Yüklənir...

Dar çanaq

Dar çanaq

Dar çanaq

Dar çanaq nədir?

Anatomik dar çanaq - əsas ölçülərindən biri ən azı normal çanaqdan 1,5-2 sm və daha kiçik olan çanaq hesab edilir. Dölün başı çanaq halqasından daha böyük olduqda doğuşda ağır fəsadlar baş verir. Bu həm də çanağın normal ölçüləri olduqda da müşahidə edilə bilər.

Belə hallarda, doğuş kanalı vasitəsilə dölün başının irəliləyişi dayanır: çanaq demək olar ki, tamamilə dar olur və funksional cəhətdən kifayət etmir.  Hətta çanağın müəyyən qədər daralmış olsa da doğulan uşağın başı irəliləyir (dölün başı çox iri olmadığı təqdirdə), amma çanaq ilə uyğunsuzluqları olmaya da bilər və doğuş heç bir ağır fəsadlar olmadan təbii yolla baş verir. Belə hallarda, anatomik cəhətdən dar olan çanaq funksional olaraq kifayət edir. Bu səbəbdən funksional və ya kliniki dar çanaq anlayışları vardır. Kliniki dar çanaq – doğum zamanı qeysər kəsiyinə göstərişdir. Anatomik dar çanağa 5-7% qadınlarda rast gəlinir. Kliniki dar çanaq diaqnozunu yalnız doğum zamanı, çanağın və dölün başının ölçülərdə uyğunuzluğunu müəyyən etməyə imkan verən bir sıra əlamətlərə əsasən müəyyən edirlər. Belə patologiya növünə ümumi döğuş saylarının yalnız 1-2 %-da rast gəlinir.

Kiçik çanağı necə ölçürlər?

Mamalıqda çanağa dair araşdırmalar mühüm yer tutur, çünki onun quruluşu və ölçüləri doğumun gedişatı və nəticəsi üçün həlledici rol oynayırlar. Normal çanağın mövcudluğu doğumun düzgün gedişatı üçün əsas şərtlərdən biridir. Çanaq quruluşunda çatışmazlıqlar, xüsusən də onun ölçülərinin kiçilməsi təbii doğumun gedişatını çətinləşdirir, bəzi hallarda isə doğuş üçün keçilməz maneələr törədir. Buna görə hamiləni qadın məsləhətxanasına qeydiyyata aldıqda və doğum evinə qəbul etdikdə, digər müayinələrlə yanaşı, mütləq şəkildə çanağın xarici ölçüləri götürülür. Çanağın formasını və ölçülərini bildikdə, doğumun gedişatını, yarana biləcək ağırlaşmaları proqnozlaşdırmaq və qeyri-ixtiyari doğumun mümkünlüyü haqqında qərarlar qəbul etmək mümkündür.

Çanağın müayinəsinə bunlar daxildir: müayinə, sümüklərin əl ilə yoxlanılması və çanaq ölçülərinin müəyyənləşdirilməsi.

      

                     Şəkil 1                                                   Şəkil 2a                                      Şəkil 2b

Ayaq üstü vəziyyətində bel-omba rombunu (şəkil 1) baxışdan keçirirlər. Normada rombun vertikal ölçüsü orta hesabla 11 sm, köndələn – 10 sm-a bərabərdir. Kiçik çanağın quruluşunun pozulması zamanı, bel-omba rombu az nəzərə çarpır, onun forma və ölçüləri dəyişilmişdir.

Çanaq sümüklərinin əl ilə yoxlanmasından sonra onun tazomerin (çanaqölçənin) köməyi ilə ölçülməsi aparılır (2а və b şəkilə baxın). 

Çanağın əsas ölçüləri

1. Çıxıntılararası məsafə. Yuxarı ön qalça çıxıntılarının arasındakı məsafə (2а şəklində [1]) normada  25-26 sm bərabərdir.

