Yüklənir...

Hamiləlik testi: bilmək istədiyiniz hər şey

Hamiləlik testi: bilmək istədiyiniz hər şey

Hamiləlik testi  nə deməkdir?

Uşağın təməlinin qoyulmasının ilk günündən hamilə qadının qanında XQ (xorionik qonadotropin) səviyyəsi yüksəlir. Bir neçə həftə sonra isə qanda XQ səviyyəsi o qədər yüksəlir ki, həmin hormon artıq sidiklə ifraz edilməyə başlayır. Hamiləlik testləri sidikdə XQ miqdarını müəyyən edir və əgər nəticə yüksəkdirsə test müsbət cavablı olur və qadına artıq onun hamilə olduğunu xəbər verir.  

 Hamiləlik üzrə testlər necə olur?

Hamiləliyin müəyyən edilməsi üzrə bir neçə test növü vardır ki, onlar bir-birindən xarici görünüşü, dizaynı, istifadədə rahatlığı və qiyməti ilə fərqlənirlər. Test-xətt – bu hamiləlik üçün olan ən ucuz testdir ki, o öz keyfiyyətinə görə yerdə qalan test növlərinə heç də uduzmur. Belə testlərin əsas çatışmazlığı – istifadədə narahat olmasıdır: hamiləliyin müəyyən edilməsi üçün sidiyi təmiz qaba yığmaq və sonra test-xətti sidiyin içinə salmaq lazımdır.

  • Hamiləliyin yoxlanması üçün olan şırnaqlı test bahadır, lakin istifadədə rahatdır. Hamiləliyi müəyyən etmək üçün sidiyi qaba yığmağa gərək yoxdur: testin qəbuledici ucuna bir qədər sidik ifraz etmək yetərlidir və siz bir neçə dəqiqə sonra nəticəni öyrənə bilərsiniz.
  • Hamiləliyin planşet testi ev şəraitində nadir hallarda istifadə edilir ki, bu da istifadəsinin mürəkkəb olması ilə əlaqədardır. Hamiləliyin müəyyən edilməsi üçün sidiyi xüsusi rezervuara yığmaq, sonra pipet vasitəsi ilə bir neçə damcı sidiyi planşetin üzərindəki xüsusi dəliyə (və ya pəncərəyə) damcılatmaq lazımdır.
  • Hamiləliyin rəqəmsal testi – bu testlərin yeni nəslidir ki, istər həkimlər, istərsə də gələcək analar arasında geniş məşhurluq qazanmışdır. Sidiklə əlaqədən sonra həmin test təkcə hamiləliyin olub olmamasını deyil, həm də onun həftələrlə müddətini də təyin edir.

Bəzi testlər sidiklə təmasdan bir dəqiqə, bəziləri 3, bəziləri 5 dəqiqə və s. sonra hamiləliyi qiymətləndirməyə imkan verirlər. Bu haqda məlumatlar hər bir konkret test üçün təlimatlarda göstərilir. Tədqiqatlar göstərir ki, “5 dəqiqəlik” testlər elə “1 dəqiqəlik” testlər qədər səmərəlidirlər.

Ən effektiv test hansıdır?

Hamililik üçün testi seçən zaman həmişə onun qabının üzərində göstərilən həssaslığına diqqət yetirin. Hamiləliyin müəyyən edilməsi üzrə əksər müasir testlər əgər XQ səviyyəsi ən az 25 mİU/ml olduqda müsbət nəticə göstərirlər. Belə XQ səviyyəsi sidikdə menstruasiya gecikməsinin artıq birinci həftəsindən müşahidə edilə bilər.

Hamiləlik üzrə testi necə düzgün etmək olar?

Paradoksal səslənə bilər, lakin testin neçəyə olması deyil, ondan necə istifadə etməyiniz daha mühümdür. Hətta ən ucuz hamiləlik testi, əgər düzgün istifadə edilirsə doğru olan nəticəni göstərəcəkdir. 

1.Test səhər sidiyi ilə edilir

Sidikdə XQ səviyyəsi səhərlər daha yüksək olur – bu onunla əlaqədardır ki, gecə su içməmisiniz və sidiyiniz daha konsentrasiyalı olmuşdur. Buna görə də hamiləliyin müəyyən edilməsi üçün testi (xüsusilə də erkən müddətlərdə) ilk səhər sidiyi ilə yerinə yetirmək lazımdır. Testi günün istənilən vaxtı yerinə yetirməyi tövsiyə edən istehsalçılara inanmayın. Artıq qarışmış sidikdə XQ səviyyəsi elə aşağı olacaqdır ki, test onu müəyyən edə bilməyəcək, siz isə yenidən aptekə yeni test almağa getmək məcburiyyətində qalacaqsınız. Həmin pullara gələcək körpənizin sağlamlığını möhkəmlədəcək fol turşusu almağınız daha yaxşı olmazmı? 

