Abort nədir? Aborta hazırlıq necə olmalıdır?

Abort  (tibbi abort) düşünülmüş şəkildə hamiləliyin inkişafının dayandırılmasıdır. Son dövrün məlumatlarına görə 40%-dan artıq qadınlar həyatlarında ən azı bir dəfə abort edirlər. Hər il dünyada 50 milyondan çox abort həyata keçirilir. Ən çox abortu 20-24 yaşında olan qadınlar edirlər. Tibbdə həmçinin “öz-özünə baş verən abort” termini də mövcuddur və 20 həftəyədək hamiləliyin inkişafının öz-özünə (həkimlərin iştirakı olmadan) dayandırılması mənasını verir. Öz-özünə baş verən abortu çox vaxt uşaqsalma adlandırırlar. Uşaqsalma səbəblərinin və simptomlarının ətraflı təsviri uşaqsalma məqaləsində təqdim edilmişdir.

 Aborta nə vaxt ciddi zərurət yarana bilər? 

Abortun keçirilməsinin ən geniş yayılmış səbəbi qadının arzuolunmaz hamiləliyin inkişafını dayandırmaq istəyidir.

Lakin, bir sıra hallarda, abort digər səbəblərdən həyata keçirilir, daha dəqiq desək, hamilə qadının həyatının xilas edilməsi və ya uşağın doğuşdan dərhal sonra ya ölümünə vəya onu sağalmaz əlil edəcək ağır inkişaf anomaliyaları olan dölün inkişafını dayandırmaq məqsədi ilə. 

Təhlükəsizlik məqsədilə hamiləliyi dayandırmaq (abort keçirmək) qərarı, hamilə qadının daxili orqanlarının kəskin və ya xroniki xəstəlikləri olduğu hallarda (məsələn, böyrək çatışmazlığı, ürək çatışmazlığı və s.) və bu xəstəliklərin gedişatının hamiləlik zamanı əhəmiyyətli dərəcədə ağırlaşması və ya hamilə qadının ölümünə gətirib çıxara biləcəyi hallarda verilə bilər.

Hamiləliyin dayandırılması həmçinin hamilə qadınlarda yaman şişlərin aşkar olunması halında tələb oluna bilər: uşaqlıq, döş xərçəngi, qalxanvarı vəzin xərçəngi, leykimiya, bağırsaq xərçəngi və s.

Qadının istəyi ilə hamiləlik onun zorlanması və ya insest nəticəsində əmələ gəlməsi hallarında dayandırıla bilər.

Qeyri-leqal abort nədir?

Bir çox ölkələrdə qanun abort keçirməyə icazə verir, lakin uyğun şəraitdə(təcrübəli mütəxəssis-ginekoloqlar işlədiyi və bunun üçün bütün lazımi şərait olduğu klinikalarda).

Mütəxəssis olmayan şəxslər tərəfindən keçirilən və ya təhlükəsizlik qaydalarının pozulması (məsələn, ev şəraitində abort) ilə müşahidə olunan abort qeyri-leqal adlanır. Qeyri-leqal abort qanunla təqib edilir.

Qeyri-leqal abortların nə səbəbdən qanunla təqib olunduğu aydındır. Mütəxəssis olmayan şəxslər tərəfindən və ya uyğun olmayan şəraitdə həyata keçirilən abort qadının həyatı üçün çox təhlükəlidir. Qeyri-leqal abort nəticəsində ciddi ağırlaşmaların inkişaf riski və ölüm halları orta hesabla 13% təşkil edir. Bütün dünyada hər il qeyri-leqal abort ağırlaşmalarından yüz minlərlə qadın həlak olur.

Heç bir halda özbaşınıza abort keçirməyə çalışmayın və qeyri-leqal abortun keçirilməsinə razılaşmayın! Bu çox təhlükəlidir. Arzuolunmaz hamiləliyin inkişafını dayandırmaq üçün mütəxəssis ginekoloqa müraciət edin.

Aborta necə hazırlaşmaq lazımdır?

Əgər siz arzuolunmaz hamiləliyin inkişafını dayandırmaq istəyirsinizsə - mütləq həkim ginekoloqa müraciət edin. Bunu özbaşınıza etməyə çalışmayın və xəstəxananın ginekoloji bölməsində ixtisaslı mütəxəssislərin köməyindən başqa heç bir köməyə razılaşmayın.

Abortu keçirməmişdən öncə həkim tam ginekoloji müayinə təyin edə bilər – bu hamiləliyin dayandırılmasının təhlükəsiz və effektiv keçməsi üçün lazımdır.

Abortun keçirilməsi ilə bağlı ilk müraciət zamanı, həkim ümumi ginekoloji müayinənin aparılmasını, sitoloji və bakterioloji yaxma nümunəsinin və qan analizinin alınmasını tövsiyə edə bilər.

Abort proseduru bir neçə günə və ya 1-2 həftəyə, analiz nəticələrinin alınmasınadək təxirə salına bilər.

Zərurət yarandıqda, (məsələn, əgər analizlər cinsiyyət yollarının infeksiyasının əlamətlərini aşkarlasa), abortun keçirilməsindən əvvəl həkim xüsusi müalicə (antibiotiklər, göbələyə qarşı preparatlar və s.)  təyin edə bilər.

Aborta hazırlıq:

  1. Prosedura 1-2 gün qalmış cinsi əlaqələrdən çəkinin.
  2. Prosedura bir neçə gün qalmış şırınqalar həyata keçirməyin və istənilən intim gigiyena vasitələrinin istifadəsindən imtina edin.
  3. Prosedura bir neçə gün qalmış vaginal şamlar, tablet və sprey şəklində olan bütün dərmanların istifadəsini dayandırın (əgər onların istifadəsi həkim ilə abortdan qabaq əvvəlcədən razılaşdırılmayıbsa).

Abort üçün xəstəxanada yatmaq lazımdırmı?

Əksər hallarda, abort ambulator şəkildə keçirilir, yəni bunun üçün xəstəxanada yatmaq lazım deyil. Abortdan sonra qadın xəstəxanada, həkimlərin müşahidəsi altında bir neçə saat keçirə, sonra isə evə gedə bilər.

Abortun keçirilməsindən və ya evə getməmişdən öncə öz həkiminizdən təkrar müayinə üçün nə vaxt gəlməyinizin lazım olduğunu mütləq soruşun (adətən təkrar müayinə 2-3 həftə sonraya təyin edilir). Heç bir halda həkimə təkrar müraciət etməyi nəzərdən qaçırmayın və təxirə salmayın – bu abortun hamiləliyi aradan qaldırıb qaldırmadığını və abortdan sonra sizdə təhlükəli ağırlaşmaların inkişaf edib etmədiyini müəyyən etmək üçün tələb olunur.