Yüklənir...

Hamiləlik zamanı ürək bulanma və qusma: kömək və müalicə

Hamiləlik zamanı ürək bulanma və qusma: kömək və müalicə

Hamiləlik zamanı ürək bulanma və qusma: kömək və müalicə

Mən özümü çox pis hiss edirəm. Bu normaldır? Hamiləliyin ilk günləri üçün yaxşıdan daha çox pis hal əhval xarakterikdir və bu tamamilə normaldır. Nasazlığın dərəcəsi müxtəlif ola bilər. Bəzi qadınlar oyanma zamanı yüngül ürək bulanma hissi keçirirlər, başqalarında isə ürək bulanma həftə və aylarla bütün gün ərzində davam edir. 

Erkən toksikoz fiziki və emosional durumunuza və həyat tərzinizə təsir edə bilər. Öz işinizin öhdəsindən gəlməkdə, insanlarla ünsiyyət qurmaqda və ya böyük uşaqlarınıza qayğı göstərməkdə çətinlik çəkirsinizsə, sizə öz rejiminizdə müəyyən dəyişikliklər etməniz lazım gələcəkdir. Öz ailə üzvlərinizlə onların sizə necə kömək edəcəkləri haqqda müzakirə edin, məsələn, alış-veriş, yemək bişirmə, uşaqlara qulluq etmə və s. 

Bir çox qadınlara toksikoz səbəbi üzündən iş yerindən məzuniyyət götürmək lazım gəlir. Ola bilsin ki, hələ heç kimə hamiləliyiniz haqda məlumat verməmisiniz, ona görə vəziyyətinizi gizlətmək bir az çətin ola bilər. Kömək və dəstək almaq üçün sizə bu xəbərlə planlaşdırdığınızdan daha əvvəl bölüşmək lazımdır.

Həkimə nə vaxt müraciət etmək lazımdır?

Həkimlə mümkün qədər tez məsləhətləşmək lazımdır, çünki vaxt keçdikcə toksikozun öhdəsindən gəlmək daha da çətin olacaqdır. Buna görə də ürək bulanma sizin gündəlik həyatınıza ciddi təsir etməyə başlayan kimi həkimə müraciət edin. Buna baxmayaraq, mütəxəssislər hesab edirlər ki, yalnız güclü qusmanı müalicə etmək lazımdır, çünki o sizin və sizin körpəniz üçün ağırlaşmalara gətirib çıxara bilər. Ona görə də bir çox hallarda həkimlər sizə sadəcə əhvalınız yaxşılaşanadək gözləməyi tövsiyə edə bilərlər. 

Bir çox həkimlər ürək bulanmasını ağır olmayan hal kimi qiymətləndirirlər. Lakin tədqiqatlar göstərir ki, bəzən onu qadının həyatına təsirini lazımi qədər qiymətləndirmirlər. Müəyyən edilmişdir ki, bəzi qadınlar ürək bulanmasını qusmadan daha pis keçirirlər, çünki sonuncu heç olmasa müvəqqəti yüngüllük gətirir. 

Əgər gün ərzində qusma tez-tez təkrarlanırsa və ona görə siz nə qida, nə də maye qəbul edə bilirsinizsə, və çəki itirirsinizsə, o zaman mütləq təxirə salmadan həkimə müraciət etmək lazımdır. Sizdə susuzlaşma və üzülmə başlaya bilər. Erkən mərhələdə müalicəyə başlama sizə güclü toksikozun qarşısını almağa və azğın qusma (hiperemezis) səbəbi ilə xəstəxanaya düşmədən yaxa qurtarmağa kömək edəcəkdir.
Əgər yeni hamiləlik planlaşdırırsınızsa və əvvəlki hamiləlik zamanı toksikozdan əziyyət çəkmisinizsə, erkən müalicə bu nasazlığın təkrarlanmasının qarşısını almağa imkan verəcəkdir.

Vəziyyətinizi necə yüngülləşdirə bilərsiniz?

Çox güman ki, siz sizdə ürək bulanması yaradan məhsul və iylərdən artıq imtina etmisiniz. Simptomların qarşısını almaq və ya heç olmasa yüngülləşdirmək üçün aşağıda göstərilənləri etməyə çalışın: 

