Yüklənir...

Uşaqlıq daxili spiral və hamiləlik

Uşaqlıq daxili spiral və hamiləlik

Əgər uşaqlıq daxili spiral gəzdirirəmsə hamilə qala bilərəmmi?

Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır.

Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.

Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən aybaşılardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər.

Bununla əlaqədar olaraq spiraldan istifadə edən bütün qadınlara uşaqlıq yolunun dərinliyində spiralın bığcıqlarını əl ilə yoxlayaraq ayda ən azı bir dəfə onun uşaqlıqda olmasını yoxlamaq tövsiyə olunur. Əgər əvvələr spiralın bığcıqları yaxşı hiss edilirdisə, indi onları hiss etmək olmursa ginekoloqa müraciət edilməlidir, çünki spiralın düşmə riski var.

Spiral gəzdirdiyim zaman hamilə qaldığımı neçə öyrənə bilərəm?

Hormonsuz uşaqlıq daxili spiralın gəzdirilməsi zamanı hamiləliyin olmasının əsas əlaməti aybaşıların 2-3 həftədən çox gecikməsidir. 

Əgər spiraldan istifadə edirsinizsə və uşaq gözlədiyinizi öyrənmisinizsə mümkün qədər tez həkimə müraciət edin. Uşağı saxlamağa qərar verdiyiniz təqdirdə həkim uşaqsalma riskini azaltmaq üçün spiralı çıxartmağa cəhd edə bilər.

Buna baxmayaraq, bəzi hallarda həkim spiralı yerində saxlamağın daha təhlükəsiz olduğuna qərar verə bilər. Bir çox qadınlar spiralın uşağın bədəninə keçməsindən qorxurlar. Bu qorxular əsassızdır, çünki uşağın orqanizmi sıx qişa və amniotik maye ilə əhatə olunur.

Spiral gələcəkdə hamilə qalma qabiliyyətini poza bilərmi?

Uşaqlıq daxili spiralların hamiləliyin qarşısını alma effekti asanlıqla geri qaytarıla biləndir və onların uşaqlıq boşluğundan çıxarılmasından sonra tez bir zamanda yoxa çıxır. Spiralın çıxarılmasından sonra 1 il ərzində hamiləliyin əmələ gəlmə ehtimalı 96% çatır.

Spiral çıxarıldıqdan sonra menstrual dövrə 1 ay ərzində normallaşır, uşaqlıq isə 1-3 ay ərzində tam bərpa olunur.

Spiralın gəzdirilməsi zamanı inkişafı artan bəzi cinsi infeksiyalar (məsələn, xlamidioz) spiralın çıxarılmasından sonra uşaq dünyaya gətirməkdə çətinliklər yarada bilər və hətta sonsuzluğa gətirib çıxara bilər (baxın: Sonsuzluq). Bununla əlaqədar hələ uşaqları olmayan və ya uşaq dünyaya gətirməkdə əvvələr problemləri olan qadınlara spirallar tövsiyə olunmur. Amma yenə də spiral çıxarıldıqdan sonra hamilə qalma qabiliyyətinin uzun müddətli pozuntusu çox nadir hallarda müşahidə olunur.

Hamiləliyin planlaşdırılması uşaqlıq daxili spiralın çıxarılmasından artıq bir ay sonra mümkündür.