Yüklənir...

Hamiləliyin 40-cı həftəsi

Hamiləliyin 40-cı həftəsi

• Uşağın orta çəkisi 3,5 kq təşkil edir.
• Uşağın boyu 50-54 sm-dir.
• Körpənin kəllə sümükləri hələ bitişməmişdir. Buna görə başının doğum kanalından keçməsinə imkan verir.
• Hamiləlik 100% daşınmış hesab olunur.

Dölün inkişafı

Hamiləliyin 40-cı həftəsində uşağın orta çəkisi 3,5 kq təşkil edir. Uşağın boyu 50 sm-dən 54 sm-ə qədərdir. Lakin genetika və hamiləlyinin gedişi ilə bağlı olan səbəbdən kənara çıxmalar mümkündür. Körpənin kəllə sümükləri hələ bitişməmişdir. Buna görə başının doğuş kanalından keçməsinə imkan verir. Bətndaxili inkişafın son həftələrində körpədə böyrəküstü vəzlər böyüyür: doğuş zamanı onlar stres hormonları (adrenalin və noradrenalin) hasil etməyə başlayacaqdır. Məhz bu hormonlar uşağa doğum prosesində daha fəal iştirak etməkdə və doğum zamanı xoşagəlməz hisslərdə daha dözümlü olmaqda köməklik edir.

DİQQƏTLİ OLUN!

40-cı həftədə hamiləlik tam olaraq daşınmış hesab olunur. Lakin həddindən artıq uzun müddət (42 həftədən çox) davam edən hamiləlik körpəyə neqativ təsir göstərə bilər. Hamiləlik artıq müddət davam etdikdə, uşaq qocalmaqda olan plasentadan həyat üçün zəruri olan bütün maddələri ala bilmir və onda hipoksiya başlaya bilər. Məhz buna görə də hamiləliyin müddətini onun lap başlanğıcında təyin etmək lazımdır. Ana bətnində normadan artıq qalan uşaqlarda adətən dəri quru olur, ilkin doğuş sürtküsü demək olar ki, heç olmur. Hamiləliyin artıq müddət davam etməsindən şübhələndikdə, həkim süni doğum və ya kesar kəsiyini tövsiyə edə bilər.

Ananın vəziyyəti

Qadınların 4%-i doğumun ehtimal edilən tarixində uşaq doğur, yerdə qalanları isə həkimin müəyyən etdiyi tarixdən 1-2 həftə əvvəl və ya sonra doğur. Əksər həkimlər bu fikirdədirlər ki, 40-cı həftənin sonuna qədər doğumun təbii təşəbbüskarı uşaq olmalıdır. Doğumun tarixini də elə məhz o, həll edir: doğumdan əvvəl körpənin böyrəküstü vəzlərinin qabığı aktivləşir, kortizol hormonu hasil olunur və bunun da nəticəsində ananın hormonal fonu dəyişir. Bundan sonra uşaqlıq doğumun başlamasına “siqnal” alır və yığılmağa başlayır. 

Əvvəlki həftə Sonrakı həftə