Hamiləlik vaxtı piqmentasiya

Hamiləlik vaxtı qadının orqanizmində güclü dəyişikliklər baş verir: hormonal fonun pozulması, daxili orqanların fəaliyyətinin yenidən qurulması. Bunların hamısı gələcək ananın emosional və fizioloji vəziyyətinə təsir göstərir. Dərinin ayrı-ayrı sahələrində dəri rənginin dəyişikliyi müşahidə olunduqda isə bu hamiləlik zamanı piqmentasiyadan xəbər verir.

 

Piqmentasiya nədir?

Piqmentasiya – dəri rənginə görə cavabdeh olan melanin piqmentinin həddindən artıq hasil olunması nəticəsində dəri sahələrinin tünd və ya açıq rəng almasıdır. Əmələ gələcək ləkələrin açıq və ya tünd rəngdə olması gələcək ananın dəri rəngindən asılıdır. Adətən sarışın qadınlarda daha tünd ləkələr əmələ gəlir, qarayağızlarda isə əksinə.

Piqmentasiya əsasən harda olur?

Hamiləlik zamanı piqment ləkələri üz nahiyəsində (alında, çənədə, gözlərin ətrafında, yanaqların və üst dodağın yuxarı hissəsində), budların içəri tərəfində, süd vəzilərin məmələrindəqarında əmələ gələ bilər. Ən çox piqmentasiya hamiləliyin üçüncü rübündə özünü büruzə verməyə başlayır. Qarında bu dəri rənginin dəyişikliyi göbəkdən qasıq nahiyəsinədək uzanan qəhvəyi zolaq şəklini alır.  Bu hər bir qadında mövcud olan Alba zolağıdır, sadəcə hamiləlik zamanı o daha aydın görünməyə başlayır. Məməciklər daha tünd-qəhvəyi rəng alırlar. Çox vaxt bu hal artıq doğuşdan sonra müşahidə olunur, halbuki bütün hamiləlik dövrü ərzində qadın öz zahiri görünüşündə heç bir dəyişikliklər görmür.

Adətən üz nahiyəsində piqmentasiyanın əmələ gəlməsinə “hamilə qadının maskası” adlandırırlar. Bu ləkələr qəhvəyi rəngə və düzgün olmayan formaya malik olurlar. Bəzən onlar alın üzərindən bir gicgahdan digərinə kimi olan tağa bənzəyirlər.Əgər sizin çillənməyə meylliyiniz varsa, hamiləlik dövründə onların əmələ gəlməsi güclənə bilər. Və bu hamiləlik zamanı piqmentasiyanın özünəməxsus təzahürü olacaqdır.

Piqment ləkələrinin yaranma səbəbləri

Sizin tanışlarınız sizi üzünüzdə ləkələrlə görüb, “Ay, səndə qız olacaqdır. Anasının bütün gözəlliyini götürübdür” deyəndə təəccüblənməyin. Lakin bu xalq əlaməti heç də həmişə həqiqətə uyğun olmur. Ləkələr bətndə bəslənən körpənin cinsindən asılı olmayaraq da əmələ gələ bilər.

Hamiləlik zamanı dəridə piqmentasiyanın əsas səbəbi –hormonal pozuntudur. Hamıya məlumdur ki, körpənin bətndə saxlanılması və hamiləliyin qorunması üçün bu pozuntu həyati əhəmiyyətə malikdir, ona görə də ləkələrin əmələ gəlməsinə dözmək də olar.

Üz nahiyəsi, qarında, məməciklərdə olan piqmentasiyanın səbəbi həmçinin genetika da ola bilər. Əgər hamiləlik zamanı sizin ananızda da bu cür təzahürlər olmuşdursa, demək siz də risk qrupuna daxilsiniz.

Bundan başqa, bunun səbəbi stress ola bilər. O həmişə ananın və körpənin orqanizmlərinə mənfi təsir göstərir, o cümlədən piqmentasiya formasında da.

Bütün hamilə qadınlara birinci gündən fol turşusunu və tərkibində onun olduğu məhsulları qəbul etmək tövsiyə olunur. Çox vaxt bu vitaminin çatışmamazlığı piqment ləkələrinin əmələ gəlmə səbəbi olur. Lakin dəridə ləkələrin əmələ gəlməsini görən kimi səylə hamilə qadınlar üçün nəzərdə tutulmuş vitaminlər qəbul etmək lazım deyil. İlk növbədə siz həkimlə məsləhətləşməlisiniz.

Piqment ləkələri nə vaxt yox olacaq?

Hamiləlik zamanı sizin orqanizminizdə olan istənilən dəyişiklik – müvəqqəti haldır. O cümlədən də piqmentasiya. 9 ay ərzində baş verən bütün dəyişikliklər vaxt keçdikcə çıxıb gedir: doğuşdan əvvəlki çəki qayıdır, qarın əzələləri əvvəlki vəziyyətinə qayıdır, hormonal fon qaydaya düşür. Və 2-3 ay ərzində əmələ gəlmiş bütün piqment ləkələri yoxa çıxır.

Ona görə də hamiləlik zamanı onlarla güclü mübarizə aparmamaq da olar, onlar özü vaxt gələndə yoxa çıxacaqlar. Lakin, hətta piqment ləkələri doğuşdan sonra getməsələr belə, müasir kosmetologiyanın və tibbin inkişafı sayəsində onlardan azad olmaq və özünə əvvəlki gözəlliyi qaytarmaq (bu haqqda daha konkret bir az sonra danışacayıq) imkanı vardır.

Piqment ləkələrdən necə qurtulmaq olar?

İstənilən qadın gözəl olmaq istəyir, xüsusən də hamiləlik dövründə. Və, əlbəttə ki, dəridə ləkələrin əmələ gəlməsi faktı gələcək ananı məyus edir. Üz nahiyəsi, qarın və sinə üzərindəki piqmentasiyadan tamamilə qurtulmaq çətin ki mümkün olsun. Lakin tünd sahələrin rəngini bir az açmaq mümkündür.

Unutmayın ki, kosmetik vasitələrin istifadəsi ilə bağlı qəbul edilən hər bir qərarınız yalnız mağazadaki satıcı-konsultantla deyil, həkiminizlə razılaşdırılmalıdır. Çünki birinci baxışdan tamamilə təhlükəsiz görünən bir vasitə körpənin inkişafına çox pis təsir göstərə bilər.

Yəni, ləkələrlə mübarizədə siz xüsusi kremlərdən və maskalardan istifadə edə bilərsiniz. Salona prosedura yazılmaq olar. Lakin hamilə olduğunuzu mütləq deyin.

Hamiləlik zamanı sinə, üz və qarındakı piqment ləkələri ilə mübarizədə xalq təbabəti vasitələri kifayət qədər effektiv və zərərsizdirlər.

Bir neçə faydalı maskaların reseptləri ilə bölüşürük:

  • Soyuducuda olan turş süd məhsullarından olan maska. 15 dəqiqəliyinə piqmentli sahələrə vurun, sonra isə isti su ilə yuyub təmizləyin;
  • tər xiyarlardan olan salatı hamı sevir. Birini maska üçün saxlayın. Onu sürtkəcdən keçirin, sıyığı ləkələrin üzərinə qoyun. Üz üçün bu yalnız ləkələrdən qurtulmaq və dəri rənginin açılması deyil, həm də dərinin qidalanmasıdır;
  • blenderdə xırdalanmış cəfəridən (kök və yarpaqları) də istifadə etmək olar. Sizə bu sıyığın şirəsi lazım olacaqdır. Xırdalanmış cəfərini tənzifin üzərinə qoyun və bu kompressi bədənin zədələnmiş sahələrinə qoyun;
  • dəri üzərinə 20 dəqiqəliyinə qoyulmuş qreypfrut da yaxşı kömək edir.

Hər bir maskadan sonra sizin dəri tipinizə uyğun olan kremdən istifadə edin. Lakin, yenə də xatırladırıq ki, bütün ləkələr doğuşdan sonra keçib gedəcəkdir. Onlardan qurtulmağa çalışarkən həddindən artıq canfəşanlıq etməyin.

Aşağıdakıları tətbiq etmək olmaz:

  • kimyəvi pilinq və lazer cilalanması;
  • tərkibində böyük miqdarda A vitamini olan vasitələr.

Qeyd etmək istərdik ki, hamiləlik zamanı gündə qaralmanın ləkələri azaldacağına və ya ört-basdır edəcəyinə dair fikir yanlışdır. Gündə qaralma tamamilə əks təsir göstərir.

Hamiləlik zamanı ləkələrin əmələ gəlməsinin qarşısını necə almaq olar?

Orqanizmdəki dəyişikliklər, əlbəttə ki, qaçılmazdır, lakin orqanizmi vitaminlərlə və təmiz hava ilə zənginləşdirmək tamamilə mümkün məsələdir. Düzgün qidalanma, sağlam həyat tərzi, yaxşı istirahət – hamiləliyin normal gedişatı üçün əsas tələblərdir. Bu həmçinin haqqında bu gün danışdığımız ləkələrin əmələ gəlməsinin qarşısını alır.

 Lakin piqmentasiyanın profilaktikası üçün daha bir neçə faydalı tövsiyələr vardır:

  1. Gündəlik rasionunuzda göyərti, tərəvəz, meyvə, giləmeyvə, balıq, ət və yarmanın olmasına fikir verin. Bütün bu məhsullar orqanizmi lazım olan vitaminlərlər zənginləşdirəcəkdir. Yaşıl, yarpaqlı tərəvəzlərin istifadəsi daha məqsədəuyğundur, menünuza bitki yağı əlavə edin;
  2. Birbaşa gün şualarından çəkinin. Əgər bu mumkün deyilsə, mütləq qoruyucu pomada və bədən üçün krem alın;
  3. Sizə əvvələr tanış olmayan kosmetikanın istifadəsi ilə risk etməyin. Hamiləlik zamanı bu yalnız piqmentasiyaya deyil, həm də allergik reaksiyalara səbəb ola bilər;
  4. Kifayət qədər maye qəbul edin;
  5. Kofe və qara çay içməyin;
  6. Stressli vəziyyətlərdən uzaq olun;
  7. Ginekoloqunuzun endokrinoloqu ziyarət etmənizlə bağlı tövsiyəsinə etinasızlıqla yanaşmayın. O sizin qalxanvari vəzinizin fəaliyyətini izləyəcək. Onun fəaliyyətindəki pozulmalar da ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

Doğuşdan sonra ləkələrlə mübarizə

Artıq söylədiyimiz kimi,qarın, sinə və üzdəki piqment ləkələri doğuşdan sonra öz-özünə çıxıb gedir. Bu adətən 2-3 ay ərzində baş verir. Lakin maksimal gözləmə müddəti – bir ildir. Əgər bir ildən sonra hamiləlik zamanı zədələnmiş sahələr öz görünüşünü dəyişməyibsə, o zaman mütəxəssisin (dermatoloq, terapevt və ginekoloq) konsultasiyasına düşmək lazımdır. Bu piqmentasiyanın əmələ gəlməsinin əsl səbəbi ola biləcək xəstəliklərin olub olmadığını müəyyən etməyə imkan verəcəkdir.

Əgər heç bir xəstəlik yoxdursa, o zaman doğuşdan sonrakı piqment ləkələrindən qurtulmağa sizə peşəkar gözəllik salonunda kömək edəcəklər. Sizə yalnız uyğun gələn proseduru seçmək lazım olacaqdır.

Əgər körpə döşlə yedizdirilirsə, dəri rənginin açılması üsulunu seçdikdə siz mütləq pediatrla məsləhətləşməlisiniz. Prosedur ana ilə olduğu kimi, uşaq üçün də təhlükəsiz olmalıdır.

Piqmentasiyadan qurtulmanın ən effektiv və təhlükəsiz üsulları arasında müalicəvi kremləri və lazeri qeyd etmək olar. Sizinlə ilkin konsultasiya keçiriləcək və bütün prosedurlarla bağlı məlumat veriləcək yaxşı bir salon seçin.

Köməyinizə həmçinin yuxarıda danışdığımız xalq təbabəti vasitələri də gələ bilər. Lakin onları salon prosedurlarına əlavə ikinci dərəcəli vasitələr kimi istifadə etmək daha yaxşı olar.

Sonda söyləmək olar ki, piqment ləkələri – hamilə qadının orqanizmindəki dəyişikliklər nəticəsində müəyyən sahələrdə (qarın, sinə, üz) yaranan dəri rənginin dəyişiklikləridir. Bu hal ilə mübarizə aparmaq olar, lakin əvvəlcə həkim ilə məsləhətləşmək lazımdır. Bu haqqda həyəcan keçirməyə, əlbəttə ki, dəyməz, çünki doğuşdan sonra onlar öz-özünə çıxıb gedir. Əgər onlar getməsələr belə, kosmetik vasitələrin və mütəxəssislərin əllərinin təsiri altında onlar asanlıqla müalicə olunur.

Hamilə qadın istənilən vəziyyətdə gözəldir və

ona öz əhvalını xırda şeylərə görə pozmağa dəyməz.