Hamiləlik zamanı cinsiyyət orqanlarının qaşınması

Qaşınma – əsəb sonluqlarının daimi olaraq qıcıqlanması nəticəsində dərini və selikli qişaları güclü qaşımaq tələbatı ilə təzahür olunan narahatedici hissdir. Bu cür hisslərin əmələ gəlməsinin bir sıra səbəbi ola bilər, və bunun üçün müvafiq olaraq müxtəlif müalicə tələb olunur. Cinsiyyət orqanlarının qaşınması hamilə qadınlarda kifayət qədər tez-tez rast gəlinir və başlıca olaraq hormonal fon ilə əlaqəlidir. Güclü hormon dəyişiklikləri orqanizmin müdafiə qabiliyyətini azaldır, uşaqlıq yolunun mikroflorasında dəyişikliyə gətirib çıxarır və patogen mikroorqanizmlərin çoxalmasına kömək edir.

 Hamiləlik zamanı qaşınmanın yaranma səbəbləri

Əksər hallarda qaşınma ayrıca patologiya deyil, hər hansı başqa bir xəstəliyin simptomudur. Qaşınmanın bütün yaranma səbəblərini dörd qrupa bölmək olar:

  • Ətraf mühitin cinsiyyət orqanlarına təsiri;
  • Cinsiyyət orqanlarının patologiyası;
  • Başqa daxili orqanların patologiyası;
  • Ruhi(psixiki) amillər.

Birinci qrupa (ətraf mühitin təsiri) aiddir:

  1. İnfeksiyalar;
  2. İntim gigiyena qaydalarının pozulması, vaxtı vaxtında duş qəbul etməmə, gündəlik bezlərin gec-gec dəyişdirilməsi;
  3. Mexaniki qıcıqlandırıcılar (sərt sintetik alt paltarlarının geyilməsi, uşaqlıq yolunun tez-tez şırınqa ilə yuyulması, aromatlaşdırılmış gündəlik bezlərin müntəzəm istifadəsi);
  4. Temperatur təsiri (güclü və davamlı soyuma və ya qızma).

Daxili cinsiyyət orqanlarının patologiyası ilə bağlı səbəblər:

  1. Uşaqlığın və onun boynunun iltihabi xəstəlikləri zamanı patoloji ifrazatlar;
  2. Sidik-cinsiyyət fistulları olduqda sidiyin tez-tez ifraz olunması ilə bağlı cinsiyyət orqanlarının qıcıqlanması.

Qaşınma əmələ gətirə bilən digər daxili orqanların xəstəliklərinə aşağıdakıları aid edirlər:

  1. Şəkərli diabet;
  2. Böyrəklərin, sidik axarlarının və sidik kisəsinin xroniki xəstəlikləri;
  3. Anemiya (qanazlığı);
  4. Qaraciyərin xroniki xəstəlikləri;
  5. Qalxanvari vəz xəstəlikləri.

Ruhi(psixiki) amillərə aşağıdakıları aid edirlər:

  1. davamlı stresslər;
  2. depressiyalar;
  3. qarşıdan gələn doğuşla bağlı qorxu.

Qaşınma meydana gəldikdə diaqnostika

Cinsiyyət orqanlarının qaşınması meydana gəldikdə bu haqqda dərhal mama-ginekoloqa xəbər vermək lazımdır. Həkim qaşınmanın əmələ gəlmə səbəblərini müəyyən etmək üçün bir sıra diaqnostik müayinələr aparacaqdır:

  1. Cinsiyyət orqanlarının və aralıq sahəsinin müayinəsi. Müayinə zamanı şişkinlik, kiçik və böyük cinsiyyət dodaqlarının qızartısını, çox saylı qaşınma yerlərini üzə çıxarmaq olar;
  2. Qanın ümumi analizi;
  3. Qanın biokimyəvi analizi;
  4. Flora ilə bağlı ifrazatlardan yaxma;
  5. Sidiyin ümumi analizi;
  6. Helmint yumurtaların olub olmaması ilə bağlı nəcis analizi;
  7. Xüsusi sahə üzrə mütəxəssislərin konsultasiyası (terapevt, uroloq, endokrinoloq, psixiatr).

