Yüklənir...
• Hər gün körpə cəmi 30 qrama qədər çəki yığır.
• Körpə boya 0,5 sm-dən çox vermir.
• Körpənin hərəkətləri getdikcə azalır.
• Doğum sancıları 25-30 saniyəyə qədər davam edirsə, doğum evinə getmək lazımdır.
Dölün inkişafı
Körpənin boy və çəkisində artım azalır. İndi o hər gün cəmi 30 qrama qədər çəki artırır, yarım santimetrə qədər boya verir. Qara ciyər və mədəaltı vəz inkişaf etməkdə davam edir. Bu proses 2-3 yaşda başa çatacaqdır. Lakin uşaqda bəzi reflekslər artıq tam formalaşmışdır. Məsələn, dünyaya gəldikdən dərhal sonra o, barmaqdan bərk yapışa bilər, döş verdikdə isə reflektor olaraq onu əmməyə başlayacaqdır.
Ananın vəziyyəti
Hamiləliyin 38-ci həftəsinə yaxın əksər qadınlarda az dərəcədə şişkinliklər qeydə alınır. Bu normaldır. Lakin qəfil və güclü şişkinlik, habelə təzyiqin kəskin şəkildə artmasi gestozdan xəbər verə bilər. Güclü baş ağrısı, gözlərdə ikiləşmə ilə müşayiət olunan görmə pozuntusu və ya qusma yarandıqda da, həkimə müraciət etmək lazımdır. Bunlar ağırlaşmış gestoz olan preeklampsiyanin əlamətləri ola bilər. Preeklampsiya ana və uşağin sağlamliğini təhdid edir və bəzi hallarda təcili olaraq doğumun həyata keçirilməsini tələb edir.
DİQQƏTLİ OLUN!
Doğuma az qalmış körpə bir qədər az hərəkət etməyə başlayır. İki ay bundan öncə o saatda 20 dəfəyə qədər təpik atırdısa, indi hərəkətlər bir neçə dəfə azalır. Bu, onunla izah olunur ki, uşağın “manevr” etməsi üçün yer az qalır və o, artıq özünü əvvəlki kimi, sərbəst hiss etmir. Körpə uzun müddət sakitdirsə, onda onu şirin bir şey yeyib sakit uzanmaqla “tərpətməyə” cəhd etmək olar. Bir qədər qlükoza alan uşaq çox güman ki, aktivləşər. Bu tədbirlərdən sonra da uşaq hələ passivdirsə, onda həkimə zəng etmək lazımdır. Çox güman ki, həkim Sizə USM və ya kardiotokoqrafiya – dölün ürək döyüntülərinə qulaq asma təyin edəcəkdir.
Doğum
Doğumun nəticələrinə görə çox narahatçılıq keçirirsinizsə, doğum evinə vaxtından əvvəl 38-ci həftədə, hətta doğum sancılarından əvvəl yatmaq məsləhətdir. Qadının psixoemosional vəziyyəti normaldırsa, sakitdirsə, onda evdə, adət etdiyi ev şəraitində qalmaq daha yaxşı olar. Doğum sancıları 7-10 dəqiqə intervallarla 25-30 saniyədən az olmayaraq davam edirsə və bu interval daim azalırsa, doğuş sancılarının intensivliyi isə qadının bədəninin vəziyyətindən asılı deyildirsə doğum evinə getmək lazımdır. Həmçinin yadda saxlamaq lazımdır ki, doğum fəaliyyətinin aktivliyi ana xətti ilə ötürülür, odur ki, doğan qadının anasında doğum sürətli olmuşdursa, onda hamilə qadının özü də bir neçə saat ərzində doğacaqdır.
Paylaş: