Yüklənir...
• Embrionun uzunluğu həftənin əvvəlində təxminən 0,36 mm, sonunda - 1 mm-ə yaxın olur.
• Həftənin sonuna yaxın körpənin başı formalaşır.
• Xorionik qonadotropin hormonu hasil olunmağa başlayır.
•Aptek testləri hələ ki, xorionik qonadotropin hormonunu (hamiləlik hormonu) təyin etməyə qadir deyil.
Dölün inkişafı
Bu həftədə embriondankənar adlanan orqanların – xorion, amnion və sarı kisə inkişaf etməyə başlayır. Bunlar gələcək uşağı qida, tənəffüslə təmin etmək, kənar təsirlərdən müdafiə etmək üçün lazımdır. Embrionun özünün uzunluğu həftənin əvvəlində təxminən 0,36 mm, sonunda - 1 mm-ə qədərdir. Formaya görə o, üç embrion yarpaqlarından ibarət olan diskə bənzəyir. Daxili yarpaq (endoderma) ağciyər, qaraciyər, həzm sisteminin, mədəaltı vəzin yaradılmasına cavabdehdir. Orta yarpaq (mezoderma) skeletin, əzələ sisteminin, böyrəyin, qan damarlarının və ürəyin inkişafına görə cavbadehlik daşıyır. Xarici yarpaqdan (ektodermadan) gələcəkdə uşağın dərisi, tükü, gözü, diş emalı və sinir sistemi yaradılacaqdır. Bu həftənin sonuna yaxın körpənin başı formalaşır.
Ananın vəziyyəti
Əksər qadınlarda hamiləliyin ilk günlərində izah olunmayan qıcıqlanma, yüksək yorğunluq meydana gəlir, süd vəzləri şişir, gilələr həssaslaşır. Buna səbəb yumurtalıqdan çıxan yumurta hüceyrəsinin yerinə orada yaranan sarı cisimdir. Sarı cisim gələcək anada hormonal fonu dəyişdirən progesteron hasil edir. Bundan başqa, ana orqanizmi yeni hormon – xorionik qonadotropini (XQ) hasil etməyə başlayır. Bu hormon orqanizmdə embrion uşaqlığın divarlarına implantasiya edildikdən sonra əvvəlcə qadının qanında, bir müddət sonra isə sidiyində yaranır.
DİQQƏTLİ OLUN!
Qan analizinin köməyi ilə ananın orqanizmində xorionik qonadotropin (XQ) hormonunun təsbitini hamiləliyin 10-cu günündə müəyyən etmək mümkündür. Lakin bu dövrdə hamiləliyi təsdiqləmək üçün həkimə müraciət etmək üçün çox tezdir. Aptek testləri sidikdə XQ-in olub-olmadığını mayalanmadan yalnız 2-2,5 həftə sonra müəyyən edə bilir. Buna görə də, aptek testi 4-cü həftənin sonunda iki xətti göstərməmişdirsə, bu nəticə hələ hamiləliyin olmaması demək deyil. Testlər saxlama şəraitinə əməl edilmədikdə və ya yoxlama qatının həssaslığı zəif olduqda səhv nəticə göstərə bilir. Yadda saxlamaq lazımdır ki, aptek testləri səhər-səhər, XQ-in sidikdə miqdarı çox olduqda daha doğru nəticəni göstərir.
RİSK AMİLLƏRİ
Alkoqol və siqaret gələcək ananın heç yaxşı vərdişləri deyil. Hamiləliyin 3-4-cü həftəsinədək bu vərdişlər dölün inkişafına təsir göstərmir, çünki döl hələki öz xüsusi ehtiyatları hesabına qidalanaraq inkişaf edir. Lakin hamiləlik ehtimalı varsa, spirtli içkilərdən və siqaretdən imtina etmək mütləqdir. Həmçinin rentgen müayinələrini və annotasiyasında hamiləlikdə əks göstəriş olan preparatların qəbulunu da istisna etmək lazımdır.
Paylaş: