Hamiləlik zamanı qəbizlik: nəticələri, müalicəsi və profilaktikası

Hamiləlik – qadının həyatında çox vacib bir dövrdür. Gözəl cinsin nümayəndəsi ürəyinin altında uşaq gəzdirdiyini bildikdə çoxlu müsbət emosiya keçirir. Lakin hamiləlik dövründə onun hansı sürprizlərlə qarşılaşacağı haqqda onun bəlkə heç təsəvvürü belə yoxdur. Lakin, çox təəsüf ki, hər bir qadın 40 həftə ərzində xoşagəlməz sürprizlərlə də üzləşməli olur. Onlardan biri hamiləlik zamanı qəbizlikdir. Diskomfort hissləri verməklə bərabər o həmçinin hamilə vəziyyətində olan qadın üçün təhlükəlidir.

 Hamiləlik zamanı qəbizlik simptomları

Hər bir insanda defekasiyaların tezliyi fərqlidir. Kimdəsə bağırsağın boşalması gündə 2-3 dəfə baş verir, başqasında isə - 2 gündən bir. Bu normal hesab olunur. Qəbizlikdən bir çox insan əziyyət çəkir, lakin gələcək analar bu problemlə daha çox üzləşir.

Hamiləlik zamanı qəbizliyin əsas simptomları:

  • defekasiyaların tezliyinin azalması;
  • nəcis miqdarının azalması;
  • nəcisin quru və bərk olması;
  • defekasiyadan sonra bağırsağın tam şəkildə boşalmaması hissinin olması.

Hamilə vəziyyətində olan qadınlarda bütün bu əlamətlər  və ya onların bəziləri təzahür olunur.

Hamiləlik zamanı qəbizliyin səbəbləri

Uşaq gözləyən bəşəriyyatın gözəl hissəsinin təmsilçilərində qəbizlik səbəbləri müxtəlif ola bilər. Onlardan biri – orqanizmdə progesteronun səviyyəsinin çoxalmasıdır. Bu horman bağırsaq əzələlərinə rahatlaşdırıcı təsir göstərir (onun peristaltikası pozulur, hipotoniya əmələ gəlir).

Erkən dövrlərdə hamiləlik zamanı qəbizliyə dəmir və kalsium səbəb ola bilər. Bu faydalı mikroelementlər hamiləlik vəziyyətində olan qadınlara çox lazımdır. Hətta bəzən həkimlər xüsusi olaraq onlar üçün tərkibində dəmir və kalsium olan dərmanlar təyin edirlər.

Hamilə qadınlar az hərəkətli həyat tərzi keçirirlər. Bəziləri uşaq salma təhlükəsi olduqda yataq rejiminə riayət edirlər. Məhz fiziki fəallığın az olması qəbizliyin səbəbi ola bilər.

Hamiləlik zamanı gələcək ana öz qidalanmasına fikir verməlidir. Maye çatışmamazlığı səbəbindən bağırsağın boşalması ağır və çətinliklə keçə bilər.

Hamiləlik zamanı qəbizlik anusa aid olan nahiyənin xəstəlikləri nəticəsində əmələ gələ bilər. Məsələn, anusun çartı və ya babasil bu xoşagəlməz hala səbəb ola bilər.

Hamiləlik stresslər olmadan keçmir. Onlar orqanizmin fiziki cəhətdən yenidən qurulması, doğuş qorxusu, irəlidən gələn yuxusuz gecələr haqqında fikirlər və başqa qayğılardan əmələ gəlir. Həyəcan defekasiyaların tezliyinə mənfi təsir edir.

Hamiləlik zamanı qəbizlik nə ilə təhlükəlidir?

Əvvələr gec və ağır boşalmadan heç vaxt əziyyət çəkməyən qadınlar bu problemlə hamiləliyin erkən dövründə üzləşə bilərlər. Onlardan bir çoxu hamiləlik zamanı qəbizlikdən son dövrlərdə əziyyət çəkirlər. Bu xoşagəlməz hal izsiz keçib getmir. Qəbizlik gələcək analar və hələ dünyaya gəlməmiş uşaq üçün böyük təhlükə törədir.

Boşalma ilə bağlı çətinliklərə görə qidanın parçalanması nəticəsində əmələ gələn zərərli maddələr qadının orqanizmində yubanır. Onlar bağırsaqda olarkən onun divarlarından keçərək qana sorulurlar. Bu anaya və dölə mənfi təsir göstərə bilər.

Qəbizlik bir çox diskomfort hissləri əmələ gətirə bilər. Hamiləlik vəziyyətində olan qadın qarında ağırlıq və ağrı hiss edə bilər. Bütün bunlar arzuolunmaz həyəcan və pozğunluqlar əmələ gətirə bilər.

Bir çox qadını belə bir sual narahat edir: hamiləlik zamanı qəbizlik olduqda gücənmək olar yoxsa yox? Uşağın bətndə bəslənməsi dövründə gücənmələr arzuolunmazdır.   Əgər qadın hərdən bir və az güclə gücənməli olursa bu ciddi problemlər əmələ gətirəsi deyil. Müntəzəm şəkildə müşahidə olunan qəbizlik onunla təhlükəlidir ki, qarın əzələlərinin gərginləşməsi babasilin yaranmasına və ya uşaq salmaya gətirib çıxara bilər.

Bağırsağın içindəki maddələrin (nəcis) durğunluğu ağırlaşmalar əmələ gətirə bilər. Məsələn, proktosiqmoidit (düz və siqmavari bağırsağın iltihabı), təkrar kolit, paraproktit ( düz bağırsaq ətrafındakı toxumanın iltihabı), anusun çartı uzun müddət davam edən qəbizliyin nəticəsində əmələ gələ bilər.

Hamiləlik zamanı qəbizliyə qarşı məhsullar

Hamiləlik zamanı qəbizlik olduqda nə etməli olduğunu hər bir qadın bilmir. Onun müalicəsində böyük rolu qida məhsulları oynayır. Hamilə qadın öz rasionuna tərkibində bağırsağın boşalmasına kömək edən maddələr olan qida daxil etməlidir. Həmçinin qəbulu qəbizliyin əmələ gəlməsinə gətirib çıxaran qidalar haqqında da bilmək lazımdır.

Bağırsağın boşalmasına aşağıdakılar kömək edir:

  • çiy meyvə və tərəvəzlər;
  • qara çörək;
  • tərkibində böyük miqdarda kəpək olan çörək;
  • quru meyvələr (xüsusən də qara gavalı);
  • qarabaşaq, yulaf, arpa yarmaları;
  • tərkibində böyük miqdarda birləşdirici toxumalar olan ət.

Bu hamiləlik zamanı qəbizliyə qarşı məhsulları öz menünuza daxil etməniz tövsiyə edilir.

Qəbizlikdən və qarının köpməsindən şikayətlənən hamilə qadınlar qida lifləri ilə zəngin olan qidanın qəbulunu məhdudlaşdırmalıdırlar və ya tamamilə rasiondan çıxarmalıdırlar.

Çoxlu qaz əmələ gətirən ispanaqdan, quzuqulağından(türşəng), kələmdən, paxlalılardan  imtina etmək lazımdır.

Öz rasionunuzdan imkan daxilində sürtgəcdən keçirilmiş bəzi yeməkləri (xüsusən də manna və düyü sıyığını), qatı konsistensiyalı maddələri (məsələn, selikli şorbalar) çıxarmaq lazımdır. Bəzi gələcək analar hamiləlik zamanı qəbizliyin kakao və tünd qara çaydan olub olmadığını bilməyərək bu içkiləri qəbul edirlər. Əslində onları öz menünuzdan götürsəniz yaxşı olar, çünki onlar bağırsağın boşalmasına yalnız mane olurlar.

Hamilə qadın gündə 1,5-2 l maye qəbul etməlidir. Bu adi su, şirələr, turş süd məhsulları ola bilər. Nəzərə almaq lazımdır ki, bu qədər mayeni yalnız əks göstərişlərin (ürək xəstəliklərinin və ya şişlərin) olmadığı təqdirdə qəbul etmək olar. 

Hamiləlik zamanı qəbizliyə qarşı dərmanlar

Hamiləlik zamanı qəbizliyə qarşı demək olar ki, bütün həblər zərərlidir. Əksər dərmanların tərkibinə daxil edilən maddələr qalın bağırsağın reseptorlarını qıcıqlandırırlar. Bu onun peristaltikasının güclənməsinə səbəb olur. Hamilə qadınlarda dərman vasitələri uşaqlıq tonusunun yüksəlməsinə və onun yığılmasına, və bunun nəticəsi kimi uşaq salmaya səbəb ola bilər. Dərmanlar uşaq salmaya, dölün inkişafında pozuntulara səbəb ola bilər. Sağlam uşaq dünyaya gətirmək istəyən gələcək ana həkimin göstərişi olmadan dərmanlar qəbul etməməlidir. Yalnız mütəxəssis müəyyən edə bilər ki, hamiləlik zamanı qəbizliyi dərmanlarla müalicə etmək lazımdır yoxsa onlarsız da keçinmək olar.

Hamiləlik zamanı qəbizliyin profilaktikası

Hamilə qadınlar bəzi profilaktik ölçülərə riayət etsələr qəbizliklə üzləşməyə də bilər.

  • İlk növbədə öz qidalanmanıza diqqət yetirməlisiniz. Rasiona sellülozla zəngin olan məhsullar daxil olmalıdır. O həzm prosesini yaxşılaşdırır. Yaxşı olardı ki, gündəlik menünuzda sulu yeməklər (məsələn, sıyıq və ya borş) olardı. Rasiondan qəbizliyin əmələ gəlməsinə səbəb olan məhsulların çıxarılması tövsiyə olunur.
  • İçmə rejiminə xüsusi diqqət yetirmək lazımdır. Bir çox gözəl cinsin nümayəndələri şişlərin əmələ gəlmə təhlükəsinə görə çoxlu miqdarda maye qəbul etməkdən çəkinirlər. Bu qətiyyən düzgün deyil. Hamilə qadın kifayət qədər su içməlidir. Duzlu məhsulların qəbulunu dayandırmaq lazımdır. Bu onun üçün lazımdır ki, duz orqanizmdə suyu yubatmasın.
  • Hamiləlik zamanı güclü qəbizliyin qarşısını almaq üçün daha çox hərəkət etmək lazımdır. Müasir analar az hərəkətli həyat tərzi keçirirlər. Bəziləri artıq hərəkətin uşağa zərər verəcəyini düşünərək hərəkət etməkdən qorxurlar, başqaları isə daha çox sosial şəbəkələrdə yazışmalarla məşğuldur. Fiziki aktivliyin olmaması həzm sürətinin azalmasına səbəb olur. Əlbəttə, hamiləlik vəziyyətində qaçış və ya hər hansı başqa bir çətin məşqlə məşğul olmaq mümkün deyil, lakin təmiz havada gəzintilər, adi piyada yerimə haqqda unutmaq lazım deyil.

 

Sonda qeyd etmək lazımdır ki, hamiləlik vəziyyətində olan qadın üçün çətin boşalmanın qarşısını almaq üçün ən yaxşı variant – profilaktikadır. Əgər hamiləliyin erkən dövrlərində və ya daha sonrakı dövründə qəbizliklə üzləşməli olubsunuzsa, xalq təbabəti vasitələrindən də istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, onların heç də hamısı təhlükəsiz deyil.

Həkimə müraciət etməkdən qorxmayın. O sizə hamiləlik zamanı qəbizliyə qarşı yaxşı və təhlükəsiz vasitə tövsiyə edə bilər və zərurət yarandıqda sizə dərman preparatı təyin edib, onu necə qəbul etmək lazım olduğunu izah edəcəkdir.