Yüklənir...

Bakterial vaginoz (Qardnerellez)

Bakterial vaginoz (Qardnerellez)

Bakterial vaginoz

Bakterial vaginoz qadınlarda cinsi orqanların infeksion patologiyasının ən çox yayılmış növlərindən biridirMamalıq, ginekologiya və perinatologiya mərkəzinin məlumatlarına görə bakterial vaginoz praktiki olaraq sağlam olan qadınların 24%-də və kliniki kolpit əlamətləri olan qadın pasiyentlərin 61%-də aşkar edilmişdir.

 Bakterial vaginoz nədir?

Bakterial vaginoz (qardnerelloz) əksər hallarda qoxulu ifrazatların yaranması ilə xarakterizə olunur. Bu zaman patogen törədicilər (qonokokk, trixomonada, xlamidiya və s.), habelə uşaqlıq yolunun selikli qişasının gözlə görünən əlamətləri olmur. Bakterial vaginoz uşaqlıq yolunun mühitinin kəmiyyət və keyfiyyət baxımından pozulması ilə bağlı olan ümumi infeksion qeyri-iltihab sindrom kimi nəzərdən keçirmək olar. O, uşaqlıq yolunun ifrazatlarında şərti-patogen mikrooqranizmlərin miqdarının həddindən artıq olması və süd turşusu bakteriyalarının miqdarının kəskin şəkildə azalması və ya olmaması ilə səciyyələnir. Bakterial vaginozun inkişaf mexanizminə ətraflı nəzər salaq.

 Bakterial vaginozun səbəbləri

Reproduktiv yaşlı sağlam qadınlarda uşaqlıq yolunun mikromühitində aparıcı yeri laktobasillər tutur. Onların payına uşaqlıq yolu florasının 95-98%-i düşür.

Laktobasillərin funksiyası:

- hidrogen piroksidini istehsal etmək qabiliyyəti;

- süd turşusunun miqdarının çox olması ilə əlaqədar uşaqlıq yolunda turş mühit yaratmaq;

- uşaqlıq yolunun epitelinə yapışmaq uğrunda digər mikroorqanizmlərlə rəqabərə girmək;

- orqanizmin immun sistemini yüksəltmək kimi xassələrinə görə uşaqlıq yolunun florasının normal nisbəti təmin olunur ki, bu da normada uşaqlıq yolunda az miqdarda olan 20-30 növdə digər şərti-patogen bakteriyaların həddindən artıq çoxalmasının qarşısını alır.

Uşaqlıq yolunun mikroflorasının tərkibinə aşağıdakı amillər təsir göstərə bilir:

cinsi yolla ötürülən infeksiyalar

- antibiotiklərin, sitostatiklərin, hormonların qəbulu

- endokrin pozuntular, menstrual funksiyanın pozulması

- immunitetin zəifləməsi

- hamiləliyin cərrahi yolla kəsilməsi, əməliyyatlar

- daxil olan diaqnostik və müalicəvi manipulyasiyalar

uşaqlıqdaxili kontrasepsiya

- allergiya, ekoloji problemlər

- ionlaşdırıcı şüalanma

Bakterial vaginoz zamanı uşaqlıq yolunun mikroflorası dəyişir. Yuxarıda sadalanan amillərin təsiri altında laktobakteriyaların kəmiyyəti kəskin şəkildə azalır ki, bu da öz növbəsində süd turşusunun miqdarının azalmasına və pH-ın qələvi tərəfə yerinin dəyişməsinə səbəb olur. Bu zaman şərti-patogen mikrofloranın və qardnerellanın kütləvi şəkildə çoxalması üçün şərait yaranır. Qardnerellanın çoxalmasından isə laktoflora daha çox əziyyət çəkir. Bakterial vaginozdan əziyyət çəkən qadınların yarısından çoxunda bağırsaq disbakteriozu aşkar olunduğundan, orqanizmdə vahid disbiotik prosesdən söhbət açmaq olar. Onlar daha çox genital və ya həzm sistemində özünü büruzə verir.

                                      

 Bakterial vaginozun simptomları

İndiyə qədər qardnerellozun (bakterial vaginozun) cinsi yolla ötürülməsi məsələsi diskussiyalara səbəb olur. Qardnerellozin cinsi yolla ötürülməsinə skeptik baxış bir sıra tədqiqatlara əsaslanır. Bu tədqiqatlarda bakterial vaginozun müstəsna olaraq cinsi yolla ötürülməsi statistik baxımdan öz təsdiqini tapmamışdır.

Bakterial vaginoz uzun müddət cinsi yollardan bir miqdarda, çox vaxt xoşagəlməz, xüsusən də cinsi aktdan sonra və ya menstruasiya zamanı yaranan balıq qoxulu ifrazatların olması ilə səciyyələnir. Xəstəliyin erkən vaxtlarında ifrazatlar duru konsistensiyaya malik olmaqla ağ və boz rəngli olur. Qadın pasiyentlərin bir qismində qaşınma, sidik ifrazının pozuntuları, yerli diskomfort müşahidə olunur. Bakterial vaginoz uzun müddət davam etdikdə, ifrazatlar sarı və ya yaşıl rəng alır, daha qatı olur, bəzən kəsmiyə bənzər şəkil alır.

Bakterial vaginoz (qardnerelloz) zamanı ifrazatların miqdarı çox və həddindən artıq miqdarda ola bilir. Lakin qadın pasiyentlərin 25%-də bu xəstəliyin kliniki əlamətləri olmur. Bakterial vaginozun əlamətləri fonunda gizlənən yanaşı infeksion agentlər arasında ən çox rast gələnlər xlamidiyalar, mikoureaplazmlar, insan papilloması virusudur. 40% hallarda uşaqlıqboynunun fon xəstəlikləri (eroziya, serbisitlər) aşkarlanır.

Qardnerellozun diaqnostikası

Bakterial vaginozun laboratoriya diaqnostikası ciddi çətinliklər yaratmır. Bakterial vaginozun diaqnostikası zamanı ən çox məlumat verən yaxmanın mikroskopiyası və qardnerellin DNT identifikasiyasıdır. Qardnerellozla yanaşı olan şərti-patogen floranın aşkar edilməsində uşaqlıq yolunun ifrazatının disbakterioza görə əkməsi, eyni zamanda floranın antibiotiklərə həssaslığının müəyyən edilməsi köməklik edir. Bakterial vaginozun mənzərəsini ümumi şəkildə qiymətləndirmək üçün xlamidiyalara, mikoplazmaya və s. görə müayinələr aparılması məsləhətdir.

Qardnerellozun müalicəsi

Reproduktiv yaşlı qadınların 20-30%-də aşkarlanan qardnerellezin geniş yayılması, bu xəstəliklə əlaqələndirilən ağırlaşmaların (hamiləliyin başa çatdırıla bilməməsi, amniotik infeksiya, doğumdansonrakı və abortdansonrakı endometrit) mümkünlüyü bakterial vaginozun müalicəsini aktuallaşdırır.
 

Qardnerellozin müalicəsi iki mərhələdə aparılır.

     Bakterial vaginozun müalicəsinin I mərhələsində aşağıdakılar həyata keçirilir:

- patogen mikrofloranın, qardnerellanın məhv edilməsinə spesifik mkrobəleyhinə preparatları təyin etməklə nail olunur;

- immunomodulyatorların, vitaminlərin köməyi ilə orqanizmin ümumi immun sisteminin həvəsləndirilməsi;

- yerli müalicə.

      Bakterial vaginozun müalicəsinin II mərhələsində aşağıdakılar həyata keçirilir:

- süd turşusu bakteriyalarının, laktobasillərin miqdarını bərpa etməklə uşaqlıq yolunun normal mühitinin yaradılması

- bağırsaqlarda mikrobiosenozun korreksiyası.  

      Bütün bunlar xəstəliyin residivlərinin sayının azalmasına səbəb olur.