Yüklənir...
Menstruasiya (aybaşı) nədir?
Aybaşı menstrual tsikl dövrüdür. Bu zaman qızın uşaqlıq yolundan qanlı ifrazat müşahidə olunur. Aybaşı zamanı ifraz olunan qan qatı və tünd rəngdədir, tərkibində laxtalar ola bilər. Aybaşı zamanı uşaqlıq boşluğundan təkcə qan yox, uşaqlığın daxili qatı olan endometriya adlanan hissələr də ifraz edilir.
Menstruasiya (aybaşı) zamanı qan haradan yaranır?
Aybaşı zamanı qan ifrazatları uşaqlığın daxili qatının qan damarlarının zədələnməsindən yaranır. Qadın hamilə deyildirsə, bu damarların dağılması uşaqlığın selikli qişasının məhv olması (endometriya) zamanı baş verir.
Menstruasiya (aybaşı) neçə yaşda başlamalıdır?
Əksər qızlarda ilk aybaşı 11-12 yaşlarda başlayır. Çox vaxt (həmişə yox) qızda ilk aybaşı anasında başladığı vaxtda başlayır. Buna görə də sizin ananızda ilk aybaşı gec (15-16 yaşda) başlamışdırsa, ondan sizdə də aybaşı bu yaşda başlayacaqdır. Buna baxmayaraq, ilk aybaşı anada olduğundan bir neçə il əvvəl və ya gec də başlaya bilir. Bu hal tam normal haldır. Bəzi tədqiqatlar göstərir ki, qızlarda ilk aybaşı qız müəyyən çəkiyə (təxminən 47 kq) çatdıqda başlayır. Beləliklə, arıq qızlarda aybaşı orta hesabla kök qızlardan gec başlayır. Normada qızda aybaşı 9 yaşdan 15-16 yaş arası başlayır. Əgər sizdə aybaşı 9 yaşdan tez başlamışdırsa və ya sizin artıq 15-16 yaşınız var, amma aybaşı hələ də başlamayıbsa, onda ginekoloqa müraciət etməlisiniz. Xəstə olmaya da bilərsiniz, lakin hər şeyin qaydasında olduğuna əmin olmaq yaxşı olardı.
Menstruasiyanın (aybaşının) ilk simptomları necə olur?
İlk aybaşına bir neçə ay qalmış qarnınızın altında göynədən ağrı hiss edə, habelə uşaqlıq yolundan ağ və ya şəffaf ifrazatların gəldiyini görə bilərsiniz. Əgər alt paltarınızda hətta az miqdarda belə palıdı rəngdə ifrazat görürsünüzsə, demli, bu ilk menstruasiyanızdır. Çox vaxt ilk menstruasiya az miqdarda – cəmi bir neçə damcı olur.
Menstrual (aylıq) tsikl nədir və nə qədər davam edir?
Menstrual tsikl menstruasiyanın birinci günündən növbəti menstruasiyanın birinci gününə qədər olan zaman parçasıdır. Müxtəlif qızlarda tsiklin müddəti müxtəlif olur. Normada menstrual tsiklin uzunluğu 21-35 gün təşkil etməlidir. Əksər qızlarda menstrual tsikl 28-30 gün davam edir. Bu o deməkdir ki, aybaşı hər 28-30 gündən bir başlayır.
Mütəmadi menstrual tsikl nə deməkdir?
Menstrual tsiklin mütəmadiliyi o deməkdir ki, aybaşı hər dəfə müəyyən sayda gün keçdikdən sonra başlayır. Menstrual tsiklin mütəmadiliyi sizin yumurtalıqlarınızın düzgün fəaliyyət göstərməsindən xəbər verir. Aybaşı başladıqdan sonra ilk vaxtlar o, mütəmadi olmaya, gecikə və ya ayda bir neçə dəfə ola bilir. Bu, normaldır və tezliklə menstrual tsikliniz öz-özünü tənzimləyəcəkdir. Adətən ilk aybaşı başladıqdan bir il sonra menstrual tsikl mütəmadi hala çevrilir.
Menstrual tsiklin mütəmadiliyini necə müəyyən etməli?
Bunun üçün təqvimdən istifadə edə bilərsiniz. Bu təqvimdə hər dəfə menstruasiyanın (aybaşının) birinci gününü qeyd edəcəksiniz. Əgər sizin təqviminizdə uyğun olaraq aybaşı hər dəfə eyni vaxtda və ya müəyyən müddətdən sonra başlayırsa, onda, deməli, aybaşınız mütəmadidir.
Menstruasiya (aybaşı) neçə gün davam etməlidir?
