Yüklənir...

Qadın sonsuzluğu

Qadın sonsuzluğu

Qadın sonsuzluğu

Analıq sevinci - hər qadının təbiət tərəfindən qoyulmuş ən əhəmiyyətli tələbatlarından biridir. Amma dünya səhiyyəsinin statistikasına görə, bu və ya digər səbəblərə görə cütlüklərin təxminən 15%-i uşaq dünyaya gətirə bilmirlər. Bunun səbəbi qadın və kişi sonsuzluğu ola bilər, lakin 60%-dən çox hallarda səbəb qadın orqanizmindəki problemlərdə olur. Qadın sonsuzluğu bir sıra xəstəliklər və pozuntulardan yarana bilər.

 Sonsuzluğun amilləri

Qadın sonsuzluğunun əsas amilləri aşağıdakılardır:

1. Qadın orqanizmində hormonal balansın pozulması

Hormonal pozğunluqların əlamətlərinə əsasən menstrual tsiklin pozulması aiddir. Dövrilik pozuntuları, gecikmə və ya qeyri-mütəmadi menstruasiya (aybaşı) ondan xəbər verir ki, yumurtalıqlar öz funksiyalarını tam həcmdə yerinə yetirə bilmir və yumurta hüceyrəsinin yetişməsində problemlər var. Bu cür pozuntular olduqda, hamilə qalma ehtimalı azalır və ya tamamilə olmur. Çox vaxt hormonal pozuntular polikistoz və yumurtalığın kistaları səbəbindən, habelə sinir və hormonal sistemi ilə bağlı bir sıra digər neyroendokrin pozuntular nəticəsində meydana gəlir.

2. Uşaqlıq borularında patoloji dəyişikliklər qadın sonsuzluğun səbəblərinin təxminən yarısını təşkil edir

Uşaqlıq borularının keçməzliyinin anadangəlmə səbəbləri ola bilir. Buna səbəb inkişaf qüsurları və keçirilmiş xəstəliklər ola bilər. Qadın orqanlarının yoluxucu xəstəlikləri bitişmə proseslərinin yaranmasına səbəb ola bilir. Bu zaman spermatazoidlərin keçməsi üçün çox dar  keçid qalır və mayalanma ona görə baş verə bilmir ki, yumurta hüceyrəsi ilə spermatazoid birləşə bilmir.

3. Qadın cinsi orqanlarının iltihab xəstəlikləri

Uşaqlığın, uşaqlıq borularının iltihabı göbələk və digər cinsi infeksiyalar səbəbindən yarana bilir. Bəzən belə xəstəliklər gizli və ləng cərəyan edir, bir müddət sonra isə xroniki mərhələyə keçid edir. Beləliklə qadının reproduktiv sisteminin normal funksiyasına mane olur.

4. Zədə və abortların nəticələri

Bəzən qadınlar doğuş fəaliyyəti zamanı zədələr alır və bu fonda ikincili qadın sonsuzluğu yaranır. Abort çox vaxt uşaqlıq divarlarının bütövlüyünün pozulmasına səbəb olur, qadın sonsuzluğuna və ya dölün daşına bilməməsi hallarına gətirib çıxarır. Abortun nəticələri fatal və dönməz xarakter daşıya bilir.

5. Qadın orqanlarında yeni törəmələr və şişlər

Qadın sonsuzluğun uşaqlıq amili mioma, fibromioma, polip kimi müxtəlif növ törəmələrlə şərtlənir. Bu kimi problemlərin dəqiq yaranma səbəblərini həkimlər göstərə bilmirlər. Sadəcə həmin xəstəlikləri diaqnostika etmək üçün mütəmadi olaraq ginekoloji müayinədən keçməyi tövsiyə edirlər.

6. Endokrin xəstəliklər qadın sonsuzluğunun geniş yayılmış səbəblərindən biridir

Böyrəküstü, qalxanvari, mədəaltı vəzlərin funksiyası pozulduqda, orqanizmin ümumi və lokal hormonal fonunda pozulmalar ola bilir ki, bu da ovulyasiyanı mümkünsüz edir. Həmçinin endokrin pozğunluqlar çox vaxt menstrual tsiklin də pozulmasına səbəb olur.

7. Maddələr mübadiləsinin pozulması

Ciddi metabolizm pozuntuları qadın reproduktiv funksiyasından uzaq görünməsinə baxmayaraq, bütün sistem və orqanlara təsir göstərir. Piylənmə təkcə estetik problem deyil, həm də bütövlükdə orqanizmin, o cümlədən qadın cinsi orqanlarının da ciddi patologiyasıdır.

8. Cinsi orqanların anadangəlmə qüsurları

Bunlar irsi amillərdən, genetik pozuntular, pis ekologiyanın, radiasiyanın təsirlərindən irəli gəlir. Uşaqlığın, yumurtalıqların və uşaqlıq borularının inkişafında anomaliyaların olması praktiki olaraq qadın üçün sonsuzluğa səbəbdir.

9. Xroniki yorğunluq, streslər

Gərgin ritmli və yüksək emosional yüklü müasir həyat qadın orqanizminə neqativ təsir göstərir. Həddindən artıq yorğunluq, istirahətsizlik, kifayət qədər yuxu almama, gərginliyi azaltmaq imkanının olmaması sonsuzluğa və bir sıra müxtəlif xəstəliklərə gətirib çıxarır.

10. Qadın sonsuzluğunun immunoloji amili

Xəstəlik qadın və kişi genlərinin immun uyğunsuzluğudur. Sadə dildə deyilsə, qadın immun sistemi kişi hüceyrələrini (spermatazoidləri) aqressiv amil kimi qəbul edir və antigenlər hasil edir, bununla da onların tamlığını və həyata qabilliyini pozur, onlara mayalanma zonasına daxil olmağa imkan vermir.

Qadın sonsuzluğunun yuxarıda göstərilən amillərinə araşdırılmamış daha bir qrup səbəbləri də əlavə etmək olar. Bu cür amillər hərtərəfli tibbi müayinədən keçdikdən sonra tam sağlam olduqlarının müəyyən edilməsinə baxmayaraq, hamiləliyin heç cür baş vermədiyi ailə cütlüklərində müşahidə olunur. Belə hallar sonsuzluğun kökü partnyorların birində psixoloji xarakterli səbəblərdən asılı ola bilir. Psixoloji səbəblərdən irəli gələn qadın sonsuzluğu analıqdan şüuraltı şəkildə qorxan və ya ömrün əvvəlki mərhələlərində uşağının olmasını qəti şəkildə istəməyən qadınlarda qeydə alına bilir.

Qadın sonsuzluğunun profilaktikası

Qadın sonsuzluğuna qarşı profilaktik tədbirlərə ilk növbədə iltihab proseslərinin vaxtında müalicə etmək, mütəmadi olaraq ginekoloqda müayinədən keçmək lazımdır. Ginekoloqun bir müayinəsi gələcəkdə yarana biləcək bir çox mümkün problemləri bir neçə aylığa aradan qaldıra bilir. Axı xəstəliyin və reproduktiv sistemin funksionallığının pozulmasının vaxtında edilən diaqnostikası gələcəkdə ciddi nəticələri aradan qaldırmağa imkan verər. Bundan başqa, profilaktik tədbirlərə həmçinin daxildir:

 - Sadə gigiyena qaydalarına riayət;

- Cinsi münasibətlərdə davamlılıq;

- Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina edilməsi;

- Düzgün balanslaşdırılmış qidalanma;

- Mötədil fiziki yüklənmə;

- Müvafiq istirahət və yuxu;

- Stres və emosional yüklərin aradan qaldırılması;

- Mövsümə uyğun geyim, soyuqdan qorunma, xüsusilə ayaqların və kiçik çanaq nayihəsinin soyuqdan qorunması;

- Ginekoloqla məsləhətləşərək hamiləlik əleyhinə vasitələrin düzgün seçilməsi ilə ixtisaslı kontraseptiv variantları;

- Çəkiyə nəzarət və vitaminlər, mikro- və makroelementlərin kifayət qədər qəbul edilməsi.

Əlbəttə, insan bütün xəstəliklərdən sığortalana bilməz, lakin bir çox xəstəliklərin təhlükəsini aradan qaldırmaq və ya azaltmaq mümkündür. 

Qadın sonsuzluğunun profilaktikası ilk növbədə qadının öz sağlamlığına qayğı göstərməsini, risk amillərindən uzaq olmasını, mütəmadi olaraq həkimə baş çəkməsini nəzərdə tutur.