Yüklənir...
• Körpənin kəllə sümüyü və əmgəyi bərkiyir.
• Plasentanın yetkinlik dərəcəsindən uşağın əhvalı asılıdır.
• Hamiləliyin artıq müddət davam etməsi qanın analizinə görə və dölyanı suları işıqlandırmaqla müəyyən olunur.
Dölün inkişafı
Bu dövrdə hamiləlik çox vaxt artıq müddət davam etmiş olur. Kəllə sümüklərinin və əmgəyinin bərkiməsi baş verir ki, nəticədə körpənin başı doğuş yollarında irəliyə doğru hərəkət edərkən öz formasını çətinliklə dəyişdirə biləcəkdir. Lakin bu həmişə baş vermir. 40 həftədən artıq davam edən hamiləlik gecikmiş doğuş olmaya da bilər. Bu normal bir hamiləlik də ola bilər. Həkimlər o zaman hamiləliyin artıq müddət davam etdiyini söyləyə bilərlər ki, hamilə qadının menstrual tsikli 30 gündən çox olsun (deyilənlərə görə, qadın uşağı 10 tsikl daşımalıdır, odur ki, dövr nə qədər çox olsa, hamiləlik də bir o qədər artıq davam edər). Həmçinin o hamiləliyin artıq müddət davam etdiyini söyləmək olar ki, bu zaman ovulyasiya (və mayalanma) tsiklin sonuna təsadüf etmiş olsun. Körpəni artıq müddət daşıma xüsusiyyəti irsi (ana) xətti ilə də ötürülə bilər.
Ananın vəziyyəti
Xalq arasında belə deyilir: “ömürlük hamilə olmayacaqsan”. Çox güman ki, həkim qadın pasiyentinə bu deyimi 42 həftədən çox hamiləliyin olmamasına görə deyir. Böyük ehtimal o, doğumu tezləşdirməyi təklif edəcəkdir. Körpənin inkişafı başa çatmışdır, plasenta öz funksiyasını yerinə yetirmiş və “yorulmuşdur”, buna görə uşaq faydalı maddələri getdikcə daha az alır. Bətndaxili həyatın davam etməsi artıq təhlükə yarada bilər.
Doğum
Plasenta qocalmağa başlamışdırsa və uşaqlıq boynu əvvəlki kimi bərkdirsə, nazikləşməyibsə və açılmayıbsa, həkimlər doğuş fəaliyyətini tezləşdirməyə cəhd edə, yəni hormonlar (prostoqlandinlər) yeridə, döl kisəsini deşə və ya laminar yosununun köməyi ilə açılmanı sürətləndirə bilərlər. Bu yosun uşaqlıq boynuna yerləşdirilir və şişir, bununla da onu açır. Doğum fəaliyyətini klizma da bir qədər oyadır. Bir çox doğum evlərində qadınlara doğumdan əvvəl klizma təklif edirlər. Doğum artıq başlamışdırsa, amma proses çox ləng gedirsə, həm də körpənin sağlamlığı üçün təhlükə yaranırsa, həkim doğumu oksitosin yeritməklə tezləşdirə bilər.
Həkim qəbulu
Plasentanın yetkinlik dərəcəsi USM-nin köməyi ilə təyin olunur. Plasentanın yetkinliyinin dörd dərəcəsi fərqləndirilir: 30 həftəyə qədər – sıfır, 27 həftədən 34 həftəyə qədər – birinci, 34 həftədən 39 həftəyə qədər – ikinci, 37 həftədən başlayaraq üçüncü. Plasentanın qocalması (4-cü yetkinlik dərəcəsi) normada hamiləliyin 39-cu həftəsində başlayır. Bu arada dölə daha az miqdarda oksigen və qida maddələri daxil ola, metabolizm məhsullarının ifrazı prosesi ləngiyə bilər. Lakin plasentanın qocalması (hətta vaxtından bir qədər tez də qocalması) doğuşun tezləşdirilməsinin səbəbi ola bilməz. Doğuşun tezləşdirilməsi və keysəriyyə üçün əsas ilk növbədə uşağın vəziyyətinin pisləşməsidir. Həkimlər qeyd edirlər ki, çox vaxt plasentanın qocalması diaqnostikası hələ 33-36-cı həftədə edilir, lakin bu zaman körpənin kardiotokoqrafiyasının göstəriciləri yaxşıdırsa, hamiləlik normal hesab olunur və təbii doğuş başlayanadək uzadılır.
Hamiləliyin ağırlaşmaları
Hamiləliyin artıq müddət davam etdiyini qanın analizinə görə, süd vəzlərindən ifraz olunan sekretin analizinə görə, habelə amnioskopiyanın köməyi ilə dölyanı suları işıqlandırmaqla müəyyən etmək olar. Amnioskopiya zamanı uşaqlıq yoluna, sonra da uşaqlıq boynuna xüsusi fənər yeridilərək kisəyə “işıq salınır”, bununla da suların şəffaflığı təyin olunur. Sularda mekonium varsa, bu, dölün hipoksiyasından xəbər verə bilər. Həmçinin ultrasəs skan və dopplerometriya da (plasentaya qan axınını təyin etmək üçün) aparıla bilər. Hamiləliyin artıq müddət davam etməsinin nəticələri çox ciddi ola bilir. Uşaq anasının bətnində həddindən artıq çox “oturursa”, nəfəs aldıqda, qeyri-ixtiyari olaraq dölyanı sular daxil ola bilər ki, bu da ağciyərdə ciddi problemlərə səbəb ola bilər. Hamiləliyin artıq müddət davam etməsinə səbəb yumurtalıqların hipofunksiyası, əlavələrin xroniki iltihabı, piy mübadiləsinin pozulması, habelə mədə, böyrək və qaraciyər xəstəlikləri ola bilər.
Paylaş: