Yüklənir...

Qadınlarda trixomoniaz

Qadınlarda trixomoniaz

Qadınlarda trixomoniaz: simptomları və müalicə

 Trixomoniaz nədir və insan necə yoluxur?

Trixomoniaz qadın və kişi sidik-cinsiyyət orqanlarının iltihabına səbəb olan geniş yayılmış veneroloji xəstəlikdir.Trixomoniazın törədicisi Trichomonas vaginalis (T.vaginalis, trixomonada) parazitidir. Trixomoniaza xəstə insanla müdafiə olunmamış (prezervativdən istifadə etmədən) seks zamanı yoluxmaq olar. Trixomoniaz vaginal və anal seks zamanı da keçə bilir. Hamilə qadınlar doğuş zamanı bu xəstəliyi uşağa da ötürə bilir. Trixomoniazın məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal və ya alt paltarından istifadə etdikdə) ötürülməsi sübuta yetirilməmişdir.

 Trixomoniaza yoluxma riski kimdə daha yüksəkdir?

- Prezervativsiz sekslə məşğul olan bir neçə cinsi partnyor olduqda (cinsi partnyor nə qədər çox olsa, trixomoniaz riski də bir o qədər yüksək olar)

- Cinsi həyata erkən vaxtlarda başlandıqda (19 yaşından tez cinsi həyat başlayarsa trixomoniaz riski yüksək olur)

- Əvvəllər trixomoniaz və ya cinsi yolla ötürülən digər xəstəliklər (qonoreya, xlamidioz) olduqda

- Trixomoniaza yoluxmuş kişi ilə müdafiə olunmamış sekslə məşğul olduqda trixomoniaza yoluxma riski daha yüksəkdir.

Qadınlarda trixomoniazın simptomları

Trixomoniaz xəstəliyində inkubasiya dövrü 4-28 günə qədər təşkil edir. Bu o deməkdir ki, trixomoniazın ilk simptomları yoluxmadan artıq bir həftə sonra özünü göstərə bilər. Bəzi qadınlarda xəstəlik simptomsuz da cərəyan edə bilər.

 Qadınlarda trixomoniazın əsas simptomlarına aiddir:

- Uşaqlıq yolundan xoşagəlməz qoxulu ifrazat. Trixomoniaz xəstəliyində ifrazat sarı, yaşıl, ağ və ya şəffaf rəngdə olur. Bəzən ifrazat köpüklənir.

- Uşaqlıq yolundan qanlı (çəhrayı və ya palıdı rəngli) və bəzən də köpüklənən ifrazat

- İntim nayihədə qaşınma, diskomfort, yanğı və quruluq hissi

- Seks zamanı ağrı və seksdən sonra qanlı ifrazat

- Sidik ifrazı zamanı ağrı

- Qarnın aşağı hissəsində küt ağrı.

Qadınlarda xroniki trixomoniaz necə özünü göstərir?

Xəstəlik uzun müddət davam etdikdə (iki aydan çox), xəstəliyin simptomları praktiki olaraq gözə çarpmır. Qadında uşaqlıq yolundan az miqdarda xoşagəlməz ifrazat, cinsi orqanlar nayihəsində vaxtaşırı qaşınmalar, seks zamanı quruluq və ağrı hissi qeydə alına bilir.

Qadınlarda trixomoniaz hansı fəsadlara səbəb ola bilər?

Bir qayda olaraq trixomoniaz müalicə olunan xəstəlikdir. Trixomoniazın fonunda uşaqlığın və uşaqlıq borularının iltihabına və sonrakı sonsuzluğa nadir hallarda rast gəlinir. Trixomoniaz İİÇV və İPV (insan papilloması virusu) kimi virus infeksiyalarının riskini artırır. Trixomoniaz xəstəliyin keçirmiş qadınlarda uşaqlıq boynunun xərçəngi xəstəliyinin riski artır. Hamiləlik dövründə trixomoniaz donmuş (inkişafdan qalmış) hamiləliyə və uşaq salmaya, vaxtından əvvəl doğuşa, dölün inkişafında ləngimələrə və bətndaxili infeksiyalara gətirib çıxara bilər.

 Trixomoniaza görə analizləri kim verməlidir?

Yuxarıda göstərilən trixomoniaz riski amillərindən ən azı biri varsa, onda ginekoloq trixomoniaza və cinsi yolla ötürülən digər infeksiyalara görə analiz verməyi tövsiyə edirlər.

 Qadınlarda trixomoniazın diaqnostikası

Trixomoniaz əlamətləri yarandıqda və ya sağlamlığa əmin olmaq üçün ginekoloqa müraciət edin. Ginekoloq lazımi müayinə təyin edər və ehtiyac yarandıqda müalicə təyin edər. Müasir tibbdə ən geniş yayılmış trixomoniaz müayinə üsullarına nəzər salaq.

Qadınlarda trixomoniaza görə yaxma

Trixomoniaza görə yaxma xəstəliyin ən asan və ucuz diaqnostika metodudur. Bu cür yaxmanı bütün tibb mərkəzlərində vermək mümkündür. Normada (qadın sağlamdırsa) yaxmanın nəticələrində aşağıdakı qeydlər olacaqdır: T.vaginalis (və ya sadəcə «trich», «tr») aşkar edilməmişdir. Qadın xəstədirsə onda nəticələrdə T.vaginalis («trich», «tr») aşkar edildiyi qeyd ediləcəkdir. Bəzi hallarda bu analiz yanlış mənfi nəticə göstərə bildiyindən, şübhə olduqda ginekoloq daha dəqiq analizlər təyin edir.

 Trixomoniaza görə əkmə (kultural müayinə)

Trixomoniaza görə əkmə trixomoniazın daha səmərəli diaqnostika metodudur. Bu metoddan sivil dünyanın hər yerində istifadə olunur. Analiz trixomoniaza görə yaxmadan daha dəqiq nəticələr göstərsə də, keçirilməsi üçün daha çox vaxt tələb olunur. Müsbət nəticə (trixomoniaz olduqda) 2 sutkadan sonra mənfi nəticə göstərirsə (Ttixomoniaz yoxdursa) bir həftədən sonra analiz təkrar edilir.

Trixomoniaza görə PZR

Uşaqlıq yolundan və ya uşaqlıq boynundan götürülən yaxmada trixomoniaz DNT-nin təyin edilməsi trixomoniaza görə daha səmərəli analizdir. Onun dəqiqliyi 100%-ə yaxındır. Müsbət nəticə (“aşkar edilmişdir”) trixomoniaz diaqnozunu təsdiq edir, mənfi (“aşkar edilməmişdir”) trixomoniazın olmadığına işarə edir.

Trixomoniaz aşkar edildikdə nə etməli?

Birinci növbədə həyəcanlanmaq lazım deyil, çünki müasir müalicə metodları trixomoniazı praktiki olaraq 100% müalicə etmək imkanı verir. Ginekoloqa müraciət edin, o, müalicə sxemi tərtib edəcək. Trixomoniazı ev şəraitində müalicə etməyə cəhd göstərməyin, çünki xəstəşliyin simptomsuz olaraq xroniki formaya keçməsinə səbəb ola bilər. Trixomoniaz çox vaxt digər veneroloji xəstəliklərlə (qonoreya, xlamidioz, İİÇV-infeksiyası və s.) müşayiət olunduğundan, həkimlər bütün infeksiyalara görə müayinədən keçməyi məsləhət görürlər. Özünüzdə trixomoniaz xəstəliyinin olması barədə cinsi partnyora mütləq bildirin. Kişilərdə trixomoniaz çox vaxt simptomsuz keçir, ona görə partnyor xəstə və yoluxucu olduğunu bilməyə də bilər. Partnyorun uroloqa müraciət etməyi, trixomoniaza və cinsi yolla ötürülən digər xəstəliklərə görə analizlər verməyi məsləhət görülür. Əvvəlki partnyorla ünsiyyətdə olmaq, xüsusən də onlara bu kimi xəbərləri vermək xoşagəlməz bir şeydir, lakin belə bir çox insanları xəstəlikdən və onun təhlükəli nəticələrindən müdafiə etmiş olarsınız.

Qadınlarda trixomoniazın müalicəsi

Trixomoniazın müalicəsinə başlamazdan öncə hamiləliyin olmamasına əmin olmalı, hamiləlik testi edilməlidir. Trixomoniazın müalicəsində istifadə olunan bəzi preparatlara hamiləlik dövründə əks göstəriş var. Trixomoniazın düzgün tərtib edilmiş müalicə sxemi 99% hallarda sağalmaq imkanı verir. Bir qayda olaraq bu dərmanlar tablet formasında olur. Buna baxmayaraq, ginekoloq tabletlərlə kombinasiyada vaginal şam və ya gel formalı preparatlar da təyin edə bilər. Dərmanların dozası və müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən olunur. Özünümüalicə ilə məşğul olmayın!

Cinsi partnyor müalicə almalıdırmı?

Cinsi partnyor mütləq eyni vaxtda müalicə almalıdır. Ona izah edilməlidir ki, özündə heç bir simptom hiss etməsə belə eyni vaxtda müalicə almasa təkrarən yoluxdura bilər.

 Trixomoniazın müalicəsi zamanı cinsi əlaqədə olmaq olarmı?

Ginekoloqlar trixomoniazın müalicəsi zamanı xəstəliyin bütün simptomları yox olanadək seksdən uzaq olmağı məsləhət görürlər.

Müalicənin effektini necə təyin etməli?

Trixomoniazın müalicəsinin səmərəliliyinin əsas göstəricisi xəstəliyin bütün simptomlarının yox olmasıdır. Bundan başqa müalicə kursu başa çatdıqdan sonra təkrar müayinədən keçmək lazımdır.