2. Qalça daraqları arasındakı ən uzaq məsafə  (2а şəklində [2]) - 28-29 sm, omba sümüklərinin böyük rotatorları (lat. trochanter) arasında (2а şəklində [3]) - 30-31 sm-dir.

3. Xarici konyuqata – ombaüstü çuxur ilə qasıq simfizinin yuxarı kənarı arasındakı məsafə (2b şəkili) - 20-21 sm.

İlk iki ölçü qadının arxası üstə uzanmış, ayaqlarının uzadılmış və bir-birinə birləşdirilmiş vəziyyətində götürülür; üçüncü ölçü ayaqların bükülmüş və bir az əyilmiş vəziyyətində götürülür. Xarici konyuqata qadının yanı üstə uzanaraq, aşağıdakı ayağının çanaq-bud və diz oynaqlarında bükülmüş və yuxarı ayağının uzadılmış vəziyyətində ölçülür.

Çanağın bəzi ölçüləri vaginal müayinə zamanı müəyyən edilir.

Çanağın ölçülərinin müəyyənləşdirilməsi zamanı sümüklərin qalınlığını nəzərə almaq lazımdır, onu Solovyov indeksinin ölçüsü – mil-bilək oynağının çevrəsinin uzunluğu əsasında qiymətləndirirlər. İndeksin orta ölçüsü 14 sm-dir. Əgər Solovyov indeksi 14 sm-dən çoxdursa, təxmin etmək olar ki, çanağın sümükləri iridir və kiçik çanağın ölçüləri gözlənilənlərdən daha kiçikdir.

Əgər çanağın ölçüləri, onun dölün ölçülərinə uyğun gəlməsi, sümüklərin və sümük birləşmələrinin deformasiyaları haqqında əlavə məlumatlar almaq lazımdırsa, çanağın rentgenoloji müayinəsi keçirilir. Lakin o yalnız ciddi göstərişlər olduqda aparılır. Çanağın ölçüləri və onun dölün ölçülərinə uyğun gəlməsi haqqında ultrasəs müayinəsinin nəticələri əsasında da fikir söyləmək olar. 

Dar çanağın formaları

Mamalıqda dar çanağın aşağıdakı formaları mövcuddur; köndələn daralmış, adi yastılı, düz raxitik, ümumi bərabər şəkildə daralmış, nadir formalar: çəp daralmış osteomalyatik və başqaları. Bundan başqa, daralmanın dərəcəsi (I-dən IV-dək) qiymətləndirilir. Keçmişdə ən çox çanağın ümumi bərabər şəkildə daralmış və müxtəlif növləri rast gəlinirdi. Son zamanlar kiçilmiş köndələn ölçüləri olan çanaqlara rast gəlinir.

Dar çanağın inkişafı səbəbləri

Çanağın anadangəlmə anomaliyaları mövcuddur. Bundan başqa, dar çanağın inkişafı səbəbləri kimi uşaqlıqda qida çatışmazlığı və uşaqlıq yaşlarında keçirilmiş xəstəliklər, məsələn, raxit, poliomielit və başqaları göstərilə bilərlər. Sümüklərin və çanaq birləşmələrinin xəstəlikləri və ya zədələnmələri - məsələn, sınıqlar, şişlər, vərəm - çanaq deformasiyalarına gətirib çıxara bilər. Çanağın anomaliyaları, həmçinin onurğanın deformasiyaları (kifoz, skolioz, büzdümün deformasiyası) nəticəsində yarana bilər. Köndələn daralmış çanağın yaranma amillərindən biri də, yetkinlik dövründə köndələn çanaq ölçülərinin inkişafının geri qalması zamanı, bədənin uzununa inkişaf etməsinə gətirib çıxaran akselerasiyadır.

Qeyd etmək lazımdır ki, hal-hazırda anatomik dar çanaqlı qadınların sayında azalma müşahidə olunur.

