Yüklənir...
• Dölün uzunluğu artıq 11-12 mm-dir.
• Həftənin sonuna yaxın körpənin çəkisi təxminən 0,8 q-dır.
• Qadin Məsləhətxanasında Qeydiyyata Düşməli və analizlər kompleksini vermək lazımdır.
• Uşaqlığın inkişafı ilə əlaqədar qarnın aşağı hissəsində ağrılar qeydə alına bilər.
Dölün inkişafı
7-ci həftə ərzində döl təxminən iki dəfə böyüyərək uzunluğu 11-12 mm təşkil edir. Həftənin sonuna yaxın körpənin çəkisi təxminən 0,8 q-dır. Onun əl və ayaqlarında bilək və dabanlar meydana gəlmişdir. Ancaq hələki onlar zahirən üzgəclərə bənzəyir. Beynin hər iki yarımkürəsi inkişaf etməkdə davam edir. Ürək iki kameraya bölünmüşdür və bədəndən çölə çıxır. Ağciyərlərində bronxların rüşeymləri yaranıb, bağırsaqlar inkişaf edir, böyrəklər formalaşır.
Ananın vəziyyəti
Qarnın aşağı hissəsində spazmlar, hətta ağrılar da ola bilər, çünki uşaqlıq daim böyüyür. Hamiləlikdən əvvəlki vəziyyətlə müqayisədə o, təxminən iki dəfə böyümüşdür. Həmçinin orqanizmdə qanın həcmi və mayenin ümumi miqdarı da artmışdır. Bu, uşaqlığın sidik kisəsinə təzyiqinin artması ilə birlikdə sidik ifrazının tezləşməsinə gətirib çıxarır. Uşaqlıq boynunda selik qatılaşır və selikli tıxac əmələ gətirir. Bu tıxac xarici mühitlə embrionun “mikroaləmi” arasında müdafiə xəttini yaradır. Tıxacın aralanması doğuşun başlanmasına işarələrdən biridir.
DİAQNOSTİK MÜAYİNƏLƏR
7-ci həftə ilk dəfə həkimə getmək üçün optimal dövrdür. İlk dəfə həkim qəbulunda venadan infeksiya və hormonlara görə qan analizi təyin olunur. TORCH-kompleks ananın qanında toksoplazmoza, məxmərəyə, sitomeqalovirusa və herpesə qarşı antitellərin olub-olmadığını müəyyən etməyə imkan verəcəkdir. Adətən İPV-na (insan papillomatozu virusu) da qan analizi təyin edilir. USM-də hamiləliyin düzgün inkişaf etdiyini təyin etmək mümkün olacaqdır. USM-nin zəruriliyi ilə bağlı həkimlərin fikirləri fərqlidir: bəziləri onu tamamilə təhlükəsiz diaqnostik manipulyasiya hesab edir, digərləri isə uşağın bu prosedur zamanı diskomfort keçirtdiyini düşünürlər. Hələ ki, USM-nin gələcək uşaqda xoşagəlməz duyğulara səbəb olub-olmadığı tam bəlli deyil.
HƏKİM QƏBULU
Bir qayda olaraq, ilk dəfə ginekoloqun qəbulunda hamilə qadın terapevtin (orqanizmin ümumi vəziyyətini müayinə etmək üçün), otolarinqoloqun, stomatoloqun (kariyes və iltihab ocaqlarının aşkar edilməsi və vaxtında müalicəsi üçün) və okulistin (okulist göz dibinin vəziyyəti ilə bağlı rəy verəcək və müstəqil doğuşun mümkün olub-olmadığı və ya kesar kəsiyinin göstəriş edildiyinin təyin edəcəkdir) qəbuluna göndərişlər alır. Sağlamlıqla bağlı mümkün problemlərin vaxtında həll edilməsi və ya xroniki xəstəliklər olduqda, həkimlər tərəfindən fərdi müşahidə proqramının seçilməsi üçün bu həkimlərə hamiləliyin əvvəlində baş çəkmək məsləhətdir.
DİQQƏTLİ OLUN!
Ənənəvi qadın məsləhətxanalarının alternativi ödənişli tibb mərkəzləridir. Bu mərkəzlərdə hamiləliyi əvvəldən axıra qədər nəzarətdə saxlamaq, bütün analizləri vermək, planlı müayinələrdən keçmək və mübadilə kartını almaq mümkündür. Amma bunun üçün tibb mərkəzinin bu kimi xidmətləri göstərməyə lisenziyası olmalıdır. Tibb mərkəzləri yalnız doğuş sertifikatını təqdim edə bilmirlər. Lakin bu, mübadilə kartı təqdim edilməklə qadın məsləhətxanasında verilməlidir. Əslində doğuş könüllü tibbi sığorta (KTS) müqaviləsinə görə ödənişli olacaqdırsa, doğuş sertifikatı lazım olmaya da bilər.
RİSK AMİLLƏRİ
- Az miqdarda qanaxmalar və ya qeyri-adi rəngli və həcmli ifrazatlar həkimə təcili olaraq müraciət etmək üçün əsasdır. Bu əlamətlər uşaqdüşmə təhlükəsindən və ya embrionun inkişafdan qalmasından xəbər verə bilir.
- 12 həftəyə qədər alkoqol içmək qəti qadağandır. Alkoqol sərxoşluğu vəziyyəti yüngül hipoksiyaya səbəb olur ki, bu da uşağın ən mühüm orqanlarının formalaşması kimi mürəkkəb bir prosesi poza bilər.
Paylaş: