Yüklənir...

Hamiləlik zamanı əsəbilik

Hamiləlik zamanı əsəbilik

Hamiləlik zamanı əsəbilik

Hamiləlik hər bir qadının həyatında gözəl bir dövrdur. Lakin ana olmaq sevincindən tam şəkildə həzz almağa mane olan yüksək əsəbilik, ağlağanlıq və pis əhval-ruhiyyə olmasa idi daha yaxşı olardı. Hamiləlik zamanı nə üçün əsəbilik yaranır və onun öhdəsindən hansı üsullarla gəlmək olar?

 Hamilə və əsəbi qadın: pis əhval-ruhiyyənin səbəbləri

Həkimlər və psixoloqlar gələcək anaların “dartılmış sim” vəziyyətində olmaları ilə bağlı əsas üç səbəb göstərirlər. Onlara aşağıdakılar aiddir:

 1. Hamiləliyin ilk rübünün əvvəlində özünü açıq-aydın göstərən orqanizmdə gedən hormonal dəyişikliklər. Məhz ilkin dövrlərdə qadın ağlağan, əsəbi və tez hirslənən olur. Bu dəyişikliklərdən nə hamiləliyi planlaşdıranlar, nə də ki bu xəbəri qəfildən qarşılayanlar sığortalanmayıb.
 2. Böyük fiziki yüklənmələr. Hamiləliyin hətta son aylarında işə getməyə məcbur olan qadınlar üçün xüsusilə ağırdır. Üstəlik paltar yuma-yemək bişirmə-təmizlik işləri-həyat yoldaşına və kiçik uşaqlara qulluq (əgər birinci hamiləlik deyilsə). Axı burada necə qəzəbli və əsəbi olmamaq olar?
 3. Mən kainatın mərkəziyəm. Elə də olur ki, hamilə qadın özünü şıltaq bir uşaq kimi aparmağa başlayır. O həmişə şikayətlənir, hesab edir ki, yaxınları ona az diqqət yetirir, özündə mövcud olmayan xəstəliklər axtarır və bütün varlığı ilə ona necə çətin və ağır olduğunu nümayiş edir. Bu psixoloji problem hamilə qadının qohumlarına xeyli əziyyət verir. Bundan başqa, onlar anlamır ki, bu cür davranış qadının sevgi və diqqətin yüksək dozasını almaq istəyindən irəli gəlir. Ona istədiyini verin, gələcək ananı hərtərəfli qayğı ilə əhatə edin və siz görəcəksiniz ki, vəziyyət qaydasına düşəcəkdir.
 

Özünüzə nəzarət edin!

Təbii ki, hər şeyi boş buraxıb sizi üstələyən hisslərə təslim ola bilərsiniz. Buna dəyərmi? Axı siz bətninizdə sizdən tamamilə asılı olan bir kiçik varlıq gəzdirirsiniz. Bütün emosiya və həyəcanlarınız körpəyə ötürülür, ona görə də hamiləlik zamanı yüksək əsəbiliyin aradan qaldırılması üçün təcili olaraq ölçülər götürün.

Bu işdə sizə aşağıdakı tövsiyələr kömək edə bilər:

