Yüklənir...

Doğum müjdəçiləri: doğuşun yaxınlaşdığından xəbər verən 6 əlamət

Doğum müjdəçiləri: doğuşun yaxınlaşdığından xəbər verən 6 əlamət

Doğum müjdəçiləri nədir?

Yaxınlaşan doğumun müjdəçiləri orqanizmin uşağın dünyaya gəlməsinə hazırlaşdığını göstərən əlamətlərdir. Aşağıda sadalanan simptomlar müxtəlif səbəblərdən qaynaqlana bilər: uşaqlıq boynunun hazırlığı, dölün yerdəyişməsi, hormonal yenidənqurmalar, lakin onların hamısı bir şeydən xəbər verir: hamiləliyiniz yavaş-yavaş sona çatır və tezliklə körpənizlə tanış ola biləcəksiniz.

 Doğum müjdəçiləri nə vaxt meydana gəlirlər?

Müjdəçilər doğuma nə qədər müddət qalmış ortaya çıxırlar? Orqanizm doğuma hələ bir neçə ay qalmış hazırlaşmağa başladığından, yaxınlaşan doğumun ilk əlamətlərini diqqətli ana hələ hamiləliyin 36-37 həftələrində hiss edə bilər. Yaxınlaşan doğumun digər müjdəçiləri doğumdan bir gün qabaq və doğum günündə meydana gəlir.

Beləliklə, aşağıdakı əlamətlər doğumun yaxınlaşdığını göstərir:

1. Qarının aşağı düşməsi

Gələcək körpəniz doğum üçün ən rahat mövqeyə keçir. Dölün başı kiçik çanağa endiyi anda qarının azacıq aşağı düşdüyünü hiss edəcəksiniz.

Qarın nə vaxt aşağı düşür? Adətən ilk dəfə uşaq doğan qadınlarda qarın hamiləliyin 34-36 həftəsində aşağı düşür, təkrar doğum keçirənlərdə isə bu doğumdan bir neçə gün əvvəl və ya artıq doğum fəaliyyətinin başlaması ilə baş verir.

Qarının aşağı düşdüyünü necə bilmək olar? Daha asan nəfəs almağa başlayırsınız, sinə və qarın arasında ovucunuzu yerləşdirə bilirsiniz, sidik kisəsinə təzyiq artır və tualetə daha tez-tez getməyə başlayırsınız. Qıcqırma daha az-az baş verir və ya ümumiyyətlə keçib gedir.

2. Selikli tıxacın aralanması

Selikli tıxac bütün hamiləlik dövrü ərzində uşaqlıq boynunun kanalında yerləşən selik yığınıdır. Selikli tıxac müxtəlif cür görünür: bəzən bu rəngsiz maye ifrazatlardır, bəzən isə çəhrayi və ya qəhvəyi rəngdə selikdir.

Selikli tıxac nə vaxt aralanır? Tıxac doğumdan bir neçə həftə əvvəl hamiləliyin 36-37-ci həftəsində aralana bilər, bəzi hallarda isə doğum fəaliyyətinin başlamasından bir gün qabaq 38-39-40-cı həftələrdə aralanır. Bundan başqa, tıxac bir neçə dəfə, hissə-hissə aralana bilər.

3. Çəkinin azalması

Qadın hamiləliyin bütün dövrü ərzində çəkidə artmağa davam edir və doğum anınadək 11-16 kq-dək toplaya bilər və bu tamamilə normaldır.

Doğuma bir neçə gün qalmış qadın çəki artımının dayandığını və hətta 1-1,5 kq “arıqladığını” hiss edə bilər. Çəkinin azalması yaxınlaşan doğumun müjdəçilərindən biridir və bu şişlərin çəkilməsi və embrion ətrafı suların miqdarında azalma hesabına baş verir.

4. Məşq sancılarının tez-tez baş verməsi

Brekston Hiks sancıları (yalançı, məşq sancıları) doğumdan əvvəlki günlərdə daha tez-tez baş verə bilər. Belə sancı zamanı qarın ağırlaşır və sanki daşlaşır. Adətən məşq sancıları ağrı vermir, lakin doğuma bir az qalmış onlar bel nahiyəsində və qarının aşağı hissəsində sızıldayan ağrılarla müşahidə olunurlar.

Məşq sancılarının əsl sancılardan əsas fərqi ondan ibarətdir ki, onlar müntəzəm deyil və bədənin vəziyyətini dəyişəndə keçirlər. Lakin hamilə qadına yadda saxlamaq lazımdır ki, bir gün məşq sancıları həqiqi sancılara keçə bilər, buna görə onları diqqətlə izləmək lazımdır.

5. Həzm pozğunluğu

Doğuma bir neçə gün qalmış hamilə qadın ürəkbulanma, qusma, qarında ağrılar və diareya kimi simptomları hiss edə bilər. İshal doğumdan bir neçə gün əvvəl meydana gələ bilər. Həzm pozğunluğunun yaranmasının səbəbi, başqa orqanlarla yanaşı bağırsaqlara da təsir edən hormonal dəyişikliklərdir.

6. “Yuva qurma” instinkti

Hamiləliyin son dövrlərində hamilə qadınları əldən salan güclü yorğunluq gözlənilmədən evi təmizləmə işlərinin aparılmasına və ya bütün günü plitənin yanında keçirmək istəyinə çevrilə bilər. Bunu “yuva qurma” instinkti adlandırırlar. Əgər körpə ilə görüşə hazırlaşmaq istəyirsinizsə bu normaldır, lakin çalışın ki, həddindən artıq taqətdən düşməyəsiniz, çünki yaxın günlərdə çoxlu güc tələb edən doğum gözləyir.

Doğum müjdəçiləri olmayanda nə etməli?

Hamiləliyin artıq 40-41-ci həftəsindəsiniz, doğum müjdəçiləri isə hələ də yoxdur? Ruhdan düşməyin, bu hələ o demək deyil ki, orqanizm doğuma hazırlaşmır. Yadda saxlayın ki, hər bir hamiləlik unikaldır və hisslərinizi tanışlarınızın və ya rəfiqələrinizin hissləri ilə müqayisə etməməlisiniz.

Doğum müjdəçiləri mütləq simptomlar deyillər və mama-ginekoloqlar demək olar ki, heç vaxt onlara fikir vermirlər. Həkimlər bilirlər ki, doğum 37-ci həftədən başlayaraq dölün artıq tam yetişdiyi vaxtda, xəbərdarlıqsız, istənilən gün başlaya bilər.

Müjdəçilərin olmaması heç bir halda o anlama gəlmir ki, hamiləliyiniz vaxtından artıq çəkəcək, doğum isə başqalarından daha çətin keçəcəkdir. Daha yaxşı fikirlərə köklənin, çünki uşağınızla görüşünüzə sayılı günlər qalıb!