Yüklənir...

Doğum haqqında 12 yanılma

Doğum haqqında 12 yanılma

Doğuş haqqında 12 yanılma

Doğuş gələcək analar üçün ən populyar mövzudur. Bu həyəcanlı hadisə haqqında nələr deyilmir, nələr məsləhət görülmür... Təəssüf ki, “təcrübəli” rəfiqələrindən, qohum və tanışlarından hamilə qadının aldığı informasiyanın hamısı gerçəkliyə uyğun gəlmir. Gerçəkliklə yanılmanı bir-birindən necə fərqləndirməli? Gəlin doğuşa aid olan ən populyar yanılmaları qeyd edək.

  Birinci yanılma:  Doğum günü limon şirəsi qatılmış mineral sudan başqa bütün yeməklər və içkilər qəti qadağan edilir

Yanlışdır, çünki doğum anadan çoxlu güc və enerji tələb edir. Buna görə doğum günü bir boşqab bulyon, şirin çay içə, kreker, suxarı, yoqurt yeyə bilərsiniz. Ac qalmayın, çünki hələ qüvvə lazım olacaqdır. Düzdür, bəzi həkimlər mütəmadi doğum fəaliyyətinin başladığı andan eitbarən qida qəbul etməyi məsləhət görmür. Qidaya məhdudiyyətin qoyulması ondan irəli gəlir ki, doğum zamanı narkoz verilməsinə ehtiyac yarana bilər. Bu zaman qusma ehtimalı böyük olur. Narkoz vəziyyətində olan qadında qusuntu kütlələrinin ağ ciyərə daxil olmasına gətirib çıxarar ki, bu da pis nəticələrə səbəb ola bilir.

 İkinci yanılma:  Doğum fəaliyyəti başladıqda, dərhal doğum evinə getmək lazımdır

Bu bəlkə də ondan irəli gəlir ki, bədii filmlərdə çox vaxt doğum maşında, qatarda və s.-də təsvir edilir. Əslində doğumun davam etdiyi müddət tələsmədən doğum evinə çatmağa imkan verir. Belə ki, ilk doğum bir qayda olaraq 10-12 saat davam edir. Sonrakı doğumlar bir qədər az (6-8 saat) davam edir. Lakin bununla belə doğum evinə çatmaq üçün vaxt yetərlidir. Amma əvvəlki doğumlar tez və ya sürətlə baş vermişdirsə, su gəldikdə, xüsusən də su şəffaf olmadıqda, yaşıla bənzədikdə, doğum evinə tələsmək lazımdır, çünki bu, uşağın bətndə əziyyət çəkməsindən xəbər verir. Xüsusən də cinsi yollardan qan gəldikdə, doğum evinə tələsmək lazımdır: bu, plasentanın ayrıldığı zaman (həm ana, həm də körpənin həyatına təhdid edən vəziyyətdir) baş verə bilir. Yerdə qalan hallarda doğum evinə ilk doğumda doğum tutmaları arasındakı fasilələr orta hesabla 10 dəqiqə, ikinci və sonrakı doğumlarda – 15 dəqiqə olduqda, getmək lazımdır. Bu, doğum evinə 1 saat ərzində çata biləcəyiniz halda doğrudur.

Üçüncü yanılma: Doğum çox ağrılı olur

Belə fikir də var ki, qadın üçün doğum çox ağrılı bir prosesdir. Hamiləlik dövründə körpəni müdafiə etmək üçün güclü əzələ dairəsi uşaqlığı “bağlı” saxlayır. Doğum zamanı bu əzələ dairəsi bir neçə saat ərzində 10 santimetrə qədər açılmalıdır. Bu zaman güclü ağrı mütləqdirmi? Bu daha çox psixoloji səbəblərlə bağlı deyilmi?

Müəyyən olunmuşdur ki, qadın qarşıdan gələn doğuma sakit münasibət bəsləyirsə və uşaq arzuolunandırsa, onda doğuş zamanı güclü ağrı da hiss etmir. Və əksinə, doğumdan əvvəl qorxu hissinin keçirilməsi güclü ağrı hissinə də səbəb olur. Məhz buna görədir ki, müxtəlif qadınlar eyni dərəcəli ağrıları müxtəlif cür hiss edirlər – bəziləri “dözülməz”, bəziləri isə “dözülən” ağrılardan bəhs edir. Qorxu və gərginlik keçirən orqanizmdə adrenalinə bənzər hormonlar hasil olunur ki, bunlar da nəbzin tezləşməsinə və əzələlərin gərginləşməsinə səbəb olur. Bundan başqa, ağrı həddi də enir. Qadın ağrıdan nə qədər çox qorxsa, doğum tutmaları zamanı nə qədər gərgin olsa, ağrı da bir o qədər güclü olar. Əzələ gərginliyi yoxdursa, emosional reaksiyalar sönür. Beləliklə, doğum zamanı bədən tam boşalmışdırsa, bu uşaqlığın aşağı seqmentlərinin dairəvi liflərinin, boynun artıq tonusunu aradan qaldırır. Ağrıları da yaradan elə məhz budur. Tam relaksasiya (boşalma) və sakit vəziyyətdə doğuş zamanı uşaqlığın aktivliyi sadəcə əzələlərin yığılması kimi hiss edilir. Gərginlik, o cümlədən, uşaqlıq boynunun gərginliyi maneə yaradır ki, bunun da aradan qaldırılması üçün tutmalar dəfələrlə güclü olmalıdır. Bu isə doğan qadında diskomfortu artırır. Uşaqlıq boynunun gərginliyi çox güclü olduqda, tutmalar da güclənir və daha çox ağrı verir. Hər bir qadın tam əzələ relaksasiyası praktikasına yiyələnməlidir, çünki doğuşun asanlıq dərəcəsi məhz bundan asılıdır.

Qeyd etmək lazımdır ki, doğan qadın bu prosesin aktiv iştirakçısıdır və doğumun uğurla başa çatması bir çox mənada ondan asılıdır. 

            Dördüncü yanılma:  Əvvəlcədən xüsusi tənəffüs metodikalarına yiyələnmə qadına doğum zamanı köməklik etmir

Bir çoxları qeyd edirlər ki, doğum zamanı mənimsənilən vərdişlər unudulur. Bəziləri isə, əksinə, hesab edirlər ki, qadın özü necə nəfəs almalı olduğunu müəyyən edəcəkdir. Əslində düzgün tənəffüs vərdişlərinə, məsələn, tez-tez və səthi tənəffüs etmə vərdişinə, həqiqətən də birbaşa doğum tutmaları zamanı yiyələnmək olar. Lakin hamiləlik dövründə də mənimsənilən bilik və vərdişlər gələcək anaya kömək edir. Əgər bir neçə tənəffüs metodikasına yiyələnmisinizsə, onda doğumun hələ tutmaların çox ağrılı olamayan mərhələsində daha rahat olan metodu seçə bilərsiniz. Öz növbəsində düzgün tənəffüs tutmalar zamanı daha yaxşı boşalmaq, həm anaya, həm də körpəyə doğumu rahat keçirmək imkanı verər, çünki bütün tənəffüs metodikaları ana və körpəni oksigenlə təchiz etmək imkanı verir.

