Yüklənir...
Hamiləlik zamanı dölün tərpənişləri bizə nədən xəbər verir və onları necə saymaq olar?
Hamiləlik zamanı ən həyəcanlı və unudulmaz hiss körpənin səbirsizliklə gözlənilən ürəyin altında ilk tərpənişidir. Bunu nə vaxt gözləmək olar? Fəallıq və sakitlik dövrləri nədir? Müstəqil şəkildə tərpənişlər testini necə etmək olar və hansı tədqiqatlar körpənin qaydasında olduğunu təsdiqləyə bilər?
Yeni həyatın əlamətləri
Hamiləlik testinin müsbət nəticəsi, qadın məsləhətxanasında qeydiyyata durma, tez-tez həkimin qəbulunda olma... Bunlar hamısı bizim üçün yenidir. Lakin ən güclü emosiyanı körpənin ilk tərpənişi yaradır. Hisslər ağrısızdır, hələ ki, zəif və aydın olmayandırlar, lakin elə müxtəlifdirlər ki: sanki qarında kiçik bir balıq üzdü və ya ovucda bir kəpənək çırpındı. Məhz bu andan sonra anlayırsınız ki, daxilinizdə yeni bir həyat inkişaf edir.
Əslində körpə hamiləliyin 8-ci həftəsindən sonra hərəkət etməyə başlayır. Onda artıq ilk əzələ dəstələri və sinir lifləri vardır. O hələ ki çox balacadır və dölətrafı sular ilə əhatə olunaraq demək olar ki, uşaqlığın divarlarına toxunmur. Sinir sisteminin böyüməsi və inkişafı prosesində onun hərəkətləri daha da nizamlanmış olur. Körpə xarici qıcıqlandırıcılara reaksiya verir və uşaqlığın divarlarına toxunur. Elə bu zaman tərpənişləri hiss edirsiniz.
Həssaslıq dərəcəsi
Uşaq özünü nə vaxt büruzə verməyə başlayır? Hesab edilir ki, ilk hamiləlik zamanı bu 20-ci həftədə, təkrar hamiləlik zamanı isə iki həftə daha tez baş verir. Lakin bu müddətlər təxminidir və bir çox səbəblərdən asılıdır.
Əgər təcrübəli anasınızsa və bu cür hisslər əvvəlki hamiləliklərdən sizə tanışdırsa onları daha tez müəyyən edəcəksiniz. Arıq qadınlarda da həssaslıq daha yüksəkdir. Çox çəkili olan qadına ilk tərpənişləri hiss etməyə dərialtı-piy toxuması mane olur, elə də olur ki, o onları bağırsağın peristaltikası kimi qəbul edir.
Cift də (plasenta) az rol oynamır. Əgər o uşaqlığın ön divarı üzrə yerləşirsə, körpənin tərpənişlərini daha gec hiss edəcəksiniz.
Həkimin nəzərinə
Beləliklə, artıq o gün gəldi ki, uşağın tərpəndiyini anladınız. Həmin tarixi yadda saxlayın. Həkim o haqqda sizdən mütləq soruşacaqdır və mübadilə kartında qeyd edəcəkdir. Bu parametrin köməyi ilə o doğumun təxmini tarixini hesablayacaqdır. İlk hamiləlikdirsə o bu tarixə 20, təkrardırsa – 22 həftə əlavə edəcəkdir.
Tərpənişə görə dölün vəziyyətini müəyyən etmək olar. Onun ən çox fəal olduğu yerdə adətən onun əl-ayaqları yerləşir. Əgər təkanlar əsasən diafraqmaya yaxın tərəfdə hiss olunursa uşağın başı aşağı vəziyyətdədir. Qarının aşağı hissələrində olduqda isə - bu çox güman ki, çanağa yaxın yönəlmədır. 34-35 həftəyə qədər uşağın düzgün vəziyyətə keçmək imkanı vardır.
Diaqnostika üsulları
Körpənin əhvalına nəzarət etməyə kardiotokoqrafiya (KTQ) kömək edir. Qarın üzərinə, ürək tonları daha yaxşı eşidilən yerlərə ölçü cihazı qoyulur. İkinci isə uşaqlıq tonusunun qeydiyyatı məqsədilə uşaqlığın yuxarı hissəsinə yerləşdirilir. Əlinizdə xüsusi düymə saxlayacaqsınız və hər bir tərpəniş hiss etdikdə ona basmalısınız. Siqnal kağız üzərində qeyd edilir.
Həmçinin sinir, əzələ və ürək-damar sistemlərinin qarşılıqlı təsiri yoxlanılır. Əgər uşaq tərpəndikdə onun ürək döyünməsi artarsa – bu düzgün reaksiyadır. Əgər tərpəniş zamanı ürək döyünməsi dəyişmirsə bu hipoksiyanın ilkin əlamətlərindən xəbər verir və güclü tibbi nəzarətin lazım olduğunu göstərir. Belə müayinə planlı şəkildə həyata keçirilir. Onu hamiləliyin 30-cu həftəsindən etibarən ayda iki dəfə keçirirlər.
“Ana – cift (plasenta) – döl” sistemində qan dövranının vəziyyətini qiymətləndirməyə dopplerometriya ilə ultrasəs müayinəsi kömək edir. Bu USM ilə uşaqlıq arteriyalarında, göbəkbağı damarlarında, dölün aortasında və beyin arteriyalarında qan axının keyfiyyət və kəmiyyət analizini edirlər.