  • Az miqdarda və tez-tez qida qəbul edin. Mədə boş qaldıqda vəziyyət daha da pisləşir.Qanda şəkərin səviyyyəsinin normada olmasına nəzarət edin və gün ərzində yüngül qidanı kiçik porsiyalarla qəbul edin.
  • Ürəyiniz istədiyi qidanı, istədiyiniz vaxt yeyin. Lakin çalışın yağlı, acı, turş və ya qızardılmış qidadan uzaq durun. Zülal və B vitamini ilə zəngin olan, qatıq kimi məhsullarla qidalanın. Bu məqsəd üçün, tez bir zamanda qəlyanaltı etmək üçün, məsələn, kreker əla yerinə düşə bilər.
  • Çarpayının yanındakı dolabçanın üzərində adi peçenye kimi yüngül bir qəlyanaltı saxlayın. Oyandıqdan sonra bir neçəsini yemək və ayağa durmamışdan öncə bir az uzanmaq olar.
  • Gündəlik tutun. Nə vaxt özünüzü pis və ya yaxşı hiss etdiyiniz haqqda qeydlər aparın. Əksər hallarda bu günün vaxtından asılıdır. Və, ola bilsin ki, siz elə vaxt tapacaqsınız ki, ürək bulanması hiss etmədən yeyə və içə biləcəksiniz.
  • Əgər siz maye qəbulundan özünüzü pis hiss edirsinizsə, çalışın qida qəbulları arasında için və yemək yeyərkən içkilərin qəbulunu məhdudlaşdırın. Lakin mütləq müntəzəm olaraq maye qəbul etmək lazımdır. Əgər maye qəbulundan ürəyiniz bulanırsa, buz kubiklərini sormağa cəhd edin.
  • İmkan daxilində istirahət edin və lazım gəldikdə işdən məzuniyyət götürün. Stres və yorğunluq toksikozun simptomlarını ağırlaşdıra bilər.
  • Limon iyləməyə cəhd edin — kəsilməmiş limon iyi ürək bulanmasını aradan qaldırmağa kömək edəcəkdir. Soyuq çaya və ya mineral suya limon dilimləri əlavə etmək olar.
  • Sürtkəcdən keçirilmiş zəncəfil kökünü dəmləyin və ya zəncəfil siropu və ya kapsullarda zəncəfil için. Məlumdur ki, zəncəfil mədənin fəaliyyətini qaydaya salır və ürək bulanmasını aparır. Buna baxmayaraq, onu az dozalarda və ehtiyatla qəbul etmək lazımdır, çünki o hamıya düşmür.
  • Aptekdə satılan akupressur qolbaqlar və ya dəniz xəstəliyinə qarşı qolbaqlar gəzdirin. Onlar bəzi qadınlara ürək bulanma və qusma tutmalarını aradan qaldırmağa kömək edirlər.
  • В6 vitamini (piridoksin) və ya hamilə qadınlar üçün polivitaminlər toksikozu azalda bilərlər. Əgər siz polivitaminləri mayalanma dövründə qəbul etməyə başlasanız sizdə daha az ağır simptomlar olacaqdır. Hamilə qadınlar üçün polivitaminlərin qəbulundan öncə həkimlə məsləhətləşin.
  • Aromaterapiya (laym, limon və ya başqa sitrus meyvələrinin yağları) və ya homeopatiya kimi təbii müalicə vasitələri də kömək edə bilər. Lakin onların tətbiqindən öncə hamilə qadınların müalicəsi ilə bağlı təcrübəsi olan ixtisaslı mütəxəssislə məsləhətləşmək lazımdır.
  • Öz hisslərinizlə sizi anlaya və kömək edə biləcək insanlarla bölüşün.

Hansı tibbi vasitələr kömək edə bilər?

Əksər hallarda qadınlar toksikozun öhdəsindən gəlmək üçün digər  üsullardan uğursuz istifadə cəhdlərindən sonra nadir hallarda dərmanların köməyinə müraciət edirlər. Çoxları hamiləlik zamanı dərman vasitələrinin qəbulundan bilərəkdən imtina edirlər. Ola bilsin ki, dərmanların uşağa ziyan edəcəyindən ehtiyat edərək onları qəbul etmək istəməyəcəksiniz. 

Buna baxmayaraq, hamilə qadınlar üçün təhlükəsiz olan toksikoza qarşı təsirli dərmanlar mövcuddur. Onları yuxarıda göstərilən digər üsulların istifadəsi ilə yanaşı tətbiq etmək olar. Bu dərmanların qəbulunu toksikozun yüngülləşdiyi hamiləliyin 12-14-cü həftəsində dayandırmaq olar. 

В6 vitamini (piridoksin) 

Güclü toksikozdan əziyyət çəkən qadınlarda orqanizmdə B6 vitamininin aşağı səviyyədə olması aşkar olunmuşdur. Tədqiqatlar göstərmişdir ki, bu vitamin əlavə təsirlər yaratmadan ürək bulanmasını yüngülləşdirməyə kömək edir. Onu reseptsiz almaq mümkün olmasına baxmayaraq, əvvəlcə həkimlə məsləhətləşmək lazımdır. Hamilə qadınlar üçün piridoksinin tövsiyə olunan dozası gündə 3-4 dəfə 10-25 mq təşkil edir. Reseptsiz satılan bəzi dərmanların tərkibində bundan daha böyük dozalar olur. Və böyük dozaların qəbulunun təhlükəsizliyinə dair tədqiqatlar aparılmamışdır. 

Hamilə qadınlar üçün keyfiyyətli polivitaminlər də toksikoz simptomlarını azaldırlar. Lakin unutmayın ki, hamiləlik zamanı vitamin və mineralların qəbulu da tibbi müalicə hesab olunur, ona görə də onların tətbiqindən öncə ginekoloqunuzla məsləhətləşin. 

Erkən toksikozu onun ağırlıq dərəcəsinə görə fərqləndirirlər: yüngül, orta və ağır. Ağır qusma zamanı (gündə 6-12 dəfəyədək)  orqanizmdə mineral maddələrin itkisini bərpa edən və intoksikasiya səviyyəsini azaldan stasionar müalicə və infuzion terapiya təyin edilir. 

Xüsusilə ağır hallarda hamiləliyə son qoyulur.