 22-ci həftədən sonra hiss edilə bilər. Arıq analar isə uşağın ilk təkanlarını daha tez hiss edə bilir. Adətən uşağın tərpənişi qarında “balığın üzməsi”, “kəpənəklərin qanad çalması” kimi hiss olunur. Çox vaxt ilk hamiləlikdə analar körpənin hərəkətlərini bağırsağın peristaltikası ilə çaşdırırlar. Lakin tədricən dölün tərpənişləri güclənir və artıq 2-3 həftədən sonra onları başqa bir şeylə çaş-baş salmaq çətindir.

Ananın vəziyyəti

Tüklər hamiləlikdən əvvəlki dövrlə müqayisədə daha da qalınlaşa bilir. Bu, onların çoxaldığını göstərmir: saç follikullarının miqdarı ömür boyu artmır. Sadəcə saçların bir qismi artıq tökülmür. Düzdür, doğuşdan sonra hər şey öz yerini tutacaqdır - son bir neçə ayda tökülməyən saçlar doğuşdan sonra təxminən il ərzində töküləcəkdir. Sizə elə gələ bilər ki, guya doğuşdan sonra saçlarınız xeyli seyrəlib. Lakin bu, belə deyil. Sadəcə saçların uzanması və tökülməsi prosesi “hamiləlikdən əvvəlki” normaya qayıdır. Həmçinin hamiləliyin ortalarında bədəndə də tüklərin intensiv surətdə artması qeydə alına bilər (məsələn, qasıqdan göbəyə qədər). Bu da müvəqqəti haldır və doğuşdan sonra keçib gedəcəkdir.

Risk amilləri

Hamiləlik dövründə aralığı güclü axar su ilə yumaq və ya şırnaqla yumaq olmaz. Suyun (və ya şırnaqda istifadə olunan məhlulların) uşaqlıq yoluna daxil olması mikrofloranı poza və infeksiyalara səbəb ola bilər.

Hamiləliyin ağırlaşmaları

Rinit və ya göynəmə hallarında elə yatmaq lazımdır ki, baş bədəndən bir qədər yuxarıda yerləşmiş olsun. Bu, tənəffüsü asanlaşdırar və mədənin möhtəviyyatının qida borusuna atılmasının qarşısını alar. Kürək və onurğaya təzyiqi azaltmaq üçün doğuşaqədərki bandaj gəzdirmək olar.