Yüklənir...

Uşaqlıq boynunun eroziyası

Uşaqlıq boynunun eroziyası

Uşaqlıq boynunun eroziyası nədir və nə dərəcədə təhlükəlidir?

Uşaqlıq boynunun eroziyası xəstəliyində uşaqlıq boynunun selikli qişasında bu və digər zədələr aşkar edilir. Azərbaycanda və postsovet məkanı ölkələrində uşaqlıq boynunun eroziyası anlayışı selikli qişada ginekoloji baxış zamanı aşkar edilən bir neçə dəyişikliklərin mümkünlüyünü bildirir.

 Uşaqlıq boynunun eroziyasının yaranma səbəbləri

Uşaqlıq boynunda ən çox yayılan və həkim tərəfindən uşaqlıq boynunun eroziyası kimi dəyərləndirilən dəyişikliklər aşağıdakılardır:

Ektopiya (sinonimləri: psevdoeroziya, uşaqlıq boynunun anadangəlmə eroziyası və ektropion (zədə nəticəsində uşaqlıq boynu kanalının xaricə dönməsi) Psevdoeroziyanın yaranma səbəblərinə qanda qadın estrogen hormonunun çox olmasıdır. Uşaqlıq boynunun ektopiyası normal haldır və heç vaxt uşaqlıq boynunun xərçənginə çevrilmir. Ektopiya zamanı, bir qayda olaraq, müalicə təyin olunmur. Müalicə yalnız müayinə zamanı uşaqlıq boynunun dəyişmiş hissəsinin iltihabı aşkar olunduqda, tələb oluna bilər. Ektropion - doğuş, abort və ya uşaqlıq boynunun qaşınması nəticəsində uşaqlıq boynunun xaricə dönməsidir.

Cinsi infeksiyalardan yaranan eroziya (həqiqi eroziya)

Xlamidioz, trixomoniaz, qonoreya, genital herpes, mikoplazmoz və ureaplazmoz uşaqlıq boynunda ginekoloq tərəfindən uşaqlıq boynunun eroziyası kimi qiymətləndirilə bilən dəyişikliklərə səbəb ola bilər. Uşaqlıq boynunda eroziyalı dəyişikliklər həmçinin göbələk xəstəliyindən də yarana bilər. Uşaqlıq boynunun həqiqi eroziyası cinsi yolla keçən xəstəlikləri aşkar etmək üçün daha dərindən müayinə tələb edir. İltihabın səbəbi məlum olduqdan sonra dərmanlarla müalicə təyin olunur. 

Uşaqlıq boynunun displaziyası (servikal intraepitelial neoplaziya, CIN, ЦИН). Uşaqlıq boynunun displaziyası həkim tərəfindən uşaqlıq boynunun eroziyası kimi qiymətləndirilə bilən və potensial olaraq uşaqlıq boynunun xərçənginə çevrilə bilən dəyişiklikdir. Uşaqlıq boynunun displaziyasının əsas səbəbi insan papilloması virusuna (İPV) yoluxmadır. İnsan papilloma virusu haqqında saytımızda ətraflı məlumat yerləşdirilmişdir.

 Uşaqlıq boynunun eroziyası kimdə yarana bilər?

Uşaqlıq boynunun eroziyasını istənilən yaşda aşkar etmək mümkündür, lakin bu diaqnoz çox vaxt 20-35 yaşlı gənc qadınlara qoyulur. Bu xəstəliyə tez-tez cinsi həyat yaşayan qadınlarda rast gəlmək olur, lakin eroziya qız uşaqlarında və doğmayan qadınlarda da yarana bilər. Psevdoeroziya riski yeniyetmə qızlarda, gənc qadınlarda və hamiləlik əleyhinə tabletlər qəbul edən qadınlarda daha yüksək olur. Həqiqi eroziya riski cinsi partnyorlarını tez-tez dəyişən qadınlarda da yüksək olur. Uşaqlıq boynunun displaziyası riski də cinsi partnyorlarını tez-tez dəyişən qadınlarda, habelə cinsi həyata 18 yaşından əvvəl başlayan şəxslərdə və siqaret çəkən qadınlarda yüksək olur.

 Uşaqlıq boynunun eroziyasının simptomları və əlamətləri

Əksər hallarda uşaqlıq boynunun eroziyası simptomsuz keçir, buna görə də bu diaqnoz çox vaxt təsadüfən, ginekoloq tərəfindən növbəti profilaktiki baxış zamanı qoyulur. Buna baxmayaraq, uşaqlıq boynunun eroziyası seksdən sonra qanlı ifrazatlarla (çəhrayı, palıdı və ya tünd palıdı) və ya gözlə görünən səbəblər olmadan da özünü büruzə verə bilir. Eroziya zamanı ifrazatlar xoşagəlməz qoxu verə bilir. İfrazatların xoşagəlməz qoxu verməsi iltihaba işarə edir.

Uşaqlıq boynunun eroziyası ilə hamilə qalmaq olarmı?

Bir qayda olaraq uşaqlıq boynunun eroziyası sonsuzluğa səbəb olmur və buna görə də mayalanma üçün maneə ola bilməz. Uşaqlıq boynunun psevdoeroziyası (ektopiyası) zamanı qadın arxayın hamiləliyi planlaşdıra bilər. Bu zaman heç bir müalicə tələb olunmur, hamiləlik və doğuş zamanı isə heç bir ağırlaşma qeydə alınmayacaq. Uşaqlıq boynunun həqiqi eroziyası zamanı hamiləliyi bir qədər təxirə salmaq və əvvəlcə müalicə ilə məşğul olmaq tövsiyə olunur. Uşaqlıq boynunun həqiqi eroziyasına səbəb olan cinsi infeksiyalar sonsuzluğa gətirib çıxara və ya hamilə qadında gələcək uşağa ziyan verə bilər. Uşaqlıq boynunun birinci dərəcəli displaziyası zamanı hamiləliyə əks göstəriş yoxdur. Əgər Sizdə ikinci və ya üçüncü dərəcəli displaziyadırsa, onda hamiləliyi planlaşdırmadan öncə müalicə almalısınız.

 Uşaqlıq boynunun eroziyasının müalicəsindən sonra hamilə qalmaq olarmı?

Əksər hallarda uşaqlıq boynunun eroziyasının müalicəsindən sonra qadın tibbi yardım edilmədən hamilə qala bilir. Buna baxmayaraq eroziya yandırıldıqdan sonra sonsuzluq riski də yaranır. Bu kimi ağırlaşma riskləri daha çox elektrik tokla yandırmadan (elektroekzisiya, diatermokoaqulyasiya) sonra yaranır. Buna görə də qadın gələcəkdə hamiləlik planlaşdırırsa, bu müalicə metodu tövsiyə olunmur. Qadının gələcəkdə hamiləliyi planlaşdırdığı hallarda eroziyanın aşağıdakı nisbətən təhlükəsiz müalicə metodları tövsiyyə olunur: lazer müalicə, radio dalğa müalicə (Surgitronom) və maye azotla müalicə (kriodestruksiya).

 Hamiləlik zamanı uşaqlıq boynunun eroziyası

Uşaqlıq boynunun eroziyası hamiləliyin istənilən dövründə aşkar edilə bilər. Lakin çox vaxt bu xəstəlik birinci trimestrdə (12 həftəyədək müddətdə) aşkar olunur. Bir çox hallarda eroziya hamiləlik üçün təhlükə kəsb etmir, lakin bəzi hallarda müalicə həkimi daha diqqətlə müayinə etməli ola bilir. Hamiləlik dövründə uşaqlıq boynunun ektopiyası (psevdoeroziya) təhlükəli deyil. Bu halda heç bir müalicə tələb olunmur. Həqiqi eroziyaya şübhə yarandıqda, ginekoloqunuz gizli infeksiyaları aşkar etmək üçün PZR tövsiyyə edə bilər. İnfeksiyalar aşkar edildikdə, həkim dərman müalicəsi yazacaqdır. Hamiləlik dövründə uşaqlıq boynunun birinci dərəcəli displaziyası təhlükəli deyil və bir qayda olaraq, doğuşdan bir neçə həftə sonra öz-özünə keçib gedir. Hər şeyin qaydasında olduğuna əmin olmaq üçün ginekoloq hamiləlik ərzində bir neçə profilaktiki müayinələr təyin edə bilər. Hamiləlik dövründə uşaqlıq boynunun ikinci və üçüncü dərəcəli displaziyası zamanı yenə də müalicə təyin etməməyə çalışırlar, çünki istənilən müdaxilə uşaqsalma və vaxtından əvvəl doğuşa səbəb ola bilər. Hamiləlik ərzində Siz mütəmadi olaraq ginekoloqa baş çəkməlisiniz və təkrar analizləri verməlisiniz. Bu yolla uşaqlıq boynunda patoloji prosesə nəzarət etmək mümkün olur. Doğuşdan sonra ginekoloq müalicə təyin edər.

 Uşaqlıq boynunun eroziyasının fəsadları və nəticələri

Uşaqlıq boynunun eroziyası ilə rastlaşan hər bir qadın bunun nə dərəcədə təhlükəli olduğunu və mümkün nəticələrini bilmək istəyir.

“Eroziya niyə təhlükəlidir?” sualına cavabı həkimin baxış zamanı hansı dəyişiklikləri aşkar etməsindən asılıdır:

  • Bu, psevdoerzoyadırsa (ektopiya, anadangəlmə eroziya), onda sağlamlıq üçün heç bir təhlükə yoxdur və onun heç bir nəticəsi olmayacaq;
  • Bu, infeksiya xəstəliklərindən yaranan həqiqi eroziyadırsa, onda əsas təhlükə infeksiyanın uşaqlığa və uşaqlıq artımına daxil ola bilməsindədir ki, bu da sonsuzluğa səbəb ola bilir;
  • Bu, displaziyadırsa, onda müvafiq diqqət yetirmədikdə, bir neçə ildən sonra o, uşaqlıq boynunun xərçənginə çevrilə bilər.

Uşaqlıq boynunun eroziyası uşaqlıq boynunun xərçənginə çevrilə bilərmi?

 Bəli, həmişə olmasa da, bu cür risk vardır. Real olaraq xərçəng riski olduqda, qadına dərin diaqnostika tələb olunur.

 Uşaqlıq boynunun eroziyasının diaqnostikası

Həkim adi ginekoloji baxış zamanı uşaqlıq boynunun eroziyasını aşkar edə bilər. Eroziya uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin nisbətən açıq rəngi fonunda tünd-qırmızı rəngli sahə kimi görünür. Məhz uşaqlıq boynunda bu cür qırmızı sahə aşkar edildikdən sonra diaqnozu dəqiqləşdirmək üçün daha ətraflı müayinə edilməlidir. Uşaqlıq boynunun eroziyasına şübhə yarandıqda, aşağıdakı analizlər təyin olunur:

Sitologiyaya görə yaxma (PAP-test). Sitologiyaya görə yaxmanın köməyi ilə həkim uşaqlıq boynunun xərçəngi riskinin olub-olmadığını müəyyən edir. Sitologiyaya görə yaxma ilə birgə floraya görə də yaxma götürülür ki, uşaqlıq boynunun eroziyasına səbəb ola bilən uşaqlıq yolu iltihabının olub-olmadığını müəyyən etmək mümkün olsun.

Kolposkopiya. Kolposkopiya bir qayda olaraq sitologiyaya görə yaxma şübhəli dəyişikliklər aşkar edərsə, təyin olunur. Bu müayinə uşaqlıq boynunda xərçəngdən qabaq və xərçəng dəyişikliklərini aşkar etməyə imkan verir. Saytımızda kolposkopiya haqqında məqalə yerləşdirilmişdir.

Uşaqlıq yolunun biopsiyası. Kolposkopiya uşaqlıq boynunda arzuolunmaz dəyişiklikləri aşkar etdikdə, biopsiya təyin olunur. Uşaqlıq boynunun biopsiyasının köməyi ilə həkim diaqnozu dəqiqləşdirə və gələcəkdə müalicə taktikasını tərtib edə bilər.

Cinsi yolla keçən infeksiyaya (qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz, ureaplazmoz, genital herpes) görə PZR. Uşaqlıq boynunun həqiqi eroziyasına şübhə yaranarsa, xəstəliyin hansı infeksiyadan yarana bildiyini dəqiqləşdirmək lazımdır. PZR – yüksək dəqiqliyə malik analizdir. Onun köməyi ilə ən çox yayılmış cinsi infeksiyaları aşkar etmək mümkün olur.

İnsan papilloması virusuna (İPV) görə analiz İnsan papilloması virusu displaziyanın və uşaqlıq boynu xərçənginin ən yayılmış səbəbidir. Bununla əlaqədar uşaqlıq boynunun eroziyası zamanı uşaqlıq boynunun hüceyrələrində İPV-nun olub-olmadığını və bu İPV-nin nə dərəcədə təhlükəli olduğunu dəqiqləşdirmək lazımdır.

Uşaqlıq boynunun eroziyası xəstəliyi zamanı cinsi həyata davam etmək olarmı?

Uşaqlıq boynunun eroziyası zamanı sekslə məşğul olmaq olar. Bu zaman qanlı ifrazatlar yarana bilər və bu halda əlavə olaraq müalicə həkimi-ginekoloqla məslhətləşmək daha yaxşı olar.

Eroziyanın müalicəsi: dərmanlar, yandırma, uşaqlıq boynunun konizasiyası

Eroziyanı bütün hallardamı müalicə etmək lazımdır?

Uşaqlıq boynunun eroziyası qadın sağlamlığı üçün həmişə təhlükə kəsb etmir. Ginekoloqunuz uşaqlıq boynunun eroziyasının olduğunu bildirmişdirsə, ondan uşaqlıq boynunda nə kimi dəyişikliklərin baş verdiyini nəzərdə tutduğunu mütləq dəqiqləşdirin. Gəncsinizsə (16-25 yaşınız varsa) və ya hamiləlik əleyhinə tabletlər qəbul edirsinizsə, onda çox güman ki, söhbət psevdoeroziyadan gedir ki, bunun da heç bir müalicəyə ehtiyacı yoxdur və tədricən keçib gedəcəkdir. Əgər ginekoloqunuz həqiqi eroziyadan şübhələnirsə, onda o, gizli infeksiyalara görə analizlər təyin etməli və hər hansı infeksiya aşkar etdikdə, müalicə təyin etməlidir. Həqiqi eroziyanı yandırmaq olmaz. Sizdə uşaqlıq boynunun displaziyası aşkar edilmişdirsə, onda yandırma və ya uşaqlıq boynunun zədələnmiş sahəsinin götürülməsi tələb oluna bilər.

Uşaqlıq boynunun eroziyası müalicəsiz, yəni öz-özünə keçib gedə bilərmi?

Uşaqlıq boynunu psevdoeroziyası (ektopiya) – normal haldır və müalicəsiz keçib gedir. Uşaqlıq boynunun cinsi infeksiyalardan irəli gələn həqiqi eroziyası müalicəsiz nəinki keçib getmir, hətta sonsuzluğa səbəb olmaqla fəsadlar da verə bilir. Uşaqlıq boynunun birinci dərəcəli displaziyası çox vaxt müalicəsiz keçib gedir. Uşaqlıq boynunun mötədil displaziyası adətən müalicə tələb edir, çünki çox nadir hallarda keçib gedir.

Eroziyanı necə müalicə etməli?

Uşaqlıq boynunun eroziyasının səbəblərindən və əlavə müayinənin nəticələrindən asılı olaraq həkim müalicə təyin edə bilər. Özbaşına müalicə ilə məşğul olmayın. Xalq təbabəti vasitələri, bal və ya ağtikan yağı tamponları və sprinsləmə kimi metodlar nəinki səmərəli deyil, həm də uşaqlıq yolunun disbakteriozuna və iltihabına səbəb ola bilir.

 Eroziyanın iki əsas müalicə metodu var:

  • Dərman müalicəsi (eroziyaya qarşı tabletlər, iynələr, vaginal şamlar)
  • Eroziyanın mexaniki götürülməsi (uşaqlıq boynunun yandırılması və konizasiyası).

Uşaqlıq boynunun eroziyasının dərmanla müalicəsi

Cinsi infeksiyalardan yaranan həqiqi eroziyada müalicə aşkar olunan törədicidən asılı olaraq təyin olunur. Qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz, ureaplazmoz zamanı antibiotiklər təyin oluna bilər. Kandidozada (göbələk xəstəliyi) göbələk əleyhinə dərmanlar təyin olunur.

Uşaqlıq boynunun eroziyasının yandırılması

Eroziyanın bir neçə yandırma metodları vardır və bunların hamısı kifayət qədər səmərəlidir. Eroziyaya təsiretmənin ən geniş yayılmış üsulları aşağıdakılardır:

Eroziyanın tokla yandırılması (sinonimlər: eroziyanın diatemokoaqulyasiyası, eroziyanın elektrik eksziziyası)

Eroziyanın elektrik tokla yandırılması bütün dünyada geniş tətbiq olunur, çünki ən asan və ucuz müalicə metodudur. Eroziyanın diatemokoaqulyasiyası uşaqlıq boynunun zədələnməsinə və çapıqların yaranmasına səbəb ola bilər. Buna görə də bu metod gələcəkdə hamiləliyi və doğmağı planlaşdıran gənc doğmamış qız və qadınlara tövsiyə olunmur. Eroziyanın yandırılması poliklinika şəraitində aparılır. Eroziyanı yandırmaq ağrılıdırmı? Bu prosedur ağrılı görünə bilər, buna görə də yandırmadan əvvəl həkim uşaqlıq boynuna ağrıkəsici dərman yeridəcəkdir. Eroziyanın elektrik eksziziyasından sonra az və ya çox miqdarda qanlı ifrazatlar əmələ gələ bilər. Bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Yandırmadan sonra qanlı ifrazatlar meydana gəldikdə, bezlərdə istifadə edin. Eroziya tokla yandırıldıqdan sonra 4-6 həftə ərzində sekslə məşğul olmayın. Prosedurdan bir ay sonra uşaqlıq boynuna yoxlama baxış keçirilməsi üçün həkimə baş çəkin.

 Eroziyanın lazerlə yandırılması (sinonimlər: lazer müalicə, lazer vaporizasiya)

Lazer vaporizasiya uşaqlıq boynunun zədələnmiş sahələrini məhv etməyə imkan verir, bu arada sağlam toxumalara praktiki olaraq toxunulmur. Bu müalicə metodundan sonra çapıqlar qalmır. Eroziyanın lazerlə müalicəsi gələcəkdə hamiləliyi planlaşdıran doğmamış qadınlara məsləhət görülə bilər. Lazerlə yandırma ginekoloqun kabinetində yerli anesteziya ilə və ya ümumiyyətlə ağrıkəsici dərmandan istifadə edilmədən aparılır. Prosedurdan sonra bir neçə gün sürtüklü qanlı ifrazatlar müşahidə oluna bilər. Həmin ifrazatlar öz-özünə bitir, lakin 7-10 gün sonra 1-2 günlük yenidən başlaya bilir. Qanlı ifrazatlar yarandıqda, bezlərdən istifadə edin. Eroziya lazerlə yandırıldıqdan sonra 2-3 həftə ərzində sekslə məşğul olmayın. Prosedurdan 4-5 həftə sonra uşaqlıq boynuna yoxlama baxış keçirilməsi üçün həkimə baş çəkin.

Bundan başqa eroziyanın radio dalğaları ilə yandırılmasından, eroziyanın maye azotla yandırılmasından (sinonimlər: eroziyanın dondurulması, kriodestruksiya) və eroziyanın dərman preparatları ilə yandırılmasından da istifadə olunur.

 Uşaqlıq boynunun xaric edilməsi (uşaqlıq boynunun konizasiyası)

Bəzi hallarda eroziya geniş və dərin xəsarətlərə səbəb olduqda, uşaqlıq boynunun xaric edilməsinə ehtiyac yarana bilər. Uşaqlıq boynunun konizasiyası adi skalpellə (uşaqlıq boynunun bıçaq, soyuq-bıçaq konizasiyası), elektrik toklu xüsusi petlə ilə (uşaqlıq boynunun elektrokonizasiyası) və ya lazerlə (lazer konizasiyası) həyata keçirilə bilər.

 Doğmamış qadınlarda eroziyanı yandırmaq olarmı?

Uşaqlıq boynunun eroziyasının bəzi müalicə metodları gələcəkdə hamiləliyi planlaşdıran doğmamış qadınlara məsləhət görülmür. Doğmamış qadınlar üçün ən “təhlükəli” müalicə metodlarına eroziyanın tokla yandırılması (diatermokoaqulyasiya, elektroeksziziya) və uşaqlıq boynunun konizasiyası aiddir. Məhz bu prosedurlardan sonra uşaqlıq boynunun kanalını kəsən və sonsuzluğa səbəb olan çapıq toxumasının yaranması riski meydana gəlir. Uşaqlıq boynundakı çapıqlara baxmayaraq qadın yenə də hamilə qala bilmişdirsə, onda doğuş zamanı uşaqlıq boynunun cırılması riski yüksək olur. Doğmamış qadınlarda eroziyanın yandırılmasının ən təhlükəsiz metodlarına lazer vaporizasiya və kriodestruksiya (duru azotla müalicə), habelə dərman maddələri ilə müalicə aid edilir.