Yüklənir...

Uşaqlıq daxili spiralların yan təsirləri və əks göstərişləri

Uşaqlıq daxili spiralların yan təsirləri və əks göstərişləri

Uşaqlıq daxili spiralların yan təsirləri və əks göstərişləri

Uşaqlıq daxili spiralın yerləşdirilməsi bəzi ağırlaşmalara gətirib çıxara bilər, lakin ağırlaşmalar spiral gəzdirən bütün qadınlarda inkişaf etmir. Müasir tədqiqatlar göstərir ki, spiral gəzdirən qadınların 95%-dan çoxu onu çox yaxşı və rahat kontrasepsiya üsulu hesab edirlər və öz seçimlərindən razıdırlar.

 Mümkün ağırlaşmalar:

Yerləşdirilmə zamanı və ya yerləşdirilmədən dərhal sonra (bütün spiral növləri üçün)

  • Uşaqlığın deşilməsi (çox nadir hallarda)
  • Endometritin inkişaf etməsi (çox nadir hallarda)

Spiraldan istifadə olunan bütün müddət ərzində (hormonsuz mis və ya plastik spirallar üçün)

  • Aybaşılar zamanı ağrıların güclənməsi;
  • Aybaşılar zamanı qanlı ifrazatların miqdarının çoxalması;
  • Aybaşılardan sonra və ya aybaşılar arasındakı müddətdə uşaqlıq yolundan yaxıcı qanlı ifrazatların əmələ gəlməsi.

Spiraldan istifadə olunan bütün müddət ərzində (hormonal spirallar üçün, məsələn, Mirena)

  • Spiralın yerləşdirilməsindən bir neçə ay sonra aybaşıların tamamilə yox olması;
  • Aybaşılar arasındakı müddətdə qanlı ifrazatlar

Uşaqlıq daxili spiraldan hansı hallarda istifadə etmək tövsiyə olunmur?

Uşaqlıq daxili spiralın əsas kontrasepsiya üsulu kimi istifadəsi hər bir qadın üçün mümkün deyil. Bir çox digər hamiləliyin qarşısını alan üsullar kimi, spiralların da öz əks-göstərişləri vardır.

Beləliklə, spiraldan istifadə aşağıdakı hallarda qadağandır və ya arzuolunmazdır:

  • Təsdiqlənmiş cinsi infeksiya və ya cinsiyyət orqanlarının iltihabı, uşaqlıq boynunun eroziyası olan qadınlara;
  • Cinsiyyət orqanlarında şişlər olan qadınlara (uşaqlıq xərçəngi, uşaqlıq boynunun xərçəngi);
  • Uşaqlığın və ya uşaqlıq boynunun inkişafında qüsurlar olan qadınlara;
  • Yeniyetmə qızlara;
  • Doğum keçirməmiş qadınlara;
  • Çoxlu cinsi partnyorların olması halında.

Spiralın yerləşdirilməsi üçün əks-göstərişləri həkim ginekoloq müəyyən edir. Yalnız mütəxəssis individual olaraq spiralın yerləşdirilməsinin nə dərəcədə təhlükəsiz olduğunu müəyyən edə bilər.