Hamilə qadınlarda varikoz

Siz yəqin ki, varikoz xəstəliyi haqqında artıq eşitmisiniz. O venaların dayanıqlı və bərpa olunmaz şəkildə genişlənməsi və bunun nəticəsi kimi normal qan dövranının pozulması ilə bağlıdır. Venaların varikoz dəyişiklikləri daha çox bədənin aşağı hissəsində müşahidə olunur – ayaqlarda, cinsiyyət orqanlarında, kiçik çanaqda. Belə dəyişikliklərin yaranması üçün ən əlverişli amillərdən biri – hamiləlikdir. Əlbəttə, bu o demək deyil ki, hamilə olan kimi siz bu xəstəliklə mütləq üzləşməli olacaqsınız: hamiləlik zamanı varikozun olduğunu qadınların yalnız yarısı özündə müşahidə edir. Əgər qadın ondan əvvəllər də əziyyət çəkibsə, çox güman ki, hamiləlik dövründə xəstəlik daha da güclənməyə başlayacaqdır.

 Hamiləlik zamanı varikozun yaranma səbəbləri

Hamiləlik zamanı venaların varikozu gələcək ananın orqanizmində, onun bədən quruluşunda və qadının həyat tərzindəki dəyişikliklər nəticəsində inkişaf edir. Bu xəstəliyi əmələ gətirən bəzi spesifik amillər mövcuddur:

  1. Hormonal fon dəyişiklikləri. Hamiləlik zamanı uşaqlığın əzələlərini boşaldan progesteronun səviyyəsi artır, lakin onun “yan təsiri” də var: qan damarları divarlarının boşalması. Nətəcədə qalxan venalar qanı aktiv şəkildə daşıya bilmir və damarların daha da çox genişlənməsinə gətirib çıxaran durğunluq başlayır – çıxılmaz vəziyyət!
  2. Yüksək vena təzyiqi – hamilə qadınlarda qan daha duru olur. Bu dölün qanla daha yaxşı təchiz olunması üçün lazımdır. Lakin venalar üçün bu o qədər də yaxşı deyil: onların dayanıqlı genişlənməsi əmələ gəlir.
  3. Trombların əmələ gəlməsinin çoxalması – bu yolla orqanizm doğuşa hazırlaşır ki, qadın ciftin (plasentanın) qopmasından sonra həddindən çox qan itirməsin. Lakin əgər varikoz xəstəliyi artıq başlayıbsa, trombozlara olan meyllik vəziyyəti yalnız pisləşdirəcəkdir.
  4. Fiziki aktivlik səviyyəsinin azalması – hamilə qadınlar hər hansı bir gimnastika etməkdən çox uzanmağa üstünlük verirlər. Lakin əgər əks göstərişlər yoxdursa gimnastika ilə mütləq məşğul olmaq lazımdır! Və ya piyada uzun gəzintilərə çıxmaq lazımdır.  Bunlar qan dövranını yaxşılaşdırır və venaların varikoz genişlənməsinin profilaktikası kimi xidmət edir. 

Hamiləlik zamanı varikozun növləri

Varikozun müxtəlif növləri vardır. Hamiləlik zamanı daha çox rast gəlinənləri nəzərdən keçirin:

  • hamiləlik zamanı qasıq nahiyəsində olan varikoz – qasıq nahiyəsində şişmiş venaların əmələ gəlməsi, qadın bu nahiyədə “partlama” hiss edir;
  • hamiləlik zamanı uşaqlıq varikozu – irsi meylliyin və qabırğalarla qarın arasında olan venaların artan fəaliyyətinin nəticəsidir. Həmçinin davamlı iltihabi proseslər, abortlar, menstrual dövrün pozulmaları və s. nəticəsində əmələ gələ bilər;
  • hamiləlik zamanı uşaqlıq yolunun varikozu – qadınların (hansıların ki, ana və nənələri ayaq venalarının genişlənməsindən əziyyət çəkmişlər) kifayət qədər yayılmış xəstəlik formasıdır;
  • hamiləlik zamanı ayaqlarda olan varikoz – bu xəstəliyin ən yayılmış formasıdır.

Varikozun müalicəsi

“Maraqlı vəziyyətdə” olan qadınlara venaların varikoz genişlənməsinin müalicəsi üçün istifadə olunan hər bir üsul tətbiq edilə bilməz. Məsələn, radikal, lakin ən təsirli üsullar sayılan skleroterapiya(xüsusi dərmanların inyeksiyaları) və cərrahi müdaxilə –– hamilə qadınlar üçün tamamilə qadağandır. Onları həmçinin növbəti iki il ərzində ana olmağa hazırlaşan qadınlara da tətbiq etmək olmaz, çünki o zaman xəstəliyin residivindən(ağırlaşmasından) qaçmaq demək olar ki, mümkün olmayacaqdır.

Ona görə də, hamiləlik zamanı varikoza qarşı həm gələcək ana, həm də körpə üçün təhlükəsiz olan yeganə vasitələr – kompression paltarlar (xüsusi corab və kolqotlar) geyinməkdir və müxtəlif yerli tətbiq üçün istifadə edilən vasitələrdir (kremlər, mərhəmlər). Əgər həkim sizə kompression və qolf corablarıni geyinməyi tövsiyə edibsə, onları doğuş dövründə də geyinmək lazım olacağına hazır olun – bu vaxt trombozun inkişaf etmə riski çoxalır. 

Varikoz olduqda doğuş necə keçir?

Venaların varikoz genişlənməsi – hamiləlik və uşaq dünyaya gətirmək üçün heç də əks göstəriş sayıla bilməz. Sizə sadəcə öz sağlamlığınıza daha diqqətli yanaşmaq lazımdır. Həkim trombozun və venaların iltihabının profilaktikasını təklif edəcəkdir. Həmçinin doğuşun hansı üsul ilə aparılacağı sualı da ortaya çıxır – təbii yoxsa keysər kəsiyinin köməyi ilə. Buna siz ginekoloq və fleboloq ilə birgə qərar verəcəksiniz. Mümkün olduğu halda, üstünlük həmişə təbii doğuşa verilir. Lakin doğuşdan əvvəl, doğuş sancıları zamanı qanın geri atılmasının qarşısını almaq üçün, sizə mütləq kompression corablar taxılacaq və ya ayaqlarınızı elastik bintlərlə sarıyacaqlar.

Doğuşdan sonra varikoz yox olurmu?

Çox adamı maraqlandıran məsələ: əgər hamiləlik zamanı həkim “varikoz” diaqnozunu qoymuşdursa, doğuşdan sonra nə gözləmək olar – sağalma və ya əksinə, vəziyyətin kəskinləşməsi? Bu suala birmənalı cavab heç kim verə bilməz, hətta müalicə edən həkim belə. Hər şey sizin orqanizminizin xüsusiyyətlərindən asılıdır. Bəzi qadınlar doğuşdan sonra venaların varikoz genişlənməsinin nə olduğunu unudurlar (heç olmasa müəyyən müddətə), başqaları isə - bundan əziyyət çəkməyə və bu problemi aradan qaldırmaq üçün üsullar axtarmağa davam edir. Beləliklə, doğuşdan sonra varikozu necə müalicə edirlər?

Bügünkü gündə tibb elmi venaların varikoz genişlənməsinin 2 müalicə yolunu təklif edə bilər: konservativ – dərman vasitələrinin köməyi ilə və operativ – cərrahi müdaxilə yolu ilə.

Doğuşdan sonra çox vaxt qadında varikozdan başqa vena tromboflebiti, vena divarlarının iltihabı və vena trombozu inkişaf edir. Simptomlar adətən eynidir: venaların gərginliyi, əl ilə yoxladıqda ağrı hissləri, bədənin zədələnmiş sahəsində dəri qızartıları, hətta temperaturun çoxalması. Əgər bütün bu xoşagəlməz halları siz özünüzdə müşahidə edirsinizsə, təcili olaraq həkimə müraciət edin və hazır olun ki, o sizin xəstəxanaya yerləşdirilmənizi təyin edəcəkdir.

Bu vaxt sizə yataq rejimi lazımdır və ayaqlar günün böyük hissəsində bir az qaldırılmış vəziyyətdə olmalıdır. Bu dövrdə dərman vasitələri ilə müalicəyə gəldikdə, bu hallarda adətən sulfanilamidlər, antibiotiklər, iltihab əleyhinə vasitələr, və zərürət yarandıqda, ağrı kəsici dərmanlar təyin edilir. Bəzən bu problemlə həkimlər, qanın laxtalanmasının qarşısını alan dərmanların – koaqulyantların köməyi ilə mübarizə aparırlar. Bir xüsusiyyət vardır: uşaqlıqdan qan axmanın qarşısını almaq üçün, onları ən tezi doğuşdan 3 gün sonra qəbul etmək olar.

Hamiləlik zamanı vena varikozunun profilaktikası

Həmişə olduğu kimi, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Ona görə də, hər bir qadına, onda bu xəstəliyə meylliyin olub olmamasından asılı olmayaraq, hamiləlik zamanı varikozun profilaktika ölçüləri haqqında bilmək lazımdır.

Əgər siz, nə də yaxınlarınız bu problemlə heç vaxt üzləşməmişsinizsə, siz bütün gününüzü ayaq üstə keçirmirsinizsə və sizdə artıq çəki yoxdursa – venaların varikoz genişlənməsinin profilaktikası sizin üçün çətin olmayacaqdır. Lakin əgər bütün bu “ağırlaşdırıcı” amillər mövcuddursa, profilaktiki ölçülərə ikiqat səylə müraciət etmək lazımdır: bu həqiqətən də yaxşı nəticələr verir.

Yeri gəlmişkən, unutmayın ki, hər bir növbəti hamiləlik varikozun yaranma və inkişaf etmə riskini çoxaldır.

Ayaqlarda şişmiş vena “düyünlərinin” (hətta kiçik olsalar da belə) əmələ gəldiyini gördünüzsə, fleboloqa və ya cərraha müraciət edin: həkim bütün hamiləlik dövrü ərzində və bir müddət doğuşdan sonra sizə nəzarət edəcəkdir.

Hamiləlik zamanı varikozun qarşısını necə almaq olar

Şəhərdə davamlı (2 saatdan az olmayaraq) piyada gəzintiləri gündəlik vərdişinizə çevirin. Bu baldır əzələləri üçün yaxşı idmandır, həmçinin yerimə zamanı qan dövranı da xeyli yaxşılaşır. Lakin güclü istilər zamanı evdə qalmaq daha yaxşı olar.

Daha bir yaxşı variant – üzgüçülükdür: bu həm fiziki yüklənmədir, həm də özünəməxsus bir su masajıdır. O, həmçinin sizin qarınınızın böyüməsi ilə daha böyük yüklənmələrə məruz qalan onurğanıza yaxşı təsir göstərir. Sizin üçün kontrast duş da faydalı ola bilər, ancaq temperaturlar arasında fərq çox böyük olmamalıdır, əks halda siz özünüzü pis hiss edə bilərsiniz (varikoza görə deyil, sadəcə sizin “maraqlı vəziyyətinizə” görə). Öz hisslərinizə arxalanın. 

Ayaqqabı seçiminə diqqətlə yanaşın. Heç bir hündür daban ayaqqabı olmamalıdır! Əgər hər şeyə baxmayaraq yenə də dabanlı ayaqqabıya üstünlük verirsinizsə, o zaman o alçaq (hündürlüyü 3-5 sm-dən artıq olmayaraq) və dayanıqlı olmalıdır. Onun üzərində ayağı sıxan və əzən rezinlər, düyünlər və bağlar olmamalıdır – bu qan dövranını pozur. Bu həmçinin corabların dar rezinlərinə də aiddir.

Gün ərzində müntəzəm olaraq 15-20 dəqiqə ayaqları bir az hündür vəziyyətdə saxlayaraq uzanmaq lazımdır. Filmlərdə amerikalılıarın ayyaqlarını masanın üzərinə qoyaraq oturmalarını görmüsünüz? Biz bunu qəbuledilməz hesab edirik, amma baxın görün bu varikozun profilaktikası üçün necə əla bir üsuldur! Mütləq deyil ki, ayaqlarınızı masanın üzərinə atasınız, amma yumşaq yastıq bu işə daha yaxşı yarıyar.

Yalnız sol böyrü üstə yatmağı vərdiş edin: bu uşaqlığın, sağ tərəfdə yerləşən venaya olan təzyiqini azaldır və ayaqlarda venoz təzyiqi kiçildir. Qarnınızın altına kiçik bir yastıq qoyun, bu çox rahatdır.

Hamiləlik zamanı varikozun profilaktikası və eləcə də yaxşı əhvalınız üçün “durma-oturma-uzanma” vəziyyətlərində keçirdiyiniz vaxtı gün ərzində bölüşdürməyə çalışın. İstənilən ifratçılıq qəbuledilməzdir: əldən düşənədək yerimək, nə də ki, 10 saat dalbadal divanda uzanmaq lazım deyil.

Bir ayağı digər ayağın üstünə ataraq oturmayın, xüsüsən də alçaq oturacaqda.

Öz qidalanmanızı tənzimləyin. Birincisi, bağırsağın fəaliyyətini qaydaya salmaq vacibdir, ikincisi isə venaların durumuna, haqqında aşağıda danışacağımız xüsusi qidalanma rejimi yaxşı təsir göstərir.

Varikoz zamanı pəhriz

Maye qəbuluna diqqət yetirin: onun həcmi çox olmalıdır. Buraya su, şirələr, şorbalar, və tərkibində çoxlu su olan tərəvəzlər (məsələn, xiyar 97% sudan ibarətdir) daxildir. Qara üzüm şirəsi çox xeyirlidir: gündə onun yarım stəkanı trombositlərin fəallığını 75% azaldacaqdır.

Qanın laxtalanma qabiliyyətini quşüzümü, kərəviz, soğan, sarımsaq, kivi, gilas, pomidor azaldır.

Bundan əlavə qanın qatılığını azaltmaq və damar divarlarının elastikliyini yüksəltmək üçün sizə yod lazımdır. O dəniz məhsullarının (xüsusən də, dəniz kələmində) və yodlaşdırılmış duzun tərkibində vardır.