Aybaşının davamlılığı qızlarda müxtəlif ola bilir. Normada aybaşı 3-7 gün davam etməlidir. Əgər aybaşı 3 gündən az və ya 7 gündən çox davam edirsə ginekoloqa müraciət etməlisiniz.
Menstruasiya (aybaşı) zamanı nə qədər qan ifraz olunmalıdır?
Bəzən sizə elə gəlir ki, aybaşı zamanı çox qan ifraz olunur. Lakin bu, belə deyil. Adətən aybaşının 3-5 günü ərzində qadın 80 ml-dan çox qan itirmir (bu, təxminən 4 xörək qaşığı qədərdir). Sizdə nə qədər qanın ifraz olunduğunu bilmək istəyirsinizsə, bezlərə fikir ver. Bezlər onların hopdura bildikləri qanın miqdarına görə fərqlənir. 4-5 damcılıq bez orta hesabla 20-25 ml-ə qədər qan hopdura bilir (bərabər şəkildə qanla dolmuş olur). Əgər aybaşının bir günü ərzində siz hər 2-3 saatdan bir bezləri dəyişməli olursunuzsa, deməli çoxlu qan ifraz olmasından xəbər verir və ginekoloqla məsləhətləşməlisiniz.
Bez yoxsa tamponlar?
Əksər qadınlar menstruasiya (aybaşı) zamanı bezlərdən istifadəyə üstünlük verirlər. Bizim saytımızda hansı bezlərin məsləhət bilindiyi, onlardan necə istifadə etməli və hansı tezliklə dəyişməli olduğunuz haqqında ayrıca məqalə var. Bezlər və gündəliklər: istifadə qaydaları
Əgər hovuza getməyi planlaşdırmırsınızsa, onda müvəqqəti olaraq tampondan istifadə edə bilərsiniz. Bu barədə oxu: “Tampondan necə istifadə etməli?”
Hələ geniş yayılmamış üçüncü variant da var ki, bu da menstrual qablardır (kaplar). Çox sayda istifadə üçün nəzərdə tutulan və menstruasiya (aybaşı) zamanı axmadan və xoşagəlməz qoxudan etibarlı müdafiə edən bir məhsuldur.
Menstruasiya (aybaşı) – ağrılıdırmı?
Menstruasiya başlamazdan bir neçə gün əvvəl və menstruasiyanın ilk günlərində qarnınızın alt hissəsində göynədici ağrı hiss edə bilərsiniz. Bu, normal hadisədir. Əgər qarnınızda ağrı güclüdürsə, onda ağrıkəsici qəbul edə bilərsiniz. Menstruasiya (aybaşı) zamanı qarnınızda tez-tez və güclü ağrı olduqda, ginekoloqa müraciət etməyiniz məsləhətdir. Sizə müalicə kursu tələb oluna bilər. Məqalə- Dismenoreya (ağrılı menstruasiya)
Menstruasiya (aybaşı) zamanı idmanla məşğul olmaq olarmı?
Qarnınızda ağrı hiss etmirsinizsə və ifrazatlar çox deyilsə, aybaşı zamanı idmanla məşğul olmaq olar. İdmanla məşğul olarkən ayağınızın başınızdan yuxarı olacağı tapşırıqlardan uzaq olun (məsələn, turnikdə başı aşağı sallanmaq, diyirlənmək olmaz).
Menstruasiya (aybaşı) zamanı vanna qəbul etmək və ya hovuza getmək olarmı?
Olar. Menstruasiya (aybaşı) zamanı isti vanna qarında ağrını azalda və vəziyyətinizi yaxşılaşdıra bilər. Hovuzda üzərkən su uşaqlıq yoluna nə aybaşı zamanı, nə də tsiklin digər günlərində düşə bilməz. İfrazatlar çox deyilsə və tampondan istifadə edirsinizsə, hovuza gedə bilərsiniz. Lakin hovuzda çox ləngiməməlisiniz, üzdükdən dərhal sonra isə tamponu dəyişməlisiniz və ya onu bezlə əvəz etməlisiniz.
Menstruasiya (aybaşı) zamanı hamama və ya saunaya getmək olarmı?
Yox, bu, arzuolunmazdır, çünki ərtafdakı havanın yüksək hərarəti qanaxmanı gücləndirə bilər.
Menstruasiya (aybaşı) zamanı solyaridə qaralmaq olarmı?
Yox, bu, arzuolunmazdır, çünki menstruasiya zamanı qadın orqanizmi ultrabənövşəyi dalğalara daha həssas olur. Menstruasiya (aybaşı) zamanı günəşdə və ya solyaridə qaralma qanaxmanı gücləndirə və ya başqa arzuolunmaz simptomların (baş ağrısı, zəiflik, baş gicəllənmə və s.) yaranmasına səbəb ola bilər.
Paylaş: