Yüklənir...

Qadınlarda xlamidioz: simptomları və müalicəsi

Qadınlarda xlamidioz: simptomları və müalicəsi

Xlamidioz nədir və insan ona necə yoluxur?

Xlamidioz ən geniş yayılmış və qadınlarda sonsuzluğun ən çox rast gəlinən səbəblərindən biri olan veneroloji xəstəlikdir. Bu xəstəlik illərlə simptomsuz keçə bilər. Xlamidiozun törədicisi Chlamydia trachomatis (C.trachomatis) bakteriyasıdır. Xəstəliyə müdafiə olunmamış (prezervativdən istifadə etmədən) seks zamanı yoluxmaq olar. Xlamidioz oral, vaginal və anal seks zamanı da keçə bilər. Hamilə qadınlar doğuş zamanı bu xəstəliyi uşağa da ötürə bilir. Xlamidiozun məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal və ya alt paltarından istifadə etdikdə) ötürülməsi riski mövcud olsa da rəsmi sübuta yetirilməmişdir.

 Xlamidioza yoluxma riski kimdə daha yüksəkdir?

- Bir neçə cinsi partnyorla prezervativsiz sekslə məşğul olduqda (cinsi partnyorunuz nə qədər çox olsa, xlamidioz riski bir o qədər yüksək olar):

- Cinsi həyata erkən vaxtlarda başlamışsınızsa (19 yaşından tez cinsi əlaqə xlamidioz riskini yüksəkəldir);

- Əvvəllər xlamidioz və ya cinsi yolla ötürülən digər xəstəliklər (qonoreya, trixomoniaz və s.) olmuşdursa;

- Xlamidioza yoluxmuş kişi ilə müdafiə olunmamış sekslə məşğul olduqda (xəstəliyə yoluxmuş kişi ilə bir dəfə cinsi əlaqə xlamidioza yoluxmaq riskini 25% artırır) xlamidioza yoluxma riski yüksəkdir.

 Qadınlarda xlamidiozun simptomları 

Xlamidioz qadınlarda nadir hallarda hansısa simptomları yaradır. Statistikaya görə, yoluxmuş qadınların 80%-də bu xəstəlik simptomsuz cərəyan edir və tədricən özünü büruzə vermədən ağırlaşmalara gətirib çıxarır. Simptomlar yarandıqda (10 qadından təxminən 2-də olur) xlamidiozun aşağıdakı əlamətləri qeydə alınır:

- Uşaqlıq yolundan xoşagəlməz qoxulu ifrazatlar. Xlamidioz xəstəliyində ifrazatlar sarı, yaşıl və ya şəffaf rəngdə olması

- Sidik ifrazı zamanı ağrı

- Seksdən sonra və ya səbəbsiz uşaqlıq yolundan qanlı (çəhrayı və ya palıdı rəngli) ifrazat

- Bədən hərarətinin yüksəlməsi

- Qarnın aşağı hissəsində, mərkəzi nayihədə və yanlarda ağrılar

Qadınlarda xlamidiozun ilk simptomları yoluxmadan bir həftə sonra yarana bilir.

 Qadınlarda xlamidioz hansı fəsadlara səbəb ola bilir?

 Vaxtında aşkar edilməyən və müalicə olunmayan xlamidioz aşağıdakı nəticələrə gətirib çıxara bilər:

- Sonsuzluq

- Uşaqlıqdan kənar hamiləlik

- Inkişafdan qalmış (donmuş) hamiləlik

- Kiçik çanaq orqanlarının iltihabı (xroniki endometrit, salpingit və s.)

- Uşaqlıq boynunun xərçəngi

-  Oynaqların iltihabı

 Hamiləlik dövründə xlamidioz uşaq salmaya, erkən doğuma və körpənin ağ ciyər iltihabına səbəb ola bilər.

 Xlamidioza görə analizləri kim verməlidir?

Yuxarıda göstərilən xlamidioz riski amillərindən ən azı biri varsa, bu xəstəliyə və cinsi yolla ötürülən digər xəstəliklərə görə müayinəyə ehtiyac var.

Qadınlarda xlamidiozun diaqnostikası 

Xlamidioz əlamətləri yarandıqda ginekoloqa müraciət edin. Ginekoloq lazımi müayinə təyin edər və müasir tibbdə geniş tətbiq olunan xlamidioz analizlərinə nəzər salar.

Xlamidiyalara görə PZR (xlamidiyanın DNT-nin təyin edilməsi)

Xlamidiozun diqanostikasının mükəmməl metodudur və ondan müasir tibbdə geniş istifadə olunur. Analizin nəticələri “aşkar edilmişdir” və “aşkar edilməmişdir” terminləri ilə ifadə olunur. Araşdırılan materialda xlamidiya DNT-nin aşkar edilməsi xlamidioza işarə edir.

 Xlamidioz aşkar edilmişdirsə nə etməli?

Xlamidioz təhlükəli xəstəlikdir, çünki simptomsuz olsa belə ciddi nəticələrə səbəb ola bilir. Xəstəliyin simptomları yoxdursa, amma analizlər xlamidiozun olduğunu göstərirsə, onda həkimə müraciət etməli və müalicə kursu almalısınız. Xlamidioz çox vaxt cinsi yolla ötürülən digər veneroloji xəstəliklərlə müşayiət olunduğundan, həkimlər qonoreyaya, trixomoniaza və digər veneroloji xəstəliklərə görə müayinədən keçməyi məsləhət görürlər. Özünüzdə xlamidioz xəstəliyinin aşkar edilməsi barədə cinsi partnyorunuza mütləq bildirin. Əgər son 3-6 ayda sekslə məşğul olmamışdırsınızsa, onda sonuncu dəfə əlaqədə olduğunuz partnyorunuzla əlaqə saxlayın. Əvvəlki partnyorlarınızla ünsiyyətdə olmaq, xüsusən də onlara bu xəbəri vermək xoşagəlməz bir şeydir, lakin bu yolla bir çox insanları xəstəlikdən və onun təhlükəli nəticələrindən müdafiə etmiş olarsınız.

 Qadınlarda xlamidiozun müalicəsi

Xlamidiozun müalicəsində antibiotiklərdən istifadə olunur. Xlamidiozun müalicəsinə başlamazdan öncə hamilə olmadığınıza əmin olun, bunun üçün hamiləliyə görə test edin.  Xlamidiozun müalicəsində istifadə olunan bəzi preparatlara hamiləlik dövründə əks göstəriş var. Xlamidiozun düzgün tərtib edilmiş müalicə sxemi 95% hallarda xəstəliyin sagalmasina imkanı verir. Dərmanların seçimi, dozası və müalicənin müddəti xəstəliyin xüsusiyyətlərindən asılıdır və fərdi qaydada müalicə həkimi tərəfindən seçilir. Özünü müalicə ilə məşğul olmayın, çünki ağır nəticələrə səbəb ola bilər.

 Cinsi partnyor müalicə almalıdırmı?

Xlamidioz aşkar edilmişdirsə, cinsi partnyorunuza bu barədə mütləq xəbər verin. O uroloqa müraciət etməli və veneroloji xəstəliklərə görə analizlər verməlidir. Partnyorunuzda xlamidiya aşkar edilməsə belə müalicə kursu almalıdır.

 Xlamidiozun müalicəsi zamanı cinsi əlaqədə olmaq olarmı?

Ginekoloqlar xlamidiozun müalicəsi dövründə və müalicə başa çatdıqdan sonra daha 7 gün ərzində seksdən uzaq olmağı, mümkün olmadıqda prezervativlərdən istifadə etməyi məsləhət görürlər. 

 Müalicənin kömək etdiyini necə təyin etməli?

Xlamidiozun müalicəsinin səmərəli olub-olmadığına və sağalmanın başlanmasına əmin olmaq üçün ginekoloqlar müalicə başa çatdıqdan sonra xlamidioza görə təkrar analizlər verməyi tövsiyə edirlər.