Qadın sonsuzluğu

 

Qadın sonsuzluğu

Analıq sevinci - hər qadının təbiətin özü tərəfindən qoyulmuş ən əhəmiyyətli tələbatlarından biridir. Amma dünya səhiyyənin statistikasına görə, bu və ya digər səbəblərə görə bütün cütlüklərin təxminən 15%-i uşaq dünyaya gətirə bilmirlər. Bunun səbəbi qadın və kişi sonsuzluğu ola bilər, lakin 60%-dən çox hallarda səbəb qadın orqanizmindəki problemlərdə olur. Qadın sonsuzluğu bir sıra xəstəliklər və pozğunluqlardan yarana bilər.

 Sonsuzluğun amilləri

Qadın sonsuzluğunun əsas amilləri aşağıdakılardır:

1.Qadın orqanizmində hormonal balansın pozulması.

Hormonal pozğunluqların əlamətlərinə əsasən menstrual tsiklin pozulması aiddir. Dövrilik pozğunluqları, gecikmə və ya qeyri-mütəmadi menstruasiya (aybaşı) ondan xəbər verir ki, yumurtalıqlar öz funksiyalarını tam həcmdə yerinə yetirə bilmir və yumurta hüceyrəsinin yetişməsində problemlər var. Buna görə, bu cür pozuntular olduqda, hamilə qalma ehtimalı az olur və ya tamamilə olmur. Çox vaxt hormonal pozğunluqlar polikistoz və yumurtalığın kistaları səbəbindən, habelə sinir və hormonal sistemi ilə bağlı bir sıra digər neyroendokrin pozğunluqlar nəticəsində meydana gəlir.

2. Uşaqlıq borularında patoloji dəyişikliklər qadın sonsuzluğun səbəblərinin təxminən yarısını təşkil edir.

Uşaqlıq borularının keçməməzliyinin anadangəlmə səbəbləri ola bilir. Buna səbəb həmçinin inkişaf qüsurları və keçirilmiş xəstəliklər ola bilər. Qadın orqanlarının yoluxucu xəstəlikləri bitişmə proseslərinin yaranmasına səbəb ola bilir. Bu zaman spermatazoidlərin keçməsi üçün çox dar bir keçid qalır və mayalanma ona görə baş verə bilmir ki, yumurta hüceyrəsi ilə spermatazoid birləşə bilmir.

3. Qadın cinsi orqanlarının iltihab xəstəlikləri.

Uşaqlığın, uşaqlıq borularının iltihabı göbələk və digər cinsi infeksiyalar səbəbindən yarana bilir. Bəzən belə xəstəliklər gizli və ləng cərəyan edir, bir müddət sonra isə xroniki mərhələyə keçid edir, beləliklə də qadının reproduktiv sisteminin normal funksiyasına mane olur.

4. Zədə və abortların nəticələri.

Bəzən qadınlar doğuş fəaliyyəti zamanı zədələr alır və bu fonda ikincili qadın sonsuzluğu yaranır. Abort çox vaxt uşaqlıq divarlarının bütövlüyünün pozulmasına səbəb olur, qadın sonsuzluğuna və ya dölün daşına bilməməsi hallarına gətirib çıxarır. Abortun nəticələri fatal və dönməz xarakter daşıya bilir.

5. Qadın orqanlarında yeni törəmələr və şişlər.

Qadın sonsuzluğun uşaqlıq amili mioma, fibromioma, polip kimi müxtəlif növ törəmələrlə şərtlənir. Bu kimi problemlərin dəqiq yaranma səbəblərini həkimlər göstərmir, sadəcə belə xəstəlikləri diaqnostika etmək üçün mütəmadi olaraq ginekoloji müayinədən keçməyi tövsiyə edirlər.

6. Endokrin xəstəliklər qadın sonsuzluğunun geniş yayılmış səbəblərindən biridir.

Böyrəküstü, qalxanvari, mədəaltı vəzlərin funksiyası pozulduqda, orqanizmin ümumi və lokal hormonal fonunda pozulmalar ola bilir ki, bu da ovulyasiyanı mümkünsüz edir. Həmçinin endokrin pozğunluqlar çox vaxt menstrual tsiklin də pozulmasına səbəb olur.

7. Maddələr mübadiləsinin pozulması.

Ciddi metabolizm pozğunluqları qadın reproduktiv funksiyasından uzaq görünməsinə baxmayaraq, bütün sistem və orqanlara təsir göstərir. Piylənmə təkcə estetik problem deyil, həm də bütövlükdə orqanizmin, o cümlədən qadın cinsi orqanlarının da ciddi patologiyasıdır.

8. Cinsi orqanların anadangəlmə qüsurları.

Bunlar irsi amillərdən, genetik pozğunluqlar, pis ekologiyanın, radiasiyanın təsirlərindən irəli gələr. Uşaqlığının, yumurtalıqlarının və uşaqlıq borularının inkişafında anomaliyaların olması praktiki olaraq qadın üçün sonsuzluğa səbəbdir.

9. Xroniki yorğunluq, stresslər.

Gərgin ritmli və yüksək emosional yüklü müasir həyat qadın orqanizminə neqativ təsir göstərir. Həddindən artıq yorğunluq, istirahətsizlik, kifayət qədər yuxu almama, gərginliyi azaltmaq imkanının olmaması sonsuzluğa və bir sıra müxtəlif xəstəliklərə gətirib çıxarır.

10. Qadın sonsuzluğunun immunoloji amili.

Bu, qadın və kişi genlərinin immun uyğunsuzluğudur. Sadə dildə deyilsə, qadın immun sistemi kişi hüceyrələrini (spermatazoidləri) aqressiv amil kimi qəbul edir və antigenlər hasil edir, bununla da onların tamlığını və həyata qabilliyini pozur, onlara mayalanma zonasına daxil olmağa imkan vermir.

Qadın sonsuzluğunun yuxarıda göstərilən amillərinə araşdırılmamış daha bir qrup səbəbləri də əlavə etmək olar. Bu cür amillər hərtərəfli tibbi müayinədən keçdikdən sonra tam sağlam olduqlarının müəyyən edilməsinə baxmayaraq, hamiləliyin hec cür baş vermədiyi ailə cütlüklərində müşahidə olunur.Belə hallarda sonsuzluğun kökü partnyorlardan birində psixoloji xarakterli səbəblərin olmasında ola bilir. Psixoloji səbəblərdən irəli gələn qadın sonsuzluğu analıqdan şüuraltı şəkildə qorxan və ya ömrün əvvəlki mərhələlərində uşağının olmasını qəti şəkildə istəməyən qadınlarda qeydə alına bilir.

Qadın sonsuzluğunun profilaktikası

Qadın sonsuzluğuna qarşı profilaktik tədbirlərə ilk növbədə iltihab proseslərinin vaxtında müalicə etmək, mütəmadi olaraq ginekoloqda müayinədən keçmək lazımdır. Ginekoloqun bir müayinəsi gələcəkdə yarana biləcək bir çox mümkün problemləri bir neçə aylığa aradan qaldıra bilir. Axı xəstəliyin və reproduktiv sistemin funksionallığının pozulmasının vaxtında edilən diaqnostikası gələcəkdə ciddi nəticələri aradan qaldırmağa imkan verər. Bundan başqa, profilaktik tədbirlərə həmçinin daxildir:

 - Sadə gigiyena qaydalarına riayət;

- Cinsi münasibətlərdə davamlılıq;

- Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina edilməsi

- Düzgün balanslaşdırılmış qidalanma;

- Mötədil fiziki yüklənmə;

- Müvafiq istirahət və yuxu;

- Stress və emosional yüklərin aradan qaldırılması;

- Mövsüma uyğun geyim, soyuqdan qorunma, xüsusilə ayaqların və kiçik çanaq nayihəsinin soyuqdan qorunması

- Ginekoloqla məsləhətləşərək hamiləlik əleyhinə vasitələrin düzgün seçilməsi ilə ixtisaslı kontraseptiv variantları;

- Çəkiyə nəzarət və vitaminlər, mikro- və makroelementlərin kifayət qədər qəbul edilməsi.

Əlbəttə, insan bütün xəstəliklərdən sığortalana bilməz, lakin bir çox xəstəliklərin təhlükəsini aradan qaldırmaq və ya azaltmaq mümkündür. Qadın sonsuzluğunun profilaktikası ilk növbədə qadının öz sağlamlığına qayğı göstərməsini, risk amillərdən uzaq olmasını, mütəmadi olaraq həkimə baş çəkməsini nəzərdə tutur.