Yüklənir...

Hamiləliyin 25-ci həftəsi

Hamiləliyin 25-ci həftəsi

• Uşağiın boyu təxminən 30 sm-dir
• Uşağın çəkisi 700 qrama çatır
• Uşaqlıq qasıq bitişməsindən 25 sm yuxarıda yerləşir
• Gələcək anada yüngül anemiya qeydə alına bilər.

Dölün inkişafı

Uşağın boyu təxminən 30 sm-dir, çəkisi 700 qrama çatır. Günbəgün onun əzələləri güclənir, sümükləri bərkiyir. Qan yaradıcı orqan funksiyalarını fəal inkişafda olan sümük iliyi öz üzərinə götürür. Dərialtı piy toxuması sayəsində uşağın dərisi bir qədər hamarlaşır, qırışlar açılır. 25-ci həftədən etibarən uşağın ana orqanizmindən kənarda yaşamaq şansı olur. Lakin bu şans təəssüf ki, çox azdır. Orqanizmin həyat fəaliyyətini təmin edən mürəkkəb sistemlər hələ tam inkişaf etməyib, bu səbəbdən də normal fəaliyyət göstərə bilmir.

Ananın vəziyyəti

Uşaqlıq qasıq bitişməsindən 25 sm yuxarıda yerləşir (indi o, hər həftə 1 sm yuxarı qalxacaqdır). Uşaqlıq dibinin hündürlüyünə görə həkim hamiləliyin gedişatını qiymətləndirə bilər. Göstərici normadan aşağı olarsa, deməli, döl inkişafdan qalır. Göstərici normadan yuxarı olduqda, çox güman ki, buna səbəb dölyanı suların çox olmasıdır (bu, infeksiya üzündən baş verə bilər). Bu kimi kənara çıxmaların səbəbləri və nəticələri fərqli ola bilir və onları yalnız həkim təyin edə bilər.

Hamiləliyin ağırlaşmaları

Dölyanı suların çox olması həm ana, həm də uşaq üçün pis nəticələrə gətirib çıxara bilər. Uşaqlıq hamilə qadının daxili orqanlarına təzyiq göstərir. Həddindən artıq genəlmə nəticəsində o, doğuş vaxtı yığılma qabiliyyətini itirə də bilər. Dölyanı sular çox olduqda, plasenta ayrıla bilər (bu, dölün hipoksiyasına səbəb ola bilir). Çoxdöllü hamiləlikdə dölyanı suların çox olmasından döllərin yalnız biri əziyyət çəkə bilər, ikincisində isə bəzən su azlığı qeydə alınır. Dölyanı sular çox olduqda, terapiya kimi antibiotiklərdən, diuretiklərdən istifadə olunur, habelə sutkada bir dəfə bir saat ərzində 500 ml-ə qədər dölyanı sular buraxılır. Bu, USM nəzarəti altında həyata keçirilən terapevtik amniosentez adlandırılır.

DİQQƏTLİ OLUN!

Həkimlər hamilə qadınlar üçün gimnastika məşğələlərini tövsiyə edirlər. Lakin gimnastika zamanı əhvalınıza fikir verin, çox yorğunluğa yol verməyin, tarazlığı saxlamağı tələb edən çalışmaları istisna edin. Kürək və ya qarın əzələlərində hətta cüzi belə ağrı hiss etdikdə, dərhal məşqləri dayandırın ki, əzələlər həddindən artıq gərginləşməsin və bağlar gərilməsin.

HƏKİM QƏBULU

25-ci həftədən etibarən yüngül anemiya yarana bilər. Qanda qırmızı hissəciklərin miqdarının azalması (qan plazma ilə “qarışdığından” sirkulyasiya edən qanın həcmi artır) 2-3-cü trimestr üçün səciyyəvidir, lakin qanda hemoqlobinin miqdarına daim nəzarət etmək lazımdır ki, ciddi problemlər yaranmasın. Hemoqlobin 110-91 q/l olduqda yüngül dərəcəli anemiya, 90-81 q/l – orta dərəcəli anemiya, 80 q/l-dən aşağı – ağı dərəcəli anemiya diaqnostika edilir. Həkim tərkibində dəmir olan preparatalar təyin edə bilər. Axı dəmir orqanizmdə hemoqlobinin hasilinə görə cavabdeh olan mikroelementdir. Həmçinin anemiyaya səbəb B12 vitamini və fol turşusu çatişmazliği da ola bilər.

Əvvəlki həftə Sonrakı həftə