''Darısqal evcik''
Körpənin daha çox fəallığını siz hamiləliyin 24-32-ci həftəsində hiss edəcəksiniz. Bu müddətdə o sürətlə böyüyür, inkişaf edir, və onun “evciyində” hələki kifayət qədər yer vardır. Daha sonra, xüsusilə də doğumdan əvvəl ona uşaqlıqda dar olur və onun fəallığı azalır. Böyüməklə bərabər onun hərəkətlərinin xarakteri dəyişir. 32-ci həftədən etibarən dölün sinir sistemi kifayət qədər inkişaf etmiş olur və “fəallıq – sakitlik” dövrəsinin yaranması baş verir. Körpə bir saat ərzində səylə tərpənə, sonra isə sakitləşə bilər.
Bir çox hamilə qadınlar körpənin şıltaq xasiyyətindən şikayət edirlər. Gün ərzində o özünü sakit aparır, lakin uzanıb bir az yuxuya gedən kimi “rəqslər” başlayır. Uşağın isə sadəcə sizin mağazaya gedərkən və ya ev işləri görərkən asta-asta qarın yellətmələriniz xoşuna gəlir. Bundan başqa, rahat vəziyyətdə olarkən, qan dövranı yaxşılaşır və körpənin “dəcəllik” etməyə daha çox gücü olur. Və öz fəal tərpənişləri ilə o sizi durmağa və bədənin vəziyyətini dəyişməyə vadar edir. Narahat olmağa dəyməz. Hamiləliyin son dövrlərində sizin və onun yuxu və ayıqlıq ritmləriniz böyük ehtimalla üst-üstə düşəcəkdir.
Qarında ritmik dartılmalar hiss edirsiniz? Bu sizin körpəniz hıçqırır. Narahat olmayın. Dölün hıçqırma prosesləri və onun bətndaxili vəziyyətinin pozulması ilə əlaqə müəyyən edilməmişdir.
Nəzarətdə
Uşağın bir neçə gün ərzində hərəkət fəallığının dəyişməsi çox böyük əhəmiyyətə malikdir. Onun vəziyyətinin pozulmasını tanış olmayan güclü, qeyri-müntəzəm və çəkicvari tərpənişlər göstərir. Belə reflektor fəaliyyətin səbəbi qanınızın tərkibində karbon qazının artması ola bilər. Həkim əlavə laborator müayinə təyin edib tövsiyələr verəcəkdir.
Qızğın hərəkət fəallığından sonra körpənin tərpənişlərinin azalması və kəsilməsi körpəyə qida maddələrinin və oksigenin çatmaması halında yaranan - hipoksiyanın əlaməti ola bilər. Plasentar çatışmamazlığı həm sizin, həm də uşağın sağlamlığının qeyri-kafi durumu əmələ gətirə bilər. Hipoksiyanın inkişaf dərəcəsini müəyyən etmək lazım gələcəkdir. Kəskin formada təcili tibbi yardım, xroniki formada isə - daimi nəzarət və müalicə lazımdır.
10-a kimi say
Bu körpənin tərpənişi ilə bağlı D.Pirsona aid ən sadə və yayılmış testdir. O RF-nın Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilib və bizim ölkədə hamiləliyin aparılması üzrə rəsmi sənədlərdə qeyd edilmişdir. Onu uşağın vəziyyətini müstəqil şəkildə müşahidə etmək məqsədilə hamı ev şəraitində hamiləliyin 28-ci həftəsindən etibarən tətbiq edə bilər. Xüsusi cədvəldə saat 9:00-dan 21:00-dək olan hər onuncu tərpəniş qeyd olunur. Bu şəkildə onun hərəkət fəallığının xüsusiyyətləri müəyyən edilir. Normal vəziyyətdə onuncu tərpəniş 17:00-a qədər qeyd olunur. Əgər 12 saat ərzində hərəkət miqdarı 10-dan aşağıdırsa, həkimə xəbər vermək məsləhətdir. Əgər 12 saat ərzində körpə özünü büruzə vermirsə - bu təcili haldır, təcili olaraq həkimə müraciət edin!
Bizim ginekoloqlar tərəfindən tövsiyə edilən ikinci test — bir saat ərzində tərpənişlərin hesablanmasıdır. Onların sayı 10-15 arasında olmalıdır. Əgər tərpəniş sayı göstərilən miqdardan az və ya çoxdursa, mütləq bunu həkimin diqqətinə çatdırmaq lazımdır.
Əgər körpə üç saat ərzində tərpənmirsə, narahatçılığa səbəb yoxdur. Ola bilsin ki, o sadəcə yatır.
Hərəkətlər dili
Bəzən tərpənişlər qısa müddət ərzində xüsusilə intensiv olur. Bu körpənin sizin narahat vəziyyətinizə qarşı “etirazıdır”. Siz uzun müddət kürək üstə uzandıqda uşaqlığın böyük damarlarının sıxılması baş verir və dölə qanın axını azalır. Öz hərəkətləri ilə o sizi vəziyyətinizi dəyişməyə vadar etmək istəyir.
Körpə havanın soyuması, sizin həyəcanlandığınız və saatlarla eyni pozada oturduğunuz zaman sakitləşir. Şirin bir şey yeməyə çalışın — o şirniyyata reaksiya verməlidir. Ona gündə üç saatdan az olmayaraq təmiz havada gəzintilər, sağlam qidalanma, davamlı yuxu, işlə istirahətin məqsədəuyğun şəkildə bir-birini əvəz etməsi xeyirlidir.
Birdə uşaq istəyir ki, siz onunla ünsiyyətdə olasınız. Hamiləliyin son həftələrində onun hərəkətləri bəzən ağrı və narahatçılığa səbəb ola bilər. Bədənin vəziyyətini dəyişin, qarını sığallayın, dəcələ bir neçə nəvazişli söz deyin və hər şey öz qaydasına düşəcəkdir.
Paylaş: