Yüklənir...

Qadınlarda qonoreya: simptomları, müalicəsi

Qadınlarda qonoreya: simptomları, müalicəsi

Qonoreya nədir və insan ona necə yoluxur?

Qonoreya ən geniş yayılmış və qadınlarda sonsuzluğa gətirib çıxaran veneroloji xəstəliklərdən biridir. Rast gəlmə tezliyinə görə qonoreya xlamidiozdan sonra ikinci yeri tutur. Çox vaxt bu iki xəstəlik eyni vaxtda aşkar edilir. Qonoreyanın törədicisi qonokokk və ya Neisseria gonorrhoeaе (N.gonorrhoeaе, neysseriya) bakteriyasıdır. Qonoreyaya yoluxma qonoreya xəstəliyi olan kişi ilə müdafiə olunmamış cinsi əlaqədə olan zaman baş verir. Qonoreyanın törədicisi xəstə insandan sağlam insana oral, vaginal və anal seksi zamanı keçə bilir. Hamilə qadın doğuş zamanı qonoreyanı uşağa ötürə bilər. Qonoreyanın məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal ya alt paltarından istifadə etdikdə) ötürülməsi nəzəri cəhətdən mümkün olsa da rəsmi qeydə alınmamışdır.

Qonoreyaya kim yoluxa bilər?

- Prezervativsiz sekslə məşğul olduğunuz bir neçə cinsi partnyorunuz varsa (cinsi partnyorunuz nə qədər çox olsa, qonoreyaya yoluxmaq riski də bir o qədər yüksək olar);

- Cinsi həyata erkən vaxtlarda başlamışsınızsa (19 yaşından tez cinsi həyata başlayanlarda qonoreyaya yoluxmaq riski yüksək olur);

- Əvvəllər qonoreya və ya cinsi yolla ötürülən digər xəstəliklər olmuşdursa;

- Qonoreyaya yoluxmuş kişi ilə müdafiə olunmamış cinsi əlaqədə olmaq (xəstəliyə yoluxmuş kişi ilə bir dəfə cinsi əlaqədə olmaqla qonoreyaya yoluxmaq riskini yoluxmaq riskini 50-70 % artırmış olursunuz) qonoreyaya yoluxmaq riskini artırır.

 Qadınlarda qonoreyanın simptomları

Qadınlarda qonoreya uşaqlıq boynu kanalının iltihabına (qonoreya endoserivisiti), uretranın iltihabına (qonoreya uretriti), düz bağırsağın iltihabına (qonoreya proktiti), uşaqlıq yolunun iltihabına (qonoreya kolpiti) və digər orqanların iltihabına səbəb ola bilər. Qadınlarda inkubasiya dövrü 2-7 gün təşkil edir. Yəni qonoreyanın ilk siptomları yoluxmadan sonra artıq birinci həftədə özünü büruzə verə bilər.

Qonoreyanın ilk əlamətlərinə aşağıdakılar aiddir:

- Sidik ifrazı zamanı ağrı və yanğı hissi

- Uşaqlıq yolundan sarı, yaşıl və ya şəffaf rəngli ifrazatlar

- Seks zamanı ağrı

- Uşaqlıq yolundan seks zamanı və seksdən sonra səbəbsiz olaraq qanlı (çəhrayı, palıdı) ifrazat

- Qarnın alt hissəsində ağrı

Bəzən qadınlarda qonoreya simptomsuz ötüşür və ya xəstəliyin əlamətləri o qədər də ifadəli olmur və gözə çarpmır. Qonoreya uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yuxarıya doğru qalxa və uşaqlığın və uşaqlıq boynunun iltihabına səbəb ola bilər.

Bu zaman aşağıdakı simptomlar meydana gələ bilir:

- Qarnın alt hissəsində mərkəzi nayihədə və yanlarda ağrılar

- Bədən hərarətinin yüksəlməsi

- Başağrısı, ürək bulanma, qusma.

 Qadınlarda qonoreyanın nəticələri

Qadınlarda qonoreya aşağıdakı fəsadlara gətirib çıxara bilər:

- Keçirilmiş qonoreya xəstəliyinin ən geniş yayılmış fəsadlarından biri sonsuzluqdur. Qonoreyadan sonra sonsuzluq infeksiyanın uşaqlıq borularının iltihabına (salpingit) səbəb olduqda yarana bilir.

- Uşaqlıqdan kənar hamiləlik. İnfeksiya uşaqlıq borularının iltihabına səbəb olduqda, qonoreyadan sonra uşaqlıqdan kənar hamiləlik riski 7-10 dəfə artır.

- Oynaqların iltihabı

- Hamiləlik dövründə qonoreya inkişafdan qalmiş (donmuş) hamiləliyə və və uşaq salmaya, vaxtından əvvəl doğuma, uşağın doğum vaxtı yoluxmasına səbəb ola bilir.

