Yüklənir...

Hamiləliyin 18-ci həftəsi

Hamiləliyin 18-ci həftəsi

 Körpənin çəkisi artıq 150 qramdır
• Dölün təpədən büzdüm sümüyünə qədər uzunluğu təxminən 14 sm-dir
• Çəki xeyli dərəcədə artmışdır: hər həftə çəki artımı 500 qramadək arta bilir
• İkinci prenatal skrininq – “üçqat test” etməyin vaxtıdır.

Dölün inkişafı

Körpənin çəkisi artıq 150 qramdır. Dölün təpədən büzdüm sümüyünə qədər uzunluğu təxminən 14 sm-dir. Uşağın cinsi sistemi formalaşmaqda davam edir. Qız uşağının uşaqlığı və fallopiya boruları qarın boşluğunda artıq öz yerini tutmuşdur. USM-də oğlan uşağının cinsiyyətini fərqləndirmək mümkündür. Körpənin baş beyin qabığı aktiv surətdə inkişaf edir, onda qırış və şırımlar yaranır. Uşağın endokrin sistemi öz işinə başlayır: artıq böyrəküstü vəzlər və qalxanvari vəz fəaliyyət göstərməkdədir. Anada hormonal fon qaydada deyilsə, körpə çatışmayan hormonların təminatını qismən öz üzərinə götürə bilər. Lakin bu, uşağın endokrin sistemində pozuntulara səbəb ola bilər.

Ananın vəziyyəti

Çəki xeyli dərəcədə artmışdır. Hər həftə çəki artımı 500 qramadək arta bilər. Hamiləlik dövründə qan təzyiqinin aşağı olması normal haldır. Başgicəllənmə riskini həmişə yadda saxlamaq və stuldan və ya yataqdan ehtiyatla, kəskin hərəkətlərə yol vermədən durmaq lazımdır.

HAMİLƏLİYİN AĞIRLAŞMALARI

Orqanizmin ümumi tonusunu yaxşılaşdırmaqda qaynar çay və ya konfet kömək edər. Varikozun inkişafının qarşısını almaq üçün kompression alt paltarı geyinməli, xüsusi məşqləri yerinə yetirməli, uzun müddət hərəkətsiz oturmamalıdır. Yuxulayarkən ayaqlarınızın altına balaca yastıq qoyun ki, ayaqdan qan axını təmin edilsin. Həmçinin qan təzyiqi aşağı olduqda və varikoz zamanı kontrast duş qəbul etmək və ayaqlara buz kimi su tökmək də olar. Həkimlər Çin xalq təbabətində istifadə olunan bir məşq da tövsiyə edirlər. Bu zaman “mirvari çayının dibi ilə 108 addım addımlamaq”, yəni buz kimi suyu ayaqlara yönəltməklə 108 dəfə vannanın dibi ilə addımlamaq lazımdır.

Həkim ziyarəti

18-20-ci həftədə ikinci prenatal skrininq keçirilir. Bu USM zamanı həkim artıq gələcək körpənin cinsini bildirə bilir. Dölün cinsinin erkən vaxtlarda təyin edilməsinin müsbət tərəfləri daha çox psixoloji xarakterlidir. Hamilə qadınların əksəriyyəti balaca oğlan və ya qız uşağını təsəvvür etdikdə, doğuşa daha asan hazırlaşırlar. Cinsin təyin edilməsi həm də körpə üçün paltarın rənginin və adının seçilməsində köməklik edəcəkdir. Evdə böyük uşaqlar olduqda, onları bacı və ya qardaşın dünyaya gəlişinə hazırlamaq olar. Digər tərəfdən, kimin dünyaya gələcəyini bilmək anaya çox vaxt doğuş zamanı güc verərkən daha fəal olmaqda köməklik edir ki, bu da çox vacib amillərdəndir.

DİAQNOSTİK MÜAYİNƏLƏR

Proqesteron hormonuna görə damarlarda tonusun azalması, habelə uşaqlığın daxili orqanlara təzyiqi və orqanizmdə sirkulyasiya edən qanın həcminin artması nəticəsində venaların varikoz genişlənməsi baş verir. Hamilə qadın varikoza meylli olduqda, həkim adətən koaquloqram və hemostazioqram təyin edir. Bu analizlər qanın qatılaşmasını nəzarətdə saxlamaq imkanı verir. Həmin müayinələri çox güman ki, hamiləliyin sonuna qədər həkimə baş çəkərkən hər dəfə təkrarlamaq lazım gələcəkdir.

Əvvəlki həftə Sonrakı həftə