Yüklənir...

Göbələk xəstəliyi

Göbələk xəstəliyi

Göbələk xəstəliyi nədir?

Göbələk xəstəliyi uşaqlıq yolunun göbələk tərəfindən törədilən iltihabıdır. Xəstəliyin bilavasitə törədicisi Candida adlanan göbələkdir. Ginekoloqlar göbələk xəstəliyini kandidoz adlandırırlar.

 Göbələk nədən yaranır?

Göbələk xəstəliyini yaradan kandida göbələyi sağlam olan hər qız və qadının orqanizmində yaşayır. Normada bu göbələk az miqdarda bağırsaq və uşaqlıq yolunda da olur. Kandida göbələyi uşaqlıq yolunun normal mikroflorasını təşkil edən faydalı bakteriyalar üçün qidadır. Lakin hansısa səbəbdən faydalı bakteriyalar məhv ola bilər. Bu zaman göbələyin miqdarı əhəmiyyətli şəkildə artır və göbələk xəstəliyinin simptomları meydana gəlir.

Göbələk xəstəliyinə kişidən yoluxmaq olarmı?

Xeyr. Göbələk xəstəliyinin simptomlarının cinsi aktdan bir qədər sonra yarana bilməsinə baxmayaraq, bu, o demək deyil ki, siz cinsi partnyorunuzdan yoluxmusunuz. Əvvəllər göbələk xəstəliyinin simptomlarını müşahidə etməsəniz də, göbələk sizin orqanizmdə cinsi həyata başlamazdan öncə də vardı. Sadəcə o, sakit “yatır” və öz vaxtını gözləyirdi.

Kandida niyə “oyanır”?

Göbələk xəstəliyi heç vaxt boş yerdən yaranmır. Qadının uşaqlıq yolu normal mikrofloranın faydalı bakteriyaları tərəfindən yaxşı müdafiə olunur. Mikroflora immunitetin bir hissəsidir. Yalnız mikrofloranın pozulması və immunitetin zəifləməsi kandidanın çoxalmasına və göbələk xəstəliyinin yaranmasına səbəb olur.

Göbələk xəstəliyinin 10 əsas səbəbləri

1-ci səbəb: antibiotiklər

Antibiotiklərlə müalicəyə bir çox xəstəliklər (angina, bronxit, pnevmoniya, sistit və s.) zamanı ehtiyac yaranır. Antibiotiklər qana daxil olaraq orqanizmdə olan bütün bakteriyaları məhv edir və təəssüf ki, göbələk xəstəliyindən müdafiə edən faydalı bakteriyalar da məhv olur.

 2-ci səbəb: hamiləlik əleyhinə dərman preparatlarının qəbul edilməsi

Bütün hamiləlik əleyhinə dərman preparatlarının tərkibində estrogen hormonu var. Belə bir fikir vardır ki, bu hormon göbələk xəstəliyini törədən göbələyi aktivləşdirir və onu artmağa sövq edir. Hamiləlik əleyhinə dərman preparatlarını qəbul edən qadınlar göbələk xəstəliyi ilə hormon qəbul etməyən qadınlardan daha tez-tez xəstələnirlər. Amma bu, demək deyildir ki, hamiləlik əleyhinə dərman preparatlarını qəbul edən hər qadında göbələk xəstəliyi var. Göbələk xəstəliyinin inkişaf etmə riski daha çox hamiləlik əleyhinə dərman preparatlarını yenicə qəbul etməyə başlamış və ya bir preparatı daha yüksək estrogen dozası olan digər preparatla əvəz etmiş qadınlarda olur.

3-cü səbəb: Stres

Müasir qadınların tez-tez rastlaşdığı həddindən artıq narahatlıq və daimi gərginlik vəziyyəti göbələk xəstəliyinin yaranmasına səbəb ola bilər. Burada da hormonların rolu olur. Stres nəticəsində orqanizmdə çoxlu miqdarda kortisol (stress hormonu) istehsal olunur. Kortisol bizə tonusda olmaqda köməklik edir, bununla belə immunitetin fəaliyyətini tormozlaşdırır. İmmunitetin zəifləməsi infeksiyalardan, o cümlədən kandidozdan da müdafiənin zəifləməsi deməkdir. Beləliklə, həddindən artıq əsəb keçirməklə göbələk xəstəliyini “qazanmaq” olar.

4-cü səbəb: Şirniyyatlar

Göbələk xəstəliyini yaradan göbələklər şirnini çox “sevirlər”. Siz nə qədər çox şirniyyat yesəniz, qanınızda qlükozanın səviyyəsi də bir o qədər çox olacaqdır. Qlükoza nə qədər çox olsa, göbələk xəstəliyinin “oyanması” riski də bir o qədər yüksək olar.