Dar çanağın hamiləliyin və doğumun gedişatına təsiri

Dar çanağın mənfi təsiri hamiləlik gedişatının yalnız son aylarında özünü biruzə verir. Dölün başı kiçik çanağa enmir, böyüyən uşaqlıq yuxarı qalxır və tənəffüsü əhəmiyyətli dərəcədə çətinləşdirir. Buna görə də, hamiləliyin sonunda erkən təngnəfəslik əmələ gəlir, bu normal çanaqlı hamiləlik keçirənlərə nisbətən özünü daha çox biruzə verir. Belə hamilələrdə uşaqlıq daha hərəkətlidir. Onun dibi öz ağırlığına görə hamilənin hərəkətlərinə asanlıqla reaksiya verir, bu da dölün başının yuxarıda yerləşməsi ilə yanaşı, dölün yanlış – köndələn və çəp – vəziyyətlərdə yerləşməsinə gətirib çıxarır. Dölün köndələn və çəp vəziyyətdə yerləşməsi olan zahıların 25%-da çanağın müəyyən dərəcədə gözə çarpan daralması müşahidə olunur. Dölün çanaqda irəli yönlənməsi, dar çanaqlı zahılarda normal çanağı olan zahılar ilə müqayisədə üç dəfə daha çox rast gəlinir.

Dar çanaq olduqda hamiləliyin və doğumun aparılması

Dar çanaqlı hamilələr ağırlaşmaların inkişafı baxımından yüksək risk qrupuna aiddirlər və qadın məsləhətxanasında xüsusi qeydiyyatda durmalıdırlar. Dölün yerləşməsi ilə bağlı anomaliyaların və digər ağırlaşmaların vaxtında öncədən müəyyən edilməsi vacibdir. Doğum vaxtını dəqiq müəyyən etmək lazımdır ki, hamiləliyin vaxtından artıq daşınmasının qarşısı alınsın, çünki dar çanaq olduqda bu xüsusilə arzu olunmazdır. Doğumdan 1-2 həftə öncə dar çanaqlı hamilələrə diaqnozun dəqiqləşdirilməsi və məqsədəuyğun şəkildə doğum həlli üsulunun seçilməsi üçün patologiya şöbəsinə yerləşmə tövsiyyə olunur.

Dar çanaq olduqda doğumun gedişatı çanağın daralması dərəcəsindən asılıdır. Cüzi daralma və dölün orta və kiçik ölçüləri olduqda təbii doğum yolları vasitəsilə doğumun həyata keçirilməsi mümkündür. Doğuş zamanı həkim mühum orqanların funksiyasını, doğuş gücünün xarakterini, dölün durumunu və dölün baş hissəsinin zahının çanağına uyğunluğunu diqqətlə izləyir və lazım gəldikdə lazımi anda qeysər kəsiyinin tətbiq edilməsi ilə bağlı qərar qəbul edir.

Keysəriyyəyə mütləq göstəriş

  • III-IV-cü dərəcəli daralması olan anatomik dar çanaq
  • kiçik çanaqda dölün keçməsinə mane olan sümük şişlərinin olması
  • keçirilmiş zədələr nəticəsində çanaqda kəskin deformasiyalar
  • əvvəlki doğum zamanı qasıq birləşməsinin dağılması və ya çanağın başqa zədələri.

Bundan başqa, dar çanağın və aşağıda göstərilən amillərlə birlikdə keysər kəsiyinə mütləq göstəriş kimi göstərilə bilər.

  • dölün ölçüsünün iri olması
  • hamiləliyin vaxtından artıq daşınması
  • dölün xroniki hipoksiyası
  • cinsi orqanların inkişafındakı anomaliyalar
  • keysər kəsiyindən və başqa əməliyyatlardan sonra uşaqlıqda tikiş yeri
  • keçmişdə sonsuzluğun olmasına dair göstəriş
  • 30 və ya daha yuxarı yaşda ilk dəfə doğum keçirmə və s.  

Keysər kəsiyi hamiləliyin sonu - doğum fəaliyyətinin başlanmasından öncə və ya başlama zamanı həyata keçirilir.