2.Test üçün olan təlimatı oxuyun

Hamiləlik üçün olan testlərin hamısı eyni deyil, buna görə hər dəfə istifadə etməzdən əvvəl istifadə qaydasını oxuyun. Təlimatda hər şey ətraflı olaraq göstərilir. Nəticənin hansı müddətdən sonra məlum olacağına xüsusi diqqət yetirin: bəzi testlərdə nəticə bir dəqiqə sonra görünür, bəzilərində isə 5-10 dəqiqə gözləmək lazım gəlir.

3. Heç olmasa bir xətt görünməlidir

Əgər testi yerinə yetirdinizsə və onun üzərində heç olmasa bir xətt yaranmadısa, deməli ya testi düzgün yerinə yetirməmisiniz, ya da ki test yararsız çıxıb (yararlıq müddəti keçib).

Hamiləlik testini nə vaxt etmək olar?

İndi əksər testlərin üzərində olan qeydlərdə gecikmənin ilk günlərindən və ya hətta gecikmədən əvvəl də hamiləliyi göstərdiyini yazırlar. Təəssüf ki, bu məlumatların əksəriyyəti doğru çıxmır. ABŞ-da aparılmış tədqiqatlar göstərmişdir ki, əksər testlər hamiləliyin müəyyən edilməsinə kifayət qədər həssas deyildirlər, buna görə də hamiləliyin ilkin müddətində mənfi cavablar verə bilərlər. Ginekoloqlar gecikmənin 5-7-ci günündən test etməyi məsləhət görürlər, əgər nəticə mənfi olarsa, testi bir həftə sonra təkrar edilməlidir. Əgər gecikmə müddəti deyil, cinsi əlaqənin tarixi üzrə istiqamət tutmaq istəsəniz, onda hamiləlik üzrə testi cinsi əlaqədən 3,5-4 həftə sonra yerinə yetirmək lazımdır.

Diqqət: Cinsi əlaqədən sonrakı ilk 1-2 həftə ərzində keçirilmiş hamiləlik testlərinin nəticələri yekun nəticə hesab edilə bilməz.

Menstruasiya zamanı da hamiləlik testlərini yerinə yetirmək olar?

Məlumdur ki, qadınlarda hamiləliyin ilkin günlərində qanlı ifrazatlar əmələ ola bilər. Buna görə hətta menstruasiya başlamış olsa da, hamiləliklə əlaqədar şübhələriniz qalıbsa, hamiləliyin müəyyən edilməsi üzrə testi yerinə yetirə bilərsiniz. Əgər qan qatışığı olmayan sidiyi analiz üçün toplaya bilsəniz menstruasiya testin nəticələrinə təsir göstərə bilməyəcək.

Hamiləlik üzrə test əvvəl edilsə necə olar?

Əgər hamiləlik testini gecikmənin baş verməsindən əvvəl və ya cinsi əlaqədən ilk günlər sonra və ya həftə ərzində yerinə yetirmiş olsanız nəticələr düzgün olmaya bilər. Müsbət nəticəni hamiləlik kimi qeyd etmək olar, lakin mənfi nəticə də tam zəmanət vermir ki, hamiləlik baş verməyib. Testi bir neçə gün sonra qəbul edilmiş müddətlərdə təkrar etmək lazımdır.

Hamiləliyi daha erkən müəyyən etmək olar?

Əgər siz hamiləlik testinin müsbət nəticə verəcəyini gözləyə bilmirsinizsə, hamiləliyi daha erkən müəyyən etmək üsulu vardır. Bunun üçün XQ-də qan analizi vermək lazımdır. Qanda XQ səviyyəsi sidikdə olduğundan daha tez yüksəlməyə başlayır, buna görə hamiləliyi nəzərdə tutulan döllənmə dövründən 11 gün sonra artıq müəyyən etmək mümkündür. 

USM edilsə necə olar?

USM hamiləliyi qanda XQ analizinin müəyyən etdiyindən daha gec müəyyən edir. Adətən USM-ni testin artıq müsbət nəticə verməsindən sonra həyata keçirirlər. Əgər USM daha erkən edilərsə, həkim sadəcə heç nə görməyəcək və sizə bir müddət sonra yenidən müayinəyə gəlmək lazım olduğunu söyləyəcək.

Ginekoloqa gedilsə necə olar?

Ginekoloq hamiləliyin ilkin əlamətlərin mövcud olması ilə əlaqədar sizi baxışdan keçirə bilər: uşaqlığın ölçülərinin böyüməsi, əlləmə zamanı uşaqlığın sıxlaşması və s. Həkim sizin hamilə olub-olmamağınız barədə öz fikrini söyləyə bilər, lakin yenə də nə qədər ki, qanın XQ təhlili və ya hamiləlik üzrə test nəticələri müsbət olmayacaq ginekoloq qəti bir söz söyləyə bilməyəcək.

Məndə gecikmə var, lakin test nəticələri mənfidir. Bu nə deməkdir?