  • Həyata yumorla yanaşın, dünyaya təbəssümlə baxın.
  • Oyandıqdan dərhal sonra ayağa durmağa tələsməyin. Öz orqanizminizi pozitivə yükləmək üçün beş dəqiqə ayırın. Öz-özünüzə deyin ki, bu gün sizin əla əhval-ruhiyyəniz var və heç nə və heç kim onu poza bilməyəcəkdir.
  • Dilinizi dinc qoyun. Heç vaxt ətrafdakılarla öz şəxsi həyatınızı və sağlamlıq durumunuzu müzakirə etməyin. Bu universal məsləhətdir və yalnız hamilə qadınlara deyil, ümumiyyətlə hamıya aiddir. Sizə heç kəs ən yaxşı rəfiqənizlə dedi-qodu ilə məşğul olmağa qadağa qoymur, lakin təsadüfi rast gələn bir insana ürəyinizi tökməyin! Əvəzində sizin həyatınızı kəskin şəkildə pis tərəfə dəyişə biləcək xeyli faydasız və hətta təhlükəli məsləhətlər ala bilərsiniz.
  • Sorğu-sual etməyin. Həyatında ilk dəfə doğuş keçirəcək bir çox qadınlar analarından, iş yoldaşlarından, qohum və rəfiqələrindən bütün təfərrüatları öyrənməyə çalışırlar. Sual: nə üçün? Hamı onsuz da bilir ki, doğum ağrılıdır. Özünüzü doğum əzabları, ağırlaşmaları, anomaliyaları və digər “təfərrüatlar” haqqında hekayələr ilə qorxutmaq nəyə lazımdır ki? Bu işdə sizə nəzarət edən ginekoloqa etibar edə bilərsiniz.
  • Komfort zonanızı qoruyun. Qadın öz ünsiyyət çevrəsini ən yaxın və lazım olan adamlara qədər məhdudlaşdırarsa hamiləlik zamanı əsəbilik qısa bir müddətdə keçib gedəcəkdir. Və unutmayın ki, bu ünsiyyət xoşagələn olmalıdır. Qonşu mağazadakı satıcı sizi hirsləndirir? 100 metr aralı gəzin və ərzaqları başqa supermarketdən alın. Ümumilikdə özünüzə problem yaratmayın.
  • Əgər mənfi əhval-ruhiyyə səs, iy və dadlar səbəbindən yaranırsa, onları bir neçə aylığına öz həyatınızdan çıxarın.

Effektiv sakitləşdirici üsullar

Əsəbiliyi necə aradan qaldırmaq olar? Effektivliyi təcrübədə dəfələrlə sübut olunmuş üsullardan istifadə edin.

  • Art-terapiya

Ginekoloqlar hamilə qadınlara mayalanmanın ilk günlərindən etibarən rəsmlə məşğul olmağı məsləhət görürlər. Burada bacarıq və istedad heç bir əhəmiyyət kəsb etmir. Rəsm çəkən zaman mənfi emosiyalar kənara atılır - ən əsası elə budur. Rəsm çəkmək istəmirsiniz? Plastilinlə işləyin, gələcək körpəniz üçün əşyalar toxuyun, kvillinq və skrapbukinqlə məşğul olun,  otaq bitkiləri yetişdirin, naxış tikməklə məşğul olun – yaradıcılıqla məşğul olmaq üçün seçim çoxdur.

  • Fiziki fəallıq

Məhdud fiziki yüklənmələr sizin üçün faydalı olacaqdır. Birincisi, siz sakitləşə, rahatlaşa və lazımsız fikirləri beyninizdən çıxara biləcəksiniz. İkincisi, müntəzəm məşqlər sizin bədən quruluşunuzu yaxşı vəziyyətdə saxlamağa kömək edəcəkdir. Üçüncüsü, hamiləliyin bütün 9 ayı ərzində fəal həyat tərzi keçirən qadınlar daha asan və tez doğurlar. Bunun üçün də, tərəddüd etmədən yoqa və ya rəqslərə yazılın, gimnastika ilə məşğul olun və piyada gəzin.

  • Xoşagələn musiqi

Hamiləlik zamanı əsəbiliyi və gərginliyi yatırtmaq üçün sizə xoşagələn sakitləşdirici musiqi kömək edəcəkdir. İnternetdə çoxlu müxtəlif musiqi kolleksiyaları vardır, dinləyin və məhz sizin zövqünüzə uyğun gələnləri seçin.

  • Otağın havasının dəyişdirilməsi

Mənzilin havasını mümkün qədər tez-tez dəyişdirin və siqaret çəkən insanların olduğu yerlərdən uzaq durun.

  • Öz problemləriniz haqqda danışın

Qorxularınız haqda susmayın, bu çox təhlükəlidir. Qorxu heç yerə getməyəcəkdir, o qəzəbin və pis əhval-ruhiyyənin yeni tutmalarını əmələ gətirərək sizin qəlbinizdə toplanacaqdır. Öz problemlərinizi həyat yoldaşınızla müzakirə edin, ürəyinizi ona açın və yaxınlarınıza sizi sakitləşdirməyə imkan verin.