5-ci səbəb: Pivə

Qəribə də olsa, pivə göbələklərin intensiv şəkildə çoxalmasına səbəb olur. Buna səbəb pivənin tərkibində olan maltozadır. Maltoza şəkər növüdür və qlükoza kimi o da göbələk xəstəliyinin “xoşuna gəlir”.

6-cı səbəb: Bağırsaq disbakteriozu

Keyfiyyətsiz qidanın qəbul edilməsi nəticəsində yaranan həzm etməmə və diareya bağırsaqda göbələyin artması üçün münbit zəmindir. Kandida bağırsağın divarlarında çoxalır, daha sonra isə uşaqlıq yoluna keçid edir, bununla da qida zəhərlənməsi simptomlarına göbələk xəstəliyinin simptomlarını əlavə edir.

7-ci səbəb: Qəbizlik

Əgər qəbizlikdən tez-tez əziyyət çəkirsinizsə, onda risk qrupundasınız və göbələk xəstəliyini “qazanmaq” şansınız çoxdur. Qəbizlik bağırsaqda qələvi mühitini yaradır və kandida intensiv şəkildə çoxalmağa başlayır.

8-ci səbəb: Şəkərli diabet

Şəkərli diabetdən əziyyət çəkən qadınlarda göbələk xəstəliyinə daha tez-tez rast gəlinir. Diabet zamanı göbələk xəstəliyinin inkişafı qanda şəkərin miqdarının çox olması ilə şərtlənir.

9-cu səbəb: Prezervativlərdən, spermitsidlərdən, tamponlardan istifadə edilməsi

Praktiki olaraq istənilən intim gigiyena vasitəsi (tamponlar, bezlər), habelə kontrasepsiya vasitələri (prezervativlər, spermitsidlər), göbələk xəstəliyinin yaranmasına təkan verə bilər. Sadalanan materialların tərkibinə daxil olan hər hansı kimyəvi maddələrlə kontakt allergiyaya, immunitetin zəifləməsinə və göbələk xəstəliyinin inkişafına səbəb ola bilər. Buna görə də göbələk xəstəliyinin simptomlarını sadalanan mallardan istifadə etdikdən sonra həmişə hiss edirsinizsə onlardan imtina etməlisiniz.

10-cu səbəb: Düzgün yuyunmama

İntim gigiyena uşaqlıq yolunun mikroflorasını normal tərkibdə saxlamaq üçün olduqca əhəmiyyətlidir. Göbələk xəstəliyi düzgün yuyunmamanın, yəni suyun axarının tələb olunduğu kimi yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru istiqamətləndirilməsinin nəticəsi ola bilər. Sabun və ya başqa yararsız vasitələrlə (şampun, duş üçün gel) yuyunma da göbələk xəstəliyinin yaranmasına səbəb ola bilir. Bizim saytımızda intim gigiyena qaydaları haqqında xüsusi məqalə vardır.

                  Göbələk xəstəliyindən birdəfəlik necə yaxa qurtarmaq olar?

 Nəyə diqqət yetirməli?

Göbələk xəstəliyi simptomlarının əmələ gəlməsi orqanizminizin göndərdiyi və nəyi isə dəyişmək lazım olduğunu bilidirən siqnaldır. Göbələk xəstəliyini müalicə etmək və onu birdəfəlik unutmaq yalnız onun yaranma səbəblərinə diqqət yetirməklə və bu səbəbləri həyatımızdan kənarlaşdırmaqla mümkündür.

Göbələk xəstəliyi zamanı hansı dərmanlar kömək edir?

Göbələk xəstəliyinin müalicəsində göbələkəleyhinə vasitələrdən istifadə edilir. Bu dərmanlar daxilə qəbul üçün tabletlər halında, vaginal (uşaqlıq yolu) şamlar, vaginal kremlər və hətta inyeksiya (iynə) üçün məhlullar kimi müxtəlif formalarda buraxılır. Ginekoloqa vaxtında müraciətiniz vacibdir.

Cinsi partnyor (ər) müalicə almalıdırmı?

Əgər patnyorunuzu göbələk xəstəliyinin simptomları narahat etmirsə, bu zaman ona heç bir müalicə tələb olunmur. Tədqiqatlar göstərir ki, cinsi partnyorların profilaktik müalicəsi göbələk xəstəliyindən əziyyət çəkən qadınlarda müalicənin səmərəliliyinə, sağalmanın sürətinə və residivlərin tezliyinə təsir göstərmir. Əgər ərinizi göbələk xəstəliyinin simptomları (cinsi üzvün başında qızarma, çatların əmələ gəlməsi, qaşınma, başın üzərində ağ ərp, sidik ifrazatı zamanı ağrılar) narahat edirsə, onda o, həkim-uroloqa müraciət etməli və uretradan flora üçün yaxma verməlidir. Yalnız yaxmanın nəticələrinə əsasən uroloq partnyorunuza müalicə təyin edə bilər.