Yüklənir...

Hamiləliyin 3-cü həftəsi

Hamiləliyin 3-cü həftəsi

• Embrion hələ ki, yalnız bir hüceyrə toplusudur

• Mayalanmadan 6-7 gün sonra yumurta uşaqlığın divarlarına yapışmağa başlayacaqdır

• Bu zaman yod preparatı, fol turşusu və E vitamini qəbul etməyə başlamaq olar

Dölün inkişafı

İnkişafın erkən vaxtlarında embrion hələ insana oxşamır. Daha çox hüceyrə toplusuna bənzəyir. Onu yalnız ən güclü mikroskop altında görmək mümkündür. Yumurta hüceyrəsi ilə spermatozoidin qovuşması nəticəsində (uşağın cinsini məhz spermatozoid təyin edir) ziqota formalaşır. Bu, hüceyrədir. Gələcəkdə uşaq orqanizminin 100 min mlrd. hüceyrəsinin hamısı ondan inkişaf edəcəkdir. Ziqota bölünməyə və eyni zamanda uşaqlıq borusu ilə uşaqlığa doğru hərəkətə başlayır. Mayalanmanın 3-cü günü mayalanmış yumurta 16 hüceyrədən, daha iki gündən sonra isə 250 hüceyrədən ibarət olur. 6-7-cı gün döl yumurta qan damarlarını uşaqlığın selikli qişasına “bitişdirməyə” başlaycaqdır ki, gələcək uşaq qida ilə təmin olunsun. Növbəti həftədən etibarən inkişaf üçün lazım olan bütün maddələri embrion anadan almağa başlayacaqdır.

Ananın vəziyyəti

Hamiləliyin ilk əlamətləri - döşlərdə yüksək həssaslıq, ağrı və yorğunluqla meydana gəlir. Lakin qadın unutmamalıdır ki, belə dəyişikliklər menstruasiya qabağı da yarana bilir. Mayalanmadan sonra ilk günlərdə ana orqanizmi “erkən hamiləlik amili” adlanan (ingiliscə EPF) maddə ifraz etməyə başlayır. Bu maddə ananın immun sisteminin dölün fərqli gen strukturuna malik olan hüceyrələrinə qarşı hücumların qarşısını almağa imkan verir.

DİQQƏTLİ OLUN!

Hamiləlik planlaşdırırsınızsa, onda tsiklin 3-cü həftəsində fol turşusu, E vitamini və yod preparatı qəbul etməyə başlamaq olar. Hamiləlik təsbit edildikdə 3-cü həftənin sonuna yaxın bazal temperaturun qrafiki ovulyasiya dövründə olduğu kimi, subfibril (təxminən 37 dərəcə) temperatur göstərəcəkdir. Temperatur normaya düşərsə, bu, o deməkdir ki, mayalanma baş verməmişdir. Lakin bazal temperaturun bir qədər artması təkcə hamiləlikdən deyil, yüngülvari soyuqdəymədən də xəbər verə bilir.

RİSK AMİLLƏRİ

Ovulyasiyadan sonra, xüsusən də hamiləliyin başlaması ehtimalı olduqda, rentgen etmək, güclü təsirə malik preparatlar (məsələn, virusəleyhinə, psixotrop və s. preparatlar) qəbul etmək olmaz. Gələcək ananın qəbul etdiyi bütün dərman vasitələrinin adlarını yazmaq yaxşı olar – hamiləlik başlayarsa, bu siyahını ilk qəbul zamanı qadın məsləhətxanasının həkiminə göstərmək məsləhətdir.

Əvvəlki həftə Sonrakı həftə