Hamiləliyin 11-ci həftəsi

 

Bu həftədə adətən birinci prenatal skrininq təyin edilir.
• Uşağın çəkisi təxminən 7 qramdır.
• Uşağın boynu bərkiyir, körpə artıq başını qaldıra bilir.
• Gələcək anada maddələr mübadiləsi dörddə bir dəfəyə qədər intensivləşir.

 Dölün inkişafı

Uşağın çəkisi təxminən 7 qramdır. O, artıq hərəkət edir, lakin ana hələ ki, təkanları hiss edə bilmir. Uşağın boynu bərkiyir, körpə artıq başını qaldıra bilir. Diafraqmanın formalaşması prosesi hıçqırma ilə müşayiət oluna bilər. Qaraciyər böyüyüb inkişaf edir. Qan yaratma funksiyalarını icra edən orqan da məhz qaraciyərdir. Uşağın qanı hələ ki, böyük adamın qanı kimi deyil. Axı onun tərkibində yalnız qırmızı qan cisimləri (eritrositlər) var. Uşaq daha mütənasib görünür, amma onun əlləri hələ ki, ayaqlarından daha uzundur.

Ananın vəziyyəti

Birinci trimestrin sonuna yaxın gələcək anada maddələr mübadiləsi dörddə bir dəfəyə qədər intensivləşir. Indi onun orqanizminə hamiləlikdən qabaqkı dövrlə müqayisədə daha çox qida maddələri və daha çox maye tələb olunur, çünki sirkulyasiya edən qanın həcmi də xeyli artmışdır. Hamiləlik hormonları əvvəlki kimi, yenə də həzmə təsir göstərib onu ləngidir (qəbizlik halları mümkündür), buna görə də çəki artımı hələ ki, azdır. Bundan başqa, iştaha toksikoz və göynəmə də mənfi təsir göstərir. Hormonların çox olması nəticəsində damaqlar daha həssas olur və qan sızmalar ola bilir. Bunun öhdəsindən necə gəlməli olduğunuzu Sizə stomatoloq deyər.

Həkim qəbulu

Bu həftədə adətən birinci prenatal skrininq təyin edilir. Əslində ana müayinənin nəticələrindən asılı olmayaraq uşağı daşıyacağına əmindirsə, bu prosedurdan imtina da edə bilər. Lakin qadın əvvəllər hamiləlik dövründə problemlərlə üzləşmişdirsə (dölün inkişaf qüsurları, inkişafdan qalan hamiləlik), onun yaşı 40-dan çoxdursa və ya ailəsində patologiyası olan uşaqların dünyaya gəlmə halları olmuşdursa, skrininqdən imtina etmək məsləhət deyil. Unutmamalıdır ki, o, heç də həmişə 100 % dəqiq nəticə vermir: müayinə vaxtı ananın və dölün vəziyyətinə xeyli amillər təsir göstərir. Çox vaxt skrininqin pis nəticələrinə baxmayaraq, sonralar tamamilə sağlam uşaqlar doğulur.

Hamiləliyin ağırlaşmaları

Hamilə qadının anamnezində genetik anomaliyalar və ya qüsurlu uşaqların dünyaya gətirilməsi halları vardırsa, ananın yaşı 35-dən yuxarıdırsa (ilk hamiləlikdə), həmçinin skrininq inkişafında anomaliyalar olan uşağın dünyaya gəlmə riskinin yüksək olduğunu göstərdisə, həkim xorion xovların biopsiyasını təyin edə bilər. Alət uşaqlıq boynundan və ya qarın boşluğunda mikrodeşiklə uşaqlığa yeridilir. Bu kimi manipulyasiyalar zamanı uşaqsalma riski az (təxminən 1-2%) olur. Döl kisəsi punksiyası (amniosentez) kimi, xorion xovların biposiyası da xromosom yayınmalarını, məsələn, Daun sindromunu aşkar etməyə imkan verir. Analiz (onun nəticələri təxminən bir həftə sonra məlum olur) ciddi anomaliyaları aşkar edərsə, onda hamiləliyi birinci trimestrin sonuna qədər kəsmək imkanı hələ qalır.

Pəhriz

Həftədə ən azı bir dəfə dəniz məhsullarından istifadə etmək məsləhətdir, çünki onlar Omeqa-3 turşularının əvəzolunmaz mənbəyidir. Lakin dəniz məhsullarınını heç də hamısı eyni dərəcədə faydalı deyil: rasionda köpək balığı, kral skumbriyası, qızıl (və ya) mərcan balığı olmamalıdır. Termik emaldan keçməmiş balığı (suşi, stroqanin) yemək olmaz. Tərkibində hipotetik olaraq mikroorqanizmlərin və ya parazitlərin ola bildiyi yeməklərdən (qanlı ət, pasterizə olunmamış kəsmik, çiy yumurta) uzaq olun. Hamilə qadınlar üçün vitaminlərin qəbulu ilə bağlı həkimlə məsləhətləşin. Hamilə qadınlara tərkibində dəmir, kalsium, yod, folium turşusu və beta-karotin olan preparatlar daha faydalıdır.