Əgər cinsi əlaqəli həyat yaşayırsınızsa, menstruasiyanın gecikməsi ilk növbədə hamiləliyin olması barədə düşünməyə vadar edir. Lakin gecikmənin səbəbi həmişə hamiləlik olmaya bilər. Menstruasiya gecikmələrinin digər səbəbləri:

  • Stress, emosional gərginlik
  • Fiziki yorğunluq
  • Yaşayış yerinin, iqlimin, ilin fəslinin dəyişməsi
  • Xroniki xəstəliklərin kəskinləşməsi
  • Soyuqdəymə xəstəlikləri
  • Hormonal pozuntular (misal üçün, qalxanabənzər vəzin xəstəlikləri)
  • Yumurtalığın kistası
  • Yumurtalıqların fəaliyyətinin pozulması səbəbindən hormonal pozuntular
  • Yumurtalıqların polikistozu

Əgər hamiləlik üzrə test mənfi nəticə vermişdirsə, onda baxışdan keçmək üçün ginekoloqa müraciət etmək lazımdır. Həmçinin USM-nə getmək olar: endometriya qalınlığı əsasında USM zamanı menstruasiyanın nə zaman baş verə biləcəyini, bəzən isə gecikmənin səbəbini müəyyən etmək olur.

Sizdə gecikmə yoxdur hamiləliyin digər əlamətləri var, lakin test mənfi cavab verir

Belə də olur ki, cinsi aktdan sonra az bir zaman keçib və gecikmə hələ baş verməyib, lakin hamiləliyin ilk əlamətləri artıq hiss edilir: ürəkbulanma, qaytarma, süd vəzlərinin şişməsi, dad hisslərinin dəyişməsi, yuxululuq, əhval dəyişiklikləri və s. Siz hamiləliyin müəyyən edilməsi üçün test edirsiniz, lakin nəticə mənfi olur. Bu vəziyyətdə nə etmək lazımdır? Bir neçə variant mümkündür:

  • Gözləmək. Sizdə menstruasiyanın baş verməli olduğu günü gözləyin. Əgər o vaxtında baş verərsə hamiləlik az ehtimal ediləndir. Amma yenə də hamiləlik testi bir neçə gün sonra təkrar edə bilərsiniz.
  • Qanın XQ analizini verin. Bu analiz hələ gecikmələr olmamış və test müsbət nəticələr göstərməmiş ilkin müsbət rəy verə bilər.

Əgər mən hamiləlik əleyhinə həblər qəbul edirəmsə necə olacaq?

Hamiləlik əleyhinə həblər test nəticələrinə təsir göstərmirlər. Test nəticələrinə, hətta oral hormonal kontraseptivlər qəbul etdikdə belə inana bilərsiniz.

İkinci xəttin olduqca zəif olması nə deməkdir?

İkinci xəttin rəng almasının intensivliyi qandakı XQ tərkibin konsentrasiyasından asılıdır. Hamiləlik müddəti nə qədər çox olarsa, qan və sidikdəki XQ konsentrasiyası da bir o qədər yüksək olacaqdır. Buna görə də əgər ikinci xətt güclə sezilmiş olsa belə hamiləlikdən xəbər verə bilər.

Əgər ikinci xətt sidik ilə təmasdan 10-20 dəqiqə sonra əmələ gəlmişdirsə, bu nə deməkdir?

Hamiləliyin test nəticələrini üzərində yazılmış təlimatlara müvafiq müddətlər çərçivəsində qiymətləndirmək lazımdır. Həmin müddət keçdikdən sonra baş vermiş istənilən dəyişikliklər hesaba alınmır.

Test cavabı müsbətdir – bu yanlışlıq ola bilər?

Hamiləlik üzrə testin müsbət nəticələri nadir hallarda yanlış çıxır. Əgər test “zolaqlı” çıxmışdırsa, onda ginekoloqa müraciət etmək lazımdır.

Test cavabı müsbətdir, lakin menstruasiya baş verdi

Hətta menstruasiyaya oxşar qanlı ifrazatlar peyda olmuş olsa belə testin müsbət nəticələrini etibarlı saymaq lazımdır. Yəni, siz həqiqətən hamiləsiniz, lakin bu anda hamiləliyiniz təhlükə altında ola bilər. Belə halda mümkün qədər tez həkimə müraciət etmək tövsiyə edilir ki, o qanaxmanın səbəbini müəyyən edəcək və zəruri müalicəni təyin edəcəkdir.   

Test dayanmış hamiləliyi göstərə bilər?

Hamiləliyin donması halında testlər bir neçə həftə ərzində müsbət nəticəni göstərə bilər, buna görə belə xəstəliklərin diaqnostikasında hamiləlik üzrə testlərdən istifadə edilmir. Donmuş hamiləliyin necə müəyyən edilməsi barədə “İnkişafdan qalmış hamiləlik: səbəbləri və əlamətləri” məqaləsində oxuya bilərsiniz.