Qonoreyaya görə analizləri kim verməlidir?

Qonoreyaya və cinsi yolla ötürülən digər infeksiyalara görə analizləri qonoreyaya yoluxmaq riski yüksək olan bütün qadınlar verməlidirlər (bax yuxarıda: Qonoreyaya kim yoluxa bilər?)

Qadınlarda qonoreyanın diaqnostikası

Qonoreyaya yoluxduğunu düşünənlər və ya xəstəliyin əlamətlərini hiss edənlər mütləq ginekoloqa müraciət etməlidir. Ginekoloq aşağıdakı analizləri təyin edəcək:

Qonoreyaya görə yaxma

Qonoreyaya görə yaxma bu xəstəliyin ən asan və ucuz diaqnostika metodudur. Bu cür yaxmanı hər qadın məsləhətxanasında vermək mümkündür. Qonoreya zamanı floraya görə yaxmada leykositlərin, epiteliyin miqdarının artması qeydə alınır, habelə qonoreyanın törədicisi (sinonimlər: qonokokk, qram-mənfi diplokokklar N.gonorrhoeae və ya gn) müəyyən edilir.

Qonokokka görə əkmə

Qonoreyaya görə əkmənin köməyi ilə təkcə diaqnoz dəqqiləşdirilmir, həm də xəstəliyin müalicəsində hansı antibiotiklərin daha səmərəli olduğu müəyyən edilir.

Qonokokkun DNT-nin müəyyən edilməsi (qonoreyaya görə PZR)

Bu müayinə qonoreyaya görə ən həssas analizdir, lakin bu analiz hər laboratoriyada aparılmır və sadalanan bütün diaqnostika metodlarında ən bahalısıdır. Nəticələr “aşkar edilmişdir” və “aşkar edilməmişdir” terminləri ilə ifadə olunur. Araşdırılan materialda qonokkokun DNT-nin aşkar edilməsi qonoreya diaqnozunu təsdiqləyir.

Qonoreya aşkar edildikdə nə etməli?

Birinci növbədə həyəcanlanmamalı, çünki müasir müalicə metodları qonoreyanı praktiki olaraq 100% hallarda müalicə etmək imkanı verir. Ginekoloqa müraciət etməli və onun bütün tövsiyələrinə əməl edilməli. Qonoreyanı ev şəraitində müalicə etməyə cəhd göstərməyin, çünki bu, ağır nəticələrə, o cümlədən sonsuzluğa və hətta ölümə gətirib çıxara bilər. Qonoreya çox vaxt digər veneroloji xəstəliklərlə (xlamidioz, trixomoniaz və s.) müşayiət olunduğundan, ginekoloqlar bütün bu infeksiyalara görə müayinədən keçməyi məsləhət görürlər. Özünüzdə qonoreya xəstəliyinin aşkar edilməsi barədə seksual partnyorunuza mütləq bildirin. Son 3 ayda bir neçə seksual partnyorunuz olmuşdursa, onda onların hamısı ilə əlaqə saxlayın. Əvvəlki partnyorlarınızla ünsiyyətdə olmaq, xüsusən də onlara bu kimi xəbərləri vermək xoşagəlməz bir şeydir, lakin bu yolla bir çox insanları xəstəlikdən və onun təhlükəli nəticələrindən müdafiə etmiş olarsınız.

Qadınlarda qonoreyanın müalicəsi

Qonoreyanın müalicəsində inyeksiya və tablet formasında antibiotiklərdən istifadə olunur. Qonoreyanın müalicəsinə başlamazdan öncə hamilə olmadığınıza əmin olun, bunun üçün hamiləliyə görə test edin. Qonoreyanın müalicəsində istifadə olunan bəzi preparatlara hamiləlik dövründə əks göstəriş var. Müalicənin sxemi, dozası və müddəti infeksiyanın nə dərəcədə geniş yayılmasından asılıdır. Özünümüalicə ilə məşğul olmayın və müalicə həkiminin bütün tövsiyələrinə əməl edin!

Cinsi partnyor müalicə almalıdırmı?

Cinsi partnyorunuz uroloqa müraciət etməli və qonoreyaya görə yaxma verməlidir. Müayinənin nəticələrinə görə həkim ona müalicə yazacaqdır.

Qonoreyanın müalicəsi zamanı cinsi əlaqədə olmaq olarmı? 

Ginekoloqlar qonoreyanın müalicəsi dövründə və müalicə başa çatdıqdan sonra daha 7 gün seksdən uzaq olmağı məsləhət görürlər. Mümkün olmadıqda prezervativlərdən istifadə edin.

Müalicənin kömək etdiyini necə təyin etməli?

Qonoreyanın müalicəsinin səmərəli olub-olmadığına və sağalmanın başladığına əmin olmaq üçün mütəxəssislər müalicə başa çatdıqdan 8-10 gün sonra qonokokka görə təkrar analiz verməyi məsləhət görürlər.