                       Beşinci yanılma: Tutma zamanı qadın kuşetka üzərində yatmağa məcbur edilir

Əslində isə palatada sərbəst gəzməyə icazə verilir. Bu zaman dayaq kimi çarpayıdan, stuldan və ya ərin (söhbət birgə tərəfdaşlıq doğumundan gedirsə) köməyindən yararlanmaq olar. Əgər uzanmağa üstünlük verirsinizsə, onda böyrü üstə, özü də dölün başının arxa hissəsinin olduğu tərəfdə uzanmaq daha yaxşı olar. Böyrü üstə uzanmaq fizioloji baxımdan daha məqbul sayılır, çünki bu zaman uşaqlığın iri damarları (aorta, aşağı boş vena) sıxılmır və dölün oksigen aclığına və vena qanının daxili orqanlarda (o cümlədən uşaqlıqda) durğunlaşmasına gətirib çıxarmır. Aşağı boş vena sindromu da elə məhz bundan ibarətdir. Həmçinin doğumun ilk dövründə yarıuzanıqlı və ya yarıoturaq vəziyyətdə olmaq məsləhətdir, çünki məhz bu vəziyyətdə dölün qabaqdakı hissəsi (başı və ya çanaq sonu) irəliyə doğru asan hərəkət edir.

              Altıncı yanılma:  Amniotomiya, yəni döl qişasının süni şəkildə açılması həmişə pis nəticə verir.

Məlum olduğu kimi döl qişası doğum zamanı bir neçə funksiyanı yerinə yetirir. O, birincisi, dölü infeksiyadan müdafiə edir, ikincisi, doğumun ilk dövründə uşaqlıq boynunun açılmasında iştirak edir. Buna görə də uşaqlıq boynu tam açılarkən döl qişasının öz funksiyalarını artıq yerinə yetirdikdən sonra su boşalmalıdır. Lakin bəzi hallarda həkimlər qadına döl qişasını xüsusi alətlə süni şəkildə açmağı təklif edirlər.

         Söhbət hansı hallardan gedir?

  • Hamiləliyin həqiqi vaxtının keçməsi – bu halda doğum fəaliyyətini başlatmaq üçün döl qişası açılır.
  • Hamilə qadının gestozu – arterial təzyiqin yüksəlməsi, şişkinliklərin yaranması, qanda zülalın olması.
  • Rezus-konflikt hamiləlik
  • Qarnın aşağı hissəsində və beldə ağrılar
  • Doğum fəaliyyətinin zəifliyi
  • Döl qişalarının bərkliyi
  • Maye çoxluğu
  • Yastı döl qişası – bu zaman dölün başı önündə su az olur, döl qişası normal doğum fəaliyyətinin inkişafına mane olur
  • Plasentanın aşağıda yerləşməsi
  • Yüksək arterial təzyiq və qan sirkulyasiyasının pozulması ilə bağlı olan müxtəlif patoloji hallar (hipertoniya, ürək və böyrək xəstəlikləri) və s.

               Yeddinci yanılma: Qadın doğumun üsulunu özü seçə, yəni öz istəyi ilə keysəriyyə əmliyyatını seçə bilər

Əslində cərrahi yolla doğum yalnız tibbi göstəriş olduqda, aparılır, çünki bu əməliyyat müəyyən risklərlə bağlıdır və bu risklər doğum zamanı yaranan risklərdən daha təhlükəlidir. Keysəriyyə yalnız təbii yolla doğumun dölün və qadının həyatı və sağlamlığı üçün təhlükə kəsb etdiyi hallarda həyata keçirilir.

          Doğuş aşağıdakı hallarda təbii yolla baş verə bilməz:

  • Plasenta uşaqlıqdan çıxışı bağladıqda
  • Plasentanın vaxtından əvvəl soyulması qanaxma ilə müşayiət olunur ki, bu da ana və dölün həyatı üçün təhlükəlidir
  • Uşaqlıqda dölün tərs yerləşməsi
  • Hamiləliyin ağır yetkin toksikozu - qıc, arterial təzyiqin yüksəlməsi, bunun dərmanlarla müalicə oluna bilməməsi
  • Ananın çanağının ölçüləri ilə dölün başının ölçülərinin bir-birinə uyğun gəlməməsi
  • Göbək bağının düşməsi
  • Uşaqlığın, yumurtalıqların, sidik kisəsinin şişi (məsələn, uşaqlığın mioması). Şişlər doğum yollarını bağlayır və uşağın doğulmasına mane olur.

           Doğuş hökmən olmasa da, aşağıdakı göstərişlər olduqda, cərrahi yolla başa çata bilir:

  • Digər xoşagəlməz amillərlə birlikdə (uşağın çanaqda tərs yerləşməsi, iri döl, hamiləliyin vaxtının keçməsi) çanaq sümüklərinin bir qədər dar olması
  • Başın düz gəlməməsi (uşaqlıq yollarına ilk olaraq başın arxası deyil, alın və ya üz daxil olur)
  • Doğuş zamanı dölün oksigen aclığı təhlükəsi və ya bu aclığın başlaması (hipoksiya)
  • Uşağın çanaqda tərs yerləşməsi - uşaqlıqdan çıxışda dölün başı deyil, digər hissə durur
  • Orqanizmin doğuma hazır olmadığı, lakin hamiləliyin vaxtının keçməsi
  • Yüngül və orta dərəcəli yetkin toksikoz
  • Digər xoşagəlməz amillərlə yanaşı birinci doğumun 30 yaşdan yuxarı yaşa təsadüf etməsi
  • İri döl
  • Uşaqlığın inkişafında qüsurların olması
  • Əvvəlki kesar kəsiyindən sonra uşaqlıqda çapıq

                       Səkkizinci yanılma:  Döl dünyaya gələrkən nadir hallarda bağırsaq boşalması baş verir

Əslində bu, kifayət qədər tez-tez baş verir. Əksər qadınlar bundan utanır. Amma çox nahaq yerə, çünki doğum zalında olan tibbi heyət buna təəccüblənməyəcəkdir. Axı buna kifayət qədər tez-tez rast gəlinir. Bütün ifrazatlar vaxtında təmizlənir ki, bu da uşağın onunla kontaktını istisna edir.

                                       Doqquzuncu yanılma: Güc vermə zamanı qışqırmaq yaxşıdır

Çox vaxt qadın doğumun ikinci mərhələsinə yaxın yorulur və sanki gücü qalmır. Unutmamalıdır ki, güc vermə doğum prosesinin məsuliyyətli hissəsidir. Bu zaman qadından çox şey asılı olur. Onun necə tənəffüs etməsi, həkim və mama-ginekoloqun sözlərinə əməl etməsi bir çox mənada körpənin doğum zamanı vəziyyətini şərtləndirir. Güc vermə anı mümkün qədər çox hava udmaq və bu zaman ön qarın divarının əzələləri ilə güc vermək lazımdır. Qışqırarkən bunu etmək mümkün olmur. Güc vermə zamanı səyləri bir çoxlarının etdiyi kimi, “üzə”yox (bu, dölün irəliləməsinə mane olur, buna görə də doğum prosesi uzanır, doğan qadının göz və sifətində damarlar partlayır, həkimlər isə ön qarın divarına təzyiq göstərərək uşağı sıxaraq çıxarmalı, bəzi hallarda isə cərrah maşası ilə çıxarmalı olurlar), ağrının ən çox hiss olunduğu nayihəyə yönəltmək lazımdır.

                  Onuncu yanılma:  Doğum zamanı mütləq qasıq əzələləri cırılır, cırılmadıqda isə onu cırırlar

Qeyd etmək lazımdır ki, epizio- və ya perinetomiyaya müəyyən göstərişlər olur. Qasıq əzələlərinin cırılma təhlükəsi olduqda, onu kəsirlər, çünki kəsik yara cırıq yarasından daha tez sağalır. Qasıq həmçinin yarımçıq hamiləlikdə, dölün ana bətnində inkişafı dayandıqda, dölün hipoksiyası (hamiləlik zamanı körpəyə oksigen və qida maddələri çatmadıqda) zamanı və bəzi digər hallarda kəsilir. Doğan qadın çox fəal güc verərkən mama-ginekoloqun başın çıxması üçün səy göstərdiyi zaman aralıq cırıla bilir. Bu an adətən qadından güc verməmək, başın çıxmasını tezləşdirməmək üçün tez-tez və səthi tənəffüs etmək xahiş olunur. Hər şey düzgün edildikdə, aralığın cırılma təhlükəsi yaranmır.

     On birinci yanılma:  Doğan qadınların əksəriyyəti bilir ki, körpə Apqar şkalası üzrə qiymətləndirilir. Bu zaman körpəyə müəyyən bal qoyulur, özü də qiyməti səsləndirərkən, iki rəqəm, məsələn, 8-9 bal deyilir. Əksər valideynlər düşünürlər ki, bu “gözə yarı” qoyulan hansısa orta qiymətdir

Əslində isə birinci qiymət körpənin ömrünün ilk dəqiqəsində, ikinci qiymət isə onun ömrünün beşinci dəqiqəsində aldığı baldır. Öz növbəsində o, aşağıdakı göstəricilərdən təşkil olunur: ürək yığılmalarının tezliyi, tənəffüsün, əzələ tonusunun, reflektor oyanıqlığının, doğulduqdan sonra müəyyən intervallar arasında dəri örtüyünün rənginin xarakteri. Vəziyyət balların cəmi əsasında qiymətləndirilir və yenicə doğulmuş körpənin vəziyyətini obyektiv müəyyən etmək, proqnoz vermək və intensiv terapiya və reanimasiyaya göstərişi təyin etmək imkanı verir.

Araşdırılan hər bir əlamət 3 ballıq sistem üzrə qiymətləndirilir. Yaxşı ifadəli əlamət 2 balla, zəif ifadəli əlamət – 1 balla, əlamətin olmaması və ya təhrif edilməsi – 0 balla qiymətləndirilir. Yenicə doğulmuş körpələrin vəziyyəti anadan olduqdan bir dəqiqə sonra Apqar şkalası üzrə 7-8 balla qiymətləndirilir, 5 dəqiqə sonra isə bu körpələrin ümumi vəziyyəti 8-10 bala uyğun gəlir. Yenicə doğulmuş körpələrin yalnız 15%-nin ümumi vəziyyəti ömrünün birinci dəqiqəsində 10 balla qiymətləndirilir. Doğulan zaman Apqar şkalası üzrə 0-3 balla qiymətləndirmə (nəbz - dəqiqədə 100 zərbədən az, ləngiyən, tənəffüsün olmaması və ya onun dəyişməsi, dəri solğundur, əzələ atoniyası - əzələ boşdur) körpənin vəziyyətinin ağır olmasından xəbər verir. Doğulduqdan bir dəqiqə sonra 4-6 balla qiymətləndirmə (qərarlaşmamış tənəffüs, ürək döyüntülərinin tezliyi - dəqiqədə 100 zərbədən çox, əzələ tonusunun aşağı olması, qıcığa zəif reaksiya) orta dərəcəli hipoksiyaya uyğun gəlir (oksigen çatışmazlığı). Doğulduqdan 5 dəqiqə sonra 4 və aşağı balla qiymətləndirmə intensiv terapiya və ya reanimasiya tədbirlərinin davam etdirilməsi üçün göstərişdir.

                           On ikinci yanılma:  Doğumdan dərhal sonra qarın doğuşaqədərki formalarını alır

Qeyd etmək lazımdır ki, doğumdan dərhal sonra uşaqlığın ölçüləri azalır, lakin 1-2 gün ərzində hamiləliyin 16-18 həftəsində olduğu kimi qalır. Bu isə kifayət qədər böyük qarındır. Doğumdan sonra 6-8 həftə ərzində uşaqlıq öz əvvəlki ölçülərini alır. Onu da nəzərə almaq lazımdır ki, doğumdan dərhal sonra qarnın dərisi genişlənir ki, bu da yaxşı təəssürat bağışlamır. Bu da doğumdan təxminən 1 ay sonra azalmağa doğru gedir.

Söhbətimizin sonunda gələcək analara təbabətdən uzaq olan adamlara fikir verməməyi və daha çox həkimə qulaq asmağı məsləhət görürük. Doğuma hazırlıq zamanı rəhbər tuta biləcəyiniz doğru informasiyanı yalnız həkimdən ala bilərsiniz.