Yüklənir...

Uşaqlıq daxili spiralın yerləşdirilməsi, öncə və sonra

Uşaqlıq daxili spiralın yerləşdirilməsi, öncə və sonra

Spiralın yerləşdirilməsinə necə hazırlaşmaq lazımdır?

Spiralın yerləşdirilməsindən öncə etibar etdiyiniz həkim ginekoloqla bütün məsələləri müzakirə edin;

- Spiralın yerləşdirilməsindən 1-2 gün əvvəl cinsi əlaqədən imtina edin;

- Spiralın yerləşdirilməsindən bir neçə gün əvvəl şırınqa etməyin və bütün növ intim gigiyena vasitələrinin istifadəsindən imtina edin;

Əgər spiralın yerləşdirilməsindən öncə həkimlə əvvəlcədən razılaşdırılmayıbsa spiralın yerləşdirilməsindən bir neçə gün əvvəl vaginal şamlar, tablet və ya sprey şəklində olan istənilən dərmanların istifadəsini dayandırın.

Spiralın yerləşdirilməsi (daxil edilməsi) neçə keçirilir?

Hamiləlik zamanı spiralın yerləşdirilməsi qəti surətdə qadağandır. Əgər hamiləliyə şübhə varsa həkim bu haqda mütləq bilməlidir. Hamiləliyi istisna etmək üçün spiralın yerləşdirilməsindən öncə həkim hamiləlik testini etməyi xahiş edə bilər.

Cinsiyyət yollarının hər hansı bir infeksiyasının və ya digər ginekoloji xəstəliklərin olması zamanı uşaqlıq daxili spiralın yerləşdirilməsi qəti surətdə qadağan olduğu üçün spiralın yerləşdirilməsindən öncə həkim ginekoloq “güzgü” ilə ümumi ginekoloji müayinənin keçirilməsini, uşaqlıq yolundan bakterioloji və sitoloji yaxma nümunəsinin götürülməsini tövsiyə edəcəkdir.

Əgər müayinə zamanı həkim hər hansı infeksiya əlamətlərini aşkarlayarsa, o spiralın yerləşdirilməsini təxirə sala və spiralın təhlükəsiz yerləşdirilməsinə hazırlayacaq müalicə təyin edəcək.

Spiralın yerləşdirilməsi üçün xəstəxanada yatmağa gərək yoxdur. Adətən spiralın yerləşdirilməsi aybaşılardan bir neçə gün əvvəl tövsiyə olunur. Bu müddətdə uşaqlıq boynu daha yumşaqdır bu isə proseduru əhəmiyyətli dərcədə asanlaşdırır.

Spiralın yerləşdirilməsi üçün həkim ginekoloji kresloda “güzgü”lərlə müayinədən sonra uşaqlıq boynunu xüsusi sıxacla sıxacaqdır və xüsusi nazik borunun köməyi ilə spiralı uşaqlıq boşluğuna daxil edəcəkdir.

Spiralın daxil edilməsi proseduru xoşagəlməz ola və qarının aşağı hissəsində tez keçib gedən küt, sızıldayan ağrılarla müşahidə oluna bilər. Spiralın yerləşdirilməsindən sorna həkim infeksiyaların qarşısını almaq üçün antibiotiklər təyin edə bilər.

Spiralın yerləşdirilməsindən sonra müayinə üçün nə vaxt təkrar gəlmək lazım olduğunu həkiminizdən mütləq soruşun. Adətən profilaktik müayinələr spiralın yerləşdirilməsindən sonra ayda, sonra yarım ildə, daha sonra isə təxminən ildə 1 dəfə təyin edilir.

Spiralın yerləşdirilməsindən sonra 4-5 gün ərzində aşağıdakıları etmək olmaz:

  • Sekslə məşğul olmaq;
  • Vaginal tamponlardan istifadə etmək (adi bezlərdən istifadə etmək olar);
  • Şırınqa etmək;
  • Vanna qəbul etmək, saunaya və ya hamama getmək (duş qəbul etmək olar);
  • Ağır fiziki işlə və ya intensiv fiziki məşqlərlə məşğul olmaq;
  • Tərkibində asetilsalisil turşusu olan dərmanlar qəbul etmək (məsələn, Aspirin). 

Aşağıdakı hallarda mütləq həkimə müraciət edin:

  • Spiralın yerləşdirilməsindən sonra bir neçə gün ərzində temperatur yüksələrsə, uşaqlıq yolundan güclü qanlı ifrazatlar, qarında ağrılar və ya uşaqlıq yolundan xoşagəlməz qoxulu qeyri-adi ifrazatlar əmələ gələrsə.
  • Spiralın yerləşdirilməsindən sonra istənilən vaxtda uşaqlıq yolunda spiralı hiss etdikdə, spiralın yerinin dəyişdiyini və ya düşdüyünü hiss etdikdə və həmçinin aybaşıların 3-4 həftə gecikmə baş verərsə.

Spiralın yerləşdirilməsindən sonra əhvalın və aybaşıların dəyişməsi

Uşaqlıq daxili spiralın yerləşdirilməsindən sonra orqanizmdə bəzi dəyişikliklər baş verə bilər. Xüsusilə aybaşıların keçməsində və bu aybaşılar zamanı qadın səhhətində baş verən dəyişiklik ola bilər.

Hormonsuz spiralın yerləşdirilməsindən sonra aşağıdakı dəyişikliklər mümkündür;

  • Spiralın yerləşdirilməsindən əvvələ nisbətən aybaşılar daha ağrılı, davamlı və güclü olurlar.
  • Çox vaxt aybaşılardan bir az əvvəl və ya sonra və ya (daha az hallarda) iki aybaşı arasındakı fasilədə uşaqlıq yolundan yaxıntılı qanlı ifrazatlar müşahidə olunur.
  • Bəzi hallarda aybaşılar zamanı ağrının və qeyri-müntəzəm qanlı ifrazatların çoxalması səbəbindən qadınlar spiralın istifadəsini onun müddətinin bitməsindən əvvəl dayandırmağa və çıxarmağa məcbur olurlar.

Hormonlu (xüsusilə Mirena ilə) spiralın yerləşdirilməsindən sonra;

  • Aybaşıların əhəmiyyətli dərəcədə qısalması və menstruasiyalar zamanı qanlı ifrazatların ümumi miqdarının azalması mümkündür.
  • Mirenadan istifadə edən qadınların təxminən 20%-da aybaşıların tamamilə yox olması (amenoreya) müşahidə olunur. Bu halda aybaşıların bərpası yalnız spiralın təsir müddətinin bitməsindən və ya uşaqlıqdan çıxarılmasından sonra baş verir. Dəqiq məlumdur ki, Mirenadan istifadə edən qadınlarda aybaşıların yox olması yumurtalıqların fəaliyyətində dayanmalarla deyil (oral kontraseptivlərdən istifadə zamanı olduğu kimi), uşaqlığın selikli qişasının inkişafının hormonların az dozaları ilə yatırdılması ilə bağlıdır.
  • Baxmayaraq ki, bir çox qadınlar aybaşıların yox olmasından qorxurlar onu sağlamlıq üçün təhlükəli hesab etməyə heç bir səbəb yoxdur. Üstəlik hormonal spiralların bu effekti hətta müsbət təsirə malik ola bilər, çünki o qadının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir və qadında davamlı və güclü aybaşılar ilə müşahidə olunan anemiyanın müalicəsi üçün effektiv bir üsuldur. Bir sıra ölkələrdə Mirena hətta güclü uşaqlıq qanaxmalarının müalicəsi üçün istifadə olunur.
  • Bəzi qadınlar spiralın yerləşdirilməsindən sonra bədən çəkisinin artdığını qeyd edirlər. Hormonal uşaqlıq daxili spiralların orqanizmə və maddələr mübadiləsinə praktiki olaraq heç bir ümumi təsir göstərmədiyinə görə bədən çəkisinin artması onların yerləşdirilməsi ilə bağlı ola bilməz, hətta bu iki hadisənin vaxtı üst-üstə düşsə belə.