Hamiləlik zamanı qaşınma əmələ gətirən xəstəlik simptomları

Qaşınmanın ən çox rast gəlinən yaranma simptomları yoluxucu xəstəliklərdir:

  1. Kandidoz. Onu Candida tipli mayavari göbələklər əmələ gətirir. Kandidoz üçün xoşagəlməz qoxusu olan kəsmikvari ifrazatlar, cinsiyyət orqanlarında qaşınma və yandırma, sidik ifrazı və cinsi əlaqə zamanı ağrı hissləri xarakterikdir;
  2. Bakterial vaginoz. Vaginozun yaranması normal uşaqlıq yolu mikroflorasının şərti-patogen (qardnerepllar) mikroflora ilə əvəz olunması ilə bağlıdır. Əsas simptomlara iylənmiş balıq iyini xatırladan kəskin xoşagəlməz qoxulu boz ifrazatlar, güclü qaşınma və yandırma aiddir;
  3. Genital herpes. Əvvəlcə qaşınmanın və yandırmanın məhdudlaşdırılmış sahələrdə meydana gəlməsi, sonra isə suluqlu səpkilərin yaranması ilə təzahür olunur;
  4. Trixomoniaz. Bu cinsi yolla keçirilən xəstəlikdir. Cinsiyyət orqanlarında qızartının, qaşınmanın, xoşagəlməz qoxulu ifrazatların, sidik ifrazı zamanı ağrının əmələ gəlməsi ilə xarakterizə olunur;
  5. Xlamidioz. Xəstəlik çox vaxt simptomsuz keçə bilər və ya güclü olmayan qaşınma ilə təzahür oluna bilər.

Çox vaxt hamilə qadınlarda cinsiyyət orqanlarının qaşınmasını parazitar xəstəliklər əmələ gətirir:

  1. Qotur. Bu qoturluq gənəsinin əmələ gətirdiyi xəstəlikdir. O gecə vaxtı şiddətlənən güclü qaşınma ilə müşahidə olunur;
  2. Qasıq pedikulyozu (qasıq biti). Yoluxma cinsi və məişət (ən çox eyni bədən və yataq dəyişəyinin istifadəsi zamanı) yolu ilə baş verir;
  3. Qurd invaziyaları. Helmintlər olduqda qaşınma ən çox anus nahiyəsində, aralıq sahəsində əmələ gəlir, sonra isə cinsiyyət orqanlarına keçir.

Qaşınmanın əmələ gəlməsi həmçinin uşaqlıq boynunun, uşaqlığın özünün və onun törəmələrinin (yumurtalıqların, uşaqlıq borularının) iltihabi xəstəlikləri üçün də xarakterikdir. Bu xəstəliklərə aşağıda göstərilənlər xasdır:

Çox vaxt cinsiyyət orqanlarının qaşınması şəkərli diabet olduqda əmələ gəlir. Bu xəstəlik qanda və sidikdə şəkərin səviyyəsinin kəskin şəkildə yüksəlməsi, güclü yanğı hissi, sidiyin daha tez-tez ifraz olunması ilə xarakterizə olunur. Qaşınmanın əmələ gəlməsi sidiyin tərkibində qlükozanın çoxalması ilə bağlıdır, intim gigiyena pozulduqda sidiyin qalıqları cinsiyyət orqanlarının üzərində qalır, dərini qıcıqlandırır və yandırma hissi yaradır.

Qaşınma həmçinin qaraciyər və öd yolları xəstəlikləri (əsasən hepatit zamanı) üçün də xarakterikdir. Bu patologiya sağ qabırğanın altında ağrıların olması, temperaturun yüksəlməsi, sidiyin tündləşməsi, nəcisin açıq rəng alması, dərinin sarımtıl rəngi ilə təzahür olunur. Qaşınmanın əmələ gəlməsi öd fermentlərinin həddindən artıq hasilatı ilə bağlıdır: dəridə yığılaraq onlar onun saralmasına və kəskin qaşınmasına səbəb olur.

Sidik yollarının xəstəlikləri zamanı qaşınma qıcıqlandırıcı təsirə malik olan sidik cövhərinin böyük miqdarda hasil olunması nəticəsində inkişaf edir. Bu patologiya növünə aşağıda göstərilənlər xasdır: sidiyin ifraz olunması zamanı ağrı, bel nahiyəsində və qarının aşağı hissəsində ağırlıq, poliuriya (sidik miqdarının coxalması) və ya əksinə, sidik ifrazının kəskin şəkildə yubanması.

Qalxanvari vəz xəstəlikləri (onun funksiyalarının zəifləməsi və ya güclənməsi) hormonal fonun əhəmiyyətli dərəcədə pozuntularına gətirib çıxarır. Hormonların səviyyəsində dəyişikliklər cinsiyyət orqanlarının selikli qişalarının sekresiyasına mənfi təsir göstərir, yandırma və qaşınma hissi əmələ gətirir.

Hamiləlik zamanı qaşınmanın müalicəsi

Müalicə, ilk növbədə qaşınmanı əmələ gətirən əsas patologiyanın aradan qaldırılmasına yönəldilməlidir. Unutmamaq lazımdır ki, hamiləlik zamanı əksər dərman preparatlarının qəbulu qadağandır. Heç bir halda özbaşına müalicə ilə məşğul olmaq olmaz, bununla ananın və uşağın sağlamlığına düzəldilməsi mümkün olmayan ziyan vurmaq olar. İstənilən dərman preparatlarının qəbulu yalnız həkimin konsultasiyasından sonra və onun göstərişi ilə başlamalıdır.

Qaşınmanın müvəqqəti aradan qaldırılması üçün aşağıdakı üsullardan istifadə etmək olar:

  1. İntim gigiyena qaydalarının dəqiqliklə riayət olunması. Gündə 2-3 dəfədən az olmayaraq duş qəbul etmək və cinsiyyət orqanlarını yumaq tövsiyə olunur. Çobanyastığı, dazı otu, palıd qabığı, nanə həlimlərindən istifadə etmək olar. Tualet sabunundan istifadə etmək məsləhət görülmür;
  2. Cinsi əlaqələrdən bir müddətlik imtina etmək (cinsiyyət orqanlarının daha da qıcıqlanmasına səbəb olur);
  3. Pəhrizə riayət etmə. Gündəlik rasiondan acı yeməkləri, bütün ədviyyatları və qatqıları, hisə verilmiş məhsulları və konservləri çıxarmaq lazımdır;
  4. Gündə 1-2 dəfə oturaq vəziyyətdə vannalar (çobanyastığı və ya adaçayı həlimində)qəbul etmək.

Diqqət! Bütün göstərilən üsullar yalnız müvəqqəti təsirə malikdir, əsas xəstəliyin müalicəsi olmadıqda qaşınma yenidən qayıdacaqdır.

Yaranmasının profilaktikası

Hamiləlik zamanı cinsiyyət orqanlarında qaşınmanın əmələ gəlməsinin qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:

  1. Mama-ginekoloqun müayinəsindən keçmək, hamiləliyin planlaşdırılması zamanı həyat yoldaşınızla birgə gizli infeksiyaların olub-olmaması ilə bağlı analizlər vermək;
  2. Xroniki xəstəliklərin aşkar olunması və onların mayalanmadan öncə müalicəsi üçün xüsusi sahə üzrə mütəxəssislər tərəfindən tam tibbi müayinədən keçmək;
  3. Müntəzəm intim gigiyenaya riayət etmək;
  4. Yalnız təbii parçalardan olan alt paltarı geyinmək;
  5. Soyuq vaxtı həddindən artıq soyumaya imkan verməmək;
  6. Hamilə qadınlar üçün polivitamin komplekslərininqəbulu.