  • Gündəlik rejim

Tam istirahət və dərin yuxu möcüzələr yaratmağa qadirdir. Yuxu zamanı orqanizmin tam şəkildə bərpası gedir. O yalnız fiziki yorğunluqdan deyil, həm də mənfi təəssüratlardan, emosiyalardan və gərginlikdən qurtulmağa kömək edir.

Əsəbiliyə qarşı pəhriz

Bu mövzu tükənməzdir! Hansı ərzaqlar əsəbiliyi aradan qaldırmağa və hamilə qadını tam dinclik və əmin-amanlıq vəziyyətinə gətirməyə qadirdir? Bütövlükdə siyahı qarşınızdadır:

  1. Əlavələr, ədviyyatlar və s. Birinci və ikinci yeməyə mixək, karri, istiot və darçın vurun. Otları da unutmayın – nanə, cəfəri, şüyüd, reyhan, kişniş, kərəviz. Həmçinin şirələrdən (nar, laym və limon) və qoz-fındıqdan (fındıq, keşyu, badam, qoz və fıstıq) istifadə etmək olar.
  2. Buxarda və ya suda bişirilmiş tərəvəzlərə üstünlük verin. Qızardılmış yeməklərdən imtina edə bilməyənlərə isə qızartmanın ziyansız üsulundan (qrildə və ya duxovkada) istifadə etməyi tövsiyə edirik.
  3. Balıq – bu məhsul gələcək ananın rasionunda mütləq olmalıdır. Vaxtaşırı özünüzü tuna balığı, qızılbalığı, paltus, pikşa və sardina ilə əzizləyin. Məsələ ondadır ki, balığın tərkibində çoxlu B vitamini vardır. O stress vəziyyətləri, xəstəliklər və əsəbi narahatçılıqlar zamanı orqanizm tərəfindən fəal şəkildə sərf edilir, bu vitaminin defisiti isə insanın hal və əhval-ruhiyyəsində özünü pis göstərir.
  4. E vitamini – azad radikalları məhv edir, yorğunluğun aradan qaldırılmasına kömək edir, əhval-ruhiyyəni artırır, depressiya ilə mübarizə aparmağa kömək edir. O avokado meyvəsinin, dənli bitkilərin, göyərtinin, küncütün, rafinə edilməmiş bitki yağının, südün və qaraciyərin tərkibində vardır.
  5. Xrom – hamilə qadının orqanizmini stresslərdən müdafiə edir və immuniteti artırır. Həmçinin bu element qadına çox lazım olan sink və dəmiri qanda saxlamağa kömək edir. Ət, sərt undan hazırlanmış çörək, yumurta, pendir, soya, noxud, lobya, pomidor və alma yeyin.
  6. Melissalı (limonotulu) çay için. Unutmayın ki, ərzaqlar uzun müddət suda bişirildikdə xrom sürətlə məhv olur. Un məmulatlarını sevənləri də bu aqibət gözləyir.
  7. Şirniyyata gəldikdə isə, ondan sui-istifadə etmək tövsiyə edilmir. Hərdən bir konfet və ya şirin pirojna yemək olar, lakin gündəlik olaraq pis əhval-ruhiyyəni yeməklə aradan qaldırmaq – yaxşı bir şey deyil.
  8. Həmçinin zəngin səhər yeməyi, nahar və şam yeməklərindən imtina edin. Qidalanma tez-tez və kiçik hissələrlə olmalıdır. Belə halda orqanizm qəbul olunmuş qidanı daha tez mənimsəyəcək, qanda şəkərin səviyyəsi normallaşacaq və siz özünüzü yüngül və azad hiss edəcəksiniz.

Psixoloqların köməyi

Yuxarıda göstərilənlərdən heç biri kömək etmədi? Əsəbilik sizin ikinci təbiətinizə çevirilib? Burada peşəkar psixoloqun məsləhəti olmadan keçinmək mümkün deyil.

Həyatdan zövq alın, bir-birinizi təbəssümlə qarşılayın və çalışın hər xırda şeyə görə əsəbləşməyin.