Hamiləlik zamanı dəri qaşınması
Qaşınma – sinir sonluqlarının daimi olaraq qıcıqlanması nəticəsində dərini və selikli qişaları güclü qaşımaq hissi ilə narahat edir. Hamiləlik zamanı bir çox qadınlar tez-tez güclü diskomfort hissi yaradan dəri qaşınmasından (xüsusən də qarın və döş nahiyəsinin dərisi) şikayətlənirlər. Qaşınma daimi və ya vaxtaşırı ola bilər, axşam və gecə vaxtı güclənə və ya bütün gün ərzində narahat edə bilər, öz-özünə yarana və ya başqa bir xəstəliyin simptomu ola bilər.
Dəri qaşınmasının yaranma səbəbləri
Əsas səbəblərə aşağıdakıları aid edirlər:
- Qarının və döşlərin böyüməsi. Hamiləliyin ikinci yarısında dəri sürətlə dartılmağa başlayır, toxumabirləşdirici liflərin partlamaları yaranır və daima dərini qaşımaq istəyi əmələ gəlir. Qaşınma xüsusilə axşam və gecə vaxtı güclənir;
- Allergik reaksiyalar. Allergen kimi yeni gigiyena vasitələri, bitki tozu, qida məhsulları və s. ola bilər. Qaşınmadan başqa allergiya üçün qızartılar, şişkinlik, səpkilərin olması xarakterikdir;
- Həddindən artıq tərləmə. Gigiyena qaydalarına məhəl qoyulmadıqda tər bədənin qırış yerlərində toplanıb qaşınma əmələ gətirə bilər;
- Hamilə qadınlarda xolestaz (hormonal dəyişikliklər nəticəsində qaraciyər və öd yollarının fəaliyyətində pozulmalar). Xolestaz ovuclarda və ayaq pəncələrində güclü qaşınma və qızartılar ilə xarakterizə olunur, sonralar isə bədənin qalan hissələrinə yayıla bilər;
- Şəkərli diabet;
- Nadir növ toksikozların təzahürü kimi hamilə qadınlarda dermatozlar. Bu yalnız hamiləlik zamanı meydana gələn dəri xəstəlikləri qrupudur. Bütün bədənə yayılan və ümumi əhvalın pisləşməsinə, əsəbiliyə, yuxusuzluğa gətirib çıxaran hamilə qadınlarda müşahidə olunan qaşınma daha çox rast gəlinir. Güclü qaşınma, yandırma və dəridə səpkilərin olması ilə təzahür olunan ekzemalar daha az rast gəlinir;
- Hamilə qadınlarda sarılıq (həmçinin toksikozların nadir növüdür). Qaraciyərin zədələnməsi, dərinin sarı rəngə boyanması, güclü qaşınma ilə xarakterizə olunur;
Diqqət! İstənilən halda qaşınmanın yaranma səbəbini müəyyən etməyə çalışmaq, ələlxüsus özbaşına müalicə ilə məşğul olmaq lazım deyil. Dəri qaşınmasının ilk əlamətləri olduqda dərhal həkimin qəbuluna düşmək lazımdır.
Hamiləlik zamanı dəri qaşınmasının müalicəsi
Dəri qaşınmasının müalicəsi hər şeydən əvvəl bu simptomu əmələ gətirən səbəbin aradan qaldırılmasına yönəlir. Bundan əvvəl qaşınmanı müvəqqəti kəsməyə və ya onun təzahürlərini heç olmasa bir az yüngülləşdirməyə kömək edəcək üsullardan istifadə etmək olar:
- Müntəzəm olaraq otağın havasını dəyişmək və nəmləndirmək. Çox tərləmənin qarşısını almaq üçün otaq sərin olmalıdır (18°C-dən artıq olmamaq şərti ilə);
- Şəxsi gigiyena qaydalarına riayət etmək. Gündə bir neçə dəfə isti və ya kontrast duş qəbul etmək tövsiyə edilir;
- Sistematik olaraq qaşınan yerləri yumaq - müalicəvi otların həlimləri (bataqlıq zambağı, çobanyastığı, üçrəngli bənövşə, pişikdili) və ya çay sodasının zəif məhlulu ilə;
- Müntəzəm olaraq çobanyastığı və su gülü ilə applikasiyalar etmək. Otları sıyıqvari vəziyyətədək sürtüb əzmək, dərinin qaşınan sahəsinə yaxmaq və tənzif salfetlə örtmək lazımdır. Prosedur gündə 2 dəfə bir neçə saat ərzində yerinə yetirilir. Bu üsullar qaşınmanı qısa müddətə aradan qaldırmağa kömək edəcəkdir. Amma yenə də əsas məqsəd xəstəliyin özünün müalicəsidir.
Allergik reaksiyanın simptomu olan dəri qaşınmasının meydana gəlməsi zamanı hər şeydən əvvəl ən vacib məsələ allergenin təsirini aşkarlamaq və aradan qaldırmaqdır. Əksər hallarda bundan sonra qaşınma dərhal kəsilir. Allergiyaya qarşı dərmanların özbaşına qəbulu qəti qadağandır, müalicəni yalnız həkim-allergoloq təyin etməlidir.
Şəkərli diabet olduqda qanda şəkərin səviyyəsinə ciddi olaraq nəzarət etmək lazımdır. Ola bilsin ki, əlavə insulinin yeridilməsi tələb olunsun. Müalicə endokrinoloqun daimi nəzarəti altında keçməlidir.
Hamilə qadınlarda dermatozlar zamanı qadına adətən stasionar müalicə tövsiyə edilir. Acı, duzlu və hisə verilmiş yeməklərin istisnası ilə pəhriz təyin edilir.
Hamilə qadınlarda xolestaz zamanı müalicə yalnız stasionarda aparılmalıdır.
Hamilə qadınlarda sarılıq (toksikozun nadir növü) çox təhlükəli xəstəlikdir və qadının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Diaqnoz qoyulduqda hamilə qadını təcili olaraq xəstəxanaya yerləşdirirlər və hamiləliyi hansı müddətdə olmasından asılı olmayaraq dayandırırlar.
Qaşınmanın profilaktikası
Dəri qaşınması hamilə qadına xoşagəlməz anlar yaşadır, onun hal əhvalına təsir edir, gecə yuxusunu pozur. Müalicə həmişə effektiv olmur və qaşınma əlamətləri yenidən qayıda bilər. Bu səbəbdən də qabaqlayıcı tədbirlər çox vacibdir:
- Çəkiyə nəzarət. Çəkinin artıq olması və qeyri-bərabər artması zamanı böyük ehtimalla dəri dartıla və qaşınmanın meydana gəlməsinə gətirib çıxaran dartılmalar əmələ gələ bilər;
- Gigiyena qaydalarına riayət etmək. Gündə ən azı bir dəfə isti (qaynar olmayan) duş qəbul etmək lazımdır, hamiləlik zamanı isti vannaların qəbulu qadağandır;
- Dərinin qurumasının qarşısını almaq. Su prosedurlarından sonra dəriyə mütləq losyon və ya bədən kremi vurmaq lazımdır;
- Sığallamaların və sürtmələrin bir-birini əvəz etməsi ilə masaj. Dartılmalara və müvafiq olaraq dəri qaşınmasının əmələ gəlməsinə qarşı bir profilaktik vasitə kimi çox yaxşı kömək edir;
- Yalnız təbii parçalardan (pambıq, yun, kətan) olan paltarlara